Bir çox qadını narahat edən intim problemlərdən biri də vagina quruluğudur. Vaginal nəmlik qadınların bu intim bölgəsinin toxumalarını sağlam saxlayaraq, yarana biləcək infeksiyalara və yoluxucu xəstəliklərə qarşı qoruyur. Lakin bəzi hallarda bu nəmlik azalır və vaginada quruluq meydana gələ bilir. Bəs bu mənfi halın başlıca səbəbləri nələrdir? Mütəxəssislər bildirir ki, ümumiyyətlə, vaginal quruluq menopauzadan sonra estrogen hormonunun azlığı ilə ortaya çıxır. Ancaq bununla yanaşı, gənc yaşlarda da bu problemə səbəb olan faktorlar ola bilər. Aile.lent.az vaginal quruluğa səbəb olan amilləri araşdırıb. Bu əlamətləri olan qadınlar mütləq həkimə müraciət etməlidir.
Vaginal quruluğa yol açan səbəblər bunlardır:
Stress: Bir çox sağlamlıq probleminə səbəb olan stress təəssüf ki, vaginal quruluğa da yol açır. Gərginlik və narahatlıq libidoda enişə və vaginada quruluğa səbəb olur.
İstifadə edilən dərmanlar: Xüsusilə allergiya müalicəsində istifadə edilən bəzi dərmanlar, eynilə burundakı mukozaya təsir etdiyi kimi, vaginada da quruluğa yol açır. Lakin dərmanların bu təsiri hər qadında eyni olmaya bilər.
Doğuş həbləri: Bu dərmanların yan təsirlərindən biri də vaginal nəmliyin azalmasına səbəb olmasıdır. Üstəlik, bu hal bir neçə ay davam edə bilər. Belə problemlə qarşılaşsanız, həkiminizə müraciət edin. Onun məsləhətilə dərmanlarınızda dəyişiklik edə bilərsiniz.
Ön sevişmə azlığı: Qadınların penetrasiyaya hazır ola bilmələri üçün ön sevişmədə xəbərdar edilmələri lazımdır. Ön sevişmənin olmaması və ya azlığı vaginal quruluq səbəblərindən biridir.
Doğuş: Körpə dünyaya gətirmək və əmizdirmək bədəndə bir çox dəyişikliyə yol açır. Bu dəyişikliklərdən biri də estrogen hormonunun aşağı düşməsidir. Estrogenin azalması da vaginada quruluğa səbəb olur.
Bəzi hallarda isə vaginada həddən çox axıntı olur. Qadınlarda sağlamlıq problemlərindən biri olan vaginitin (vaginada axıntı) bir çox səbəbi var. Onları bu cür sıralamaq olar:
* Genital bölgənin davamlı nəmli və tərli olması
* Antibiotik istifadəsi
* Diabet (şəkər xəstəliyi)
* Köklük
* Vagina yumaq (vaginal duş)
* Hamiləlik
* Doğuş həbləri
* Steroid dərman istifadəsi
* AİDS kimi immun sistemə təsir edən xəstəliklər
* Dar və pambıq olmayan lasin, şalvar, alt paltarı geyinmək
* Vagina bölgəsinə ətir, ətirli maye və maddələr vurmaq
* Duş qəbul etdikdən sonra vagina bölgəsinin yaxşı qurulanmaması
* Tualet təmizliyinin səhv edilməsi (öndən arxaya doğru edilməlidir)
* Tampon istifadə edərkən nizamlı şəkildə tamponun dəyişdirilməməsi
Bu hallar və problemlər sizdə də müşahidə edildikdə mütəxəssisə müraciət etmək, lazımlı müayinələrdən keçmək vacibdir.
