|
Ermənistanın işğalçılığı ilə bağlı petisiyaya necə səs verək?
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.

Müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Administrasiyaya AŞ PA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.
 
Qaydalara görə, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər.
AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və s. bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.
Petisiyanı imzalamaq üçün
 

 
linkinə daxil olmaq lazımdır.
 
Daha sonra sağda yerləşən boşluqlara ardıcıl olaraq öncə ad, soyad, e-mail adres, sonda isə poçt indeks kodunu yazıb, “sign now” sözünə tıklanmalıdır.
 
Petisiyanı imzalamağınızla bağlı sizin qeyd etdiyiniz e-mail adresinizə təsdiqləmə mesajı gələcəkdir. Həmin maili açıb “Confirm your signature by clicking here” yazısına tıklayaraq, səs vermiş olursunuz.
 
Qeyd edək ki, aprelin 6-da başladılan imza kampaniyasını artıq 70 mindən çox şəxs imzalayıb. 
 
Ağ Evin rəsmi internet saytında yaradılan bu cür petisiya 100 min səs topladığı halda,  ABŞ prezidenti Barak Obamanın həmin petisiya ilə bağlı bəyanat yayması gözlənilir.

Petisiya ilə bağlı koordintorlardan biri olan, 1905.az saytının direktoru Fuad Babayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, artıq yığılan səslər 70 minə çatıb. Müsahibimizin sözlərinə görə, cəmiyyətdə bununla bağlı maarifləndirmə də gedib. Hazırda ali təhsil müəssisələrində, bölgələrdə keçirilən tədbirlər buna xidmət edir. Aprelin 11-də isə Dövlət Dillər Universitetinin akt zalında tələbələr üçün tədbir keçirilib və bu barədə məlumat verilib. Bu tədbirlər silsilə xarakter daşıyır və hər gün müxtəlif ali tədris ocaqlarında keçiriləcək. 
Cia.az