Aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş toplantısı keçirilib. Dövlət başçısı çıxışında əsas diqqəti cəbhədəki vəziyyətə və digər siyasi məsələlərə yönəltsə də, iqtisadi məsələlərə də toxunub.
Prezident ı bildirib ki, birinci rübdə ümumi daxili məhsul aşağı düşsə də, il ərzində bu sahədə artım proqnozlaşdırılır. İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını diqqətə çatdırıb. Dövlət başçısı bu dəfə hökumətə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi tapşırıqlar verib.
Toplantıda ölkə başçısının qeyd etdiyi əsas məqamlardan biri paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını olub.
Bundan başqa qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatnın inkişafının önəmini vurğulayan ölkə başçısı qeyd edib ki, valyuta gəlirlərimizin azalmasını kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik: “Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz”.
Dövlət başçısı ərzaq təhlükəsizliyi məsələsinin əsas prioritet olduğunu bildirərək, yaxın zamanlarda ölkənin özünü ərzaqla tam şəkildə təmin edəcəyini qeyd edib: “Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da böyük işlər görülməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
Ölkə başçısının çıxışında qeyd etdiyi məsələləri və ümumilikdə bu ilin birinci rübünün yekunlarını dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a qeyri-neft sekrotunun inkişafı üçün lazım olan iqtisadi islahatlardan danışdı: “Birinci rübdə ümumdaxili məhsulun artım tempini qoruyub saxlamaq mümkün olmadı. Çünki birinci rübdə neftin dünya bazarındakı qiyməti aşağı düşdü, bu da nəticə etibarilə Azərbaycanda ümumi artım tempinə mənfi təsir göstərdi. Neft sektorunda 5 faizlik artımın qeyd olunmasına baxmayaraq, bu sektorda gəlirlərin azalması ümumi artıma mənfi təsir göstərdi. Yenə də Azərbaycan ixracatında neft əsas faktordur. Hətta neft ucuzlaşdıqdan sonra belə, ixracatda neftin ayı 85 faizdən çoxdur. Bu baxımdan neft yenə də iqtisadi artımı diqtə edir. Bu baxımdan neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün həlledici olaraq qalacaq”.
Ekspertin fikrincə, ölkə başçısının çıxışına diqqət çəkən məqamlardan biri də sosial evlərin inşasında başlanacağı oldu: “Bu, çox mühüm məqamdır. Sosial evlər o deməkdir ki, gənc ailə hər ayın axırında 150 manat ödəməklə, 2 otaqlı mənzilə sahib olmaq imkanı qazanacaq. Ötən il ölkə başçısı ipoteka kreditləri və sosial evlər üçün 200 milyon manat vəsaitin ayrılması barədə göstəriş vermişdi. Həmin vəsait sosial evlərin inşasına imkan verəcək. Sosial evlər təkcə paytaxtda deyil, həm də rayonlarda tikiləcək ki, rayonlarda yaşayan vətəndaşlarımızın da mənzil probleminin həllinə müsbət təsir göstərsin”.
V. Bayramov qeyd etdi ki, bu sahənin inkişafı üçün bölgələrdə məmurlar tərəfindən zəbt edilmiş torpaqların yenidən istifadəyə qaytarılmasına ehtiyac var: “Bu istiqamətdə də inzibati və təşviqedici tədbirlərin görüləcəyi bildirildi. İnzibati tədbirlər olaraq vergilərin tətbiq edilməsi, uzun müddət istifadəsiz qalan torpaqların həmin əraziləri zəbt edən məmurlardan və ya iş adamlarından alınması, bələdiyyələrin və ya dövlətin sərəncamına verilməsi, daha sonra isə fermer təsərrüfatlarının istifadəsinə verilməsini təklif edirik. Çünki həmin torpaqların böyük bir qismi kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Eyni zamanda istifadəsiz qalan torpaqlara vergilərin tətbiq edilməsini təklif edirik. Həmin torpaqların yenidən əkin fonduna qaytarılması aqrar sektor üçün müsbət hal olacaq. 2 milyard manat vəsaitin sahibkarlara təqdim ediləcəyi gözlənilir. Burada da məqsəd sahibkarların dəstəklənməsidir. Xüsusən də inşaat sektoruna dəstək verilməsi, sosial evlərin inşası mənzil bazarına təsir göstərəcək və alıcıların bir qismi evlərin qiymətinin aşağı düşməsi prosesini daha da sürətləndirə bilər. Bütövlükdə, bu rüb iqtisadi baxımdan uğurlu olmadı, amma müşavirədə uzun müddət öncə qaldırılan və öz həllini tapmayan kifayət qədər aktual məsələlər qeyd oldundu”.
“Ölkə başçısının çıxışında yer alan prioritet məsələlərdən biri də daxili istehsalın artırılmasıdır”- deyən ekspert dolların möhkəmləndiyi dövrdə bahalaşmanın yumşaldılması üçün bunun önəmli olduğunu bildirdi: “Vətəndaşlar dolların bahalaşmasından ən çox qiymət artımlarına görə narahat olurlar. Ona görə də, yerli istehsalı artırmaq lazımdır. Regionlarda icra başçılarının iş adamlarına müdaxiləsini aradan qaldırılması vacibdir. Müşavirədə qeyd olunduğu kimi, iqtisadi zonaların yaradılmasına, rayonlarda yaşayan sahibkarlara güzəştli kreditlərin verilməsinə ehtiyac var. Yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın aradan qaldırılması indiki məqamda prioritet məsələdir”.
Cia.az
