|
Ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyinetmə ilə necə uzlaşacaq?
Ermənistan-Azərbaycan cəbhə xəttində hərbi əməliyyatların səngiməsi diplomatik səylərin önə keçməsi ilə müşahidə olunur. Bu arada Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair heç bir yeni sənəd yoxdur. Sadəcə, tərəflərin müzakirə etdikləri həmsədrlərin təklifləri var. 
Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının  üç prinsipini xatırladıb: gücdən istifadə etməmə, millətlərin öz müqəddəratını müəyyən etmə hüququ və ərazi bütövlüyü. Altı elementə gəlincə isə o deyib: “Altı elementdən iki ən əsası torpaqların qaytarılması və Dağlıq Qarabağın statusunun həllidir və ya əksinə, Dağlıq Qarabağın statusunun həlli və torpaqların qaytarılmasıdır. Bu iki məsələ bir yerdədir, vahiddir. Elementlərə həmçinin qaçqınların qayıtması, Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək koridorun eni və statusu daxildir”.
Sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi məsələsinə gəlincə, rusiyalı həmsədr sülhməramlı əməliyyatın yekun mərhələdə, yəni sülh sazişi  imzalandıqdan sonra nəzərdə tutulduğunu bildirib. 
 
Bəs xalqların öz müqəddəratını təyin etmə prinsipi ilə ərazi bütövlüyü prinsipi bir-birini istisna etmirmi? 
 
Beynəlxalq məsələlər üzrə ekspert, Yeni AXCP-nin sədri Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünya təcrübəsində belə bir halla rastlaşmayıb ki, münaqişələrin həllində bu iki prinsipin hər ikisi qəbul edilsin və onlardan biri pozulmuş olmasın: “Millətlərin öz müqəddəratını həll etmə prinsipi ilə ərazi bütövlüyünün saxlanması prinsipi bir-biri ilə ziddiyyət təşkil edən prinsiplərdir. Bu prinsipdən birinin qəbul edilməsi o birinin pozulması deməkdir. Qarabağ probleminin həllində millətlərin öz müqəddəratını həll etmə prinsipinin tətbiq edilməsi mümkün deyil. Çünki ermənilər bu prinsipi yalnız və yalnız Dağlıq Qarabağdakı ermənilərin müstəqil dövlətinin qurulması və tanınması formasında irəli sürürlər. Belə halda isə həmin prinsipin qəbul edilməsi avtomatik olaraq o biri prinsipin - Azərbaycanın ərazi bütövlüyünün saxlanması prinsipinin pozulması demək olar. Əgər ermənilər, o cümlədən İqor Popov və digərləri millətlərin öz müqəddəratını təyin etmə prinsipi deyərkən Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsini nəzərdə tutduqlarını bəyan etsəydilər, o zaman qeyd edə bilərik ki, bu prinsipin qəbulu Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq. Ancaq yüz faiz bəllidir ki, ermənilər millətlərin öz müqəddəratını təyin etmə prinsipi kimi müstəqilliyi nəzərdə tuturlar. Popovun bu məsələni xüsusi olaraq qeyd etməsi o deməkdir ki, Rusiya Qarabağ münaqişəsinin həlində maraqlı deyil. Onların niyyəti Dağlıq Qarabağ separatçılarına müstəqillik qazandırmaqdır. Bu arzuları gözlərində qalacaq”.  
    
R.Nurullayev onu da dedi ki, yaxşı olar Rusiya millətlərin öz müqəddəratını həll etmək hüququnun olması məsələsini çox da qabartmasın: “Çünki o halda deyilə bilər ki, Rusiyanın özündə çoxlu sayda millətlər var ki, onların öz müqəddəratını həll etmək hüququnu Rusiya tanımalıdır. Onda Moskva imkan versin ki, Rusiyadakı 9 türk federal respublika - Tatarıstan, Dağıstan, Başqırdıstan və digərləri öz müqəddəratını həll etsin, müstəqil dövlət olsunlar. Moskva onların bu hüququnu tanıya bilərmi? Rusiya buna imkan versə, onlar dərhal öz müstəqilliklərini elan edərlər. Azərbaycan da Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət verməyə hazır olduğunu bəyan edib. Bunun özü millətlərə öz müqəddəratını həll etmə hüququnun tanınmasıdır. Rusiya erməniləri Azərbaycanın daxilində qalmaqla muxtariyyətə razı salarsa, münaqişə həllini tapar. Təəssüf ki, Moskvanın bu istəkdə olduğu müşahidə edilmir. 
Rusiya birdəfəlik bilməlidir ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Beynəlxalq konvensiyalarda sərhəd və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi var. 
 
Bu prinsiplərə əməl olunmalıdır. Və müxtəlif əhali qruplarının hüquqları müasir dünyada mövcud olan qayda və konvensiyalar əsasında həll olunmalıdır. Milli azlıqlara elə imkanlar verilməlidir ki, onlar öz mədəniyyət və dilini, özünəməxsusluqlarını qoruyub saxlaya bilsinlər. Azərbaycan dövləti bəllidir ki, öz daxilində yaşayan milli azlıqlara bu imkanı verir".

Əlavə edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı deyib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. (musavat)
Cia.az