|
25 manata adam bıçaqlayan şikayətçidir - Bakıda
Bakıda 25 manata adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Mikayılov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. 
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib. Hazırlıq iclası aprelin 12-nə təyin edilib.
 
Qeyd edək ki, hadisə keçən il Sabunçu rayonunda baş verib. R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Abdullayevə R.Mikayılov pulunun olmadığını bildirib. Daha sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. R.Mikayılov bıçağa əl atıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Cia.az