Xüsusilə gənc və orta yaşlı qadınlarda daha çox rast gəlinən problemlərdən biri də xroniki sistitdir. Qadınların təxminən 20 faizi həyatı boyu ən az bir dəfə sistit problemi yaşayır. Sistit klassik olaraq tez-tez sidiyə getmə, göynəmə, davamlı sidiyə getmə hissi və ağrı ilə özünü göstərir. Lakin kor-koranə antibiotik istifadəsi, urologiya mütəxəssisi yerinə bu sahəyə aidiyyatı olmayan həkimə müraciət etmək ciddi fəsadlar yarada bilər. Ümumiyyətlə, bir bakteriyanın səbəb olduğu bu xəstəlik erkən dövrdə sadə bir antibiotik müalicəsi ilə şəfa tapa bilər. Sistit xəstəliyi xroniki hal aldıqda isə insan bu xəstəliklə yaşamağı öyrənmək məcburiyyətində qalır. Çünki o, ömür boyu təkrarlanan sistit hücumlarına məruz qalacaq. Buna görə də hər sistit sadə bir mikrobik problem və ya soyuqlama kimi qarşılanmamalıdır.
Türkiyəli uzman Bəsri Çakıroğlu sistit və onun fəsadlarından danışıb. Aile.lent.az həkimin bununla bağlı xəbərdarlıqlarına biganə yanaşmamağı məsləhət görür. Həkim bildirir ki, bir çox xəstə bu şikayətlərə əhəmiyyət vermir və ya bir neçə dərmanla bu problemin öhdəsindən gəlməyə çalışır. Lakin sonradan bu problemin başqa bir xəstəlik olduğu ortaya çıxır. Bu zaman isə çox gec olur: “Bu xəstəliklər içərisində ən ciddi olanı sidik kisəsinin xərçəngidir. Sidik kisəsinin xərçəngi bəzən sistiti təqlid edir və bu xəstələr aylar, hətta illərlə antibiotik istifadə edərək xəstəliyi müalicə etməyə çalışırlar. Bundan başqa, bəzi sistit növləri vardır ki, bunların mikroblarla yaxın-uzaq bir əlaqəsi yoxdur və müalicəsində də antibiotiklərin heç bir xeyri olmur. Sistit xronikiləşdikdə xəstə evdən çıxa, dükana-bazara gedə bilmir, kinoya getdikdə zalı tərk etmək vaxtı gəldikdə oturacaqdan qalxa bilmir, işdə iclasdan yarımçıq çıxır, dənizə hovuza girə bilmək iqtidarında olmur”.
Mütəxəssis xəstəliyin uroloq tərəfindən müayinə və müalicə edilmədikdə cinsi həyata da mənfi təsir edəcəyini, bəzən bu cür halların cütlüklərin boşanmasına qədər gətirib çıxardığını deyir. Hətta xəstəlik elə xronikiləşə bilər ki, heç bir müalicəyə cavab verməz və xəstənin sidik torbası alınmaq məcburiyyətində qala bilər. Bu səbəbdən də sistit problemi ilə qarşılaşdıqda mütləq urologiya mütəxəssisinə müraciət etmək, lazımlı müayinələrdən keçmək vacibdir.
Cia.az
