Xəzər Televiziyasının prezidenti Hüseyn Dinləməz vəzifəsindən azad edilib. AzərPeyk-ə telekanaldakı mənbənin verdiyi məlumata görə, 2 gün öncə televiziya əməkdaşları ilə vidalaşanH.Dinləməz onlardan hallalıq alıb və işlərində uğurlar diləyərək gedib.
Mənbə bildirib ki, əslində bu proses 2015-ci ilin əvvəllərindən start verilib. Sadəcə Televiziyanın yeni binasının tamamlanması üçün məsələ bir az uzanmalı olub.
Xəzər TV rəhbərliyi Fətullah Gülənə yaxınlığı ilə tanınıb. Ərdoğanın Bakı səfəri zamanı bu məsələ müzakirə edilmişdi. Hüseyn Dinləməzin həmin vaxt azad edilməsi gözlənilirdi. Lakin digər rəhbər şəxslərin azad edilməsi ilə proses dayandırılmışdı. Yaxın günlərdə, Gülənə yaxın digər şəxslərin də telekanaldan uzaqlaşdırılacağı gözlənilir.
Mənbə bunu da qeyd edib ki, Dinləməz artıq Azərbaycanı tərk edib. Türkiyədə onu təhlükə gözlədiyi üçün bir başa Avropaya üz tutub. Hazırda onun yeri boşdur. Hələki, heç bir namizəd təklifi irəli sürülməyib!
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında münasibətlərin gərginləşməsindən sonra qardaş ölkədə “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlayıb. Ərdoğan təkcə Türkiyədə deyil, Fətullah Gülənin digər ölkələrdə, o cümlədən Azərbaycandakı dayaqlarını sıradan çıxarmaq istəyir. Bununla bağlı Ərdoğanla Azərbaycanın dövlət başçısı Ilham Əliyev arasında bir neçə dəfə müzakirələr aparıldığı barədə məlumatlar var. Elə bu müzakirələri nəticəsidir ki, Azərbaycan hakimiyyətində “gülən şəbəkəsi”nə bağlı olduğu iddia edilən, bir neçə tanınmış şəxs sıxışdırılıb. Lakin Ərdoğanın bununla kifayətlənmədiyi deyilir. Qısası, Ərdoğan “paralel yapı” məsələsinə çox həssasdır və Azərbaycandan da “gülənçilər”ə qarşı ciddi mübarizə aparmağın vacibliyini bildirir.
Cia.az
