Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada çıxışı zamanı ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar hallarının cüzi də olsa artdığını bildirib. Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub.
Təbii ki, statistikadan kənar qalan faktlar da olub. K.Talıbovanın sözlərinə görə, uşaqlar arasında intihar hallarının statistik göstəricisi 2013-cü ildə 18 idisə, keçən il bu say 29 olub. K.Turabova onu da qeyd edib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, bu, kişilər arasında tamamlanmış intihar hallarının iki dəfə daha çox olması deməkdir. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35 olduğunu deyən Talıbova bunun psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlərin olması ilə əlaqəli ola biləcəyini deyib.
Ümumiyyətlə, son bir il ərzində özünü yandıraraq intihar etmə, yüksəklikdən atma hallarının xüsusən artdığını görərik. İntihar hallarının artmasını inkişaf etmiş texnologiya ilə əlaqələndirənlər də az deyil. Belə ki, insanların artıq bir-birini dinləməməsi, canlı ünsiyyətdən çox virtual ünsiyyətə üstünlük verməsi də onların içinə qapanıqlığına, reallıqdan uzaqlaşmağına gətirib çıxarır ki, bunun da sonu əksər hallarda faciəli nəticələnir.
Maraqlıdır, intiharların il keçdikcə artmasına səbəb sadaladığımız amillər ola bilərmi? Yoxsa səbəblər tamamilə başqadır?
Psixoloq Elnur Rüstəmov bunun bir çox səbəbləri olduğunu bildirdi: “Hər il Ümumdünya Səhiyyə Təşkilatının hesabatları çıxır. O hesabatlarda psixoloji problemlərin miqyasına görə genişləndiyi qeyd olunur. Hətta öncə psixoloji pozuntu hesab olunan xəstəliklər zaman keçdikcə normaya çevrilir. Tutaq ki, illər öncə homoseksualizm psixoloji pozuntu kimi qəbul olunurdusa, bu gün onu psixoloji pozuntu siyahısından çıxardıblar. Bunun kimi digər xəstəliklər də sonradan normaya çevrilib. Nəzərə almaq lazımdır ki, bu psixoloji problemlər birbaşa insanın yaşam tərzinə təsir göstərir. İntihar edənlər daha çox depressiyada olan insanlardır. ÜST hesabatında göstərirdi ki, depressiyanın törəmə problemlərindən biri də ümidsiz vəziyyətdə olan insanın intihara meyl etməsidir.
Bundan başqa, ailədaxili komfliktlər də buna təsir edir. Həmçinin narkotik, alkoqol asılılığından əziyyət çəkən insanlarımız var. Hətta intihar edən insanların içərisində internetdən asılı vəziyyətdə olanlar var. Yeniyetmənin şəxsi həyatında problemlər olanda intihar halları ortaya çıxır. Əgər insanın özü ilə problemi varsa, yaxınlarına yaxınlaşa bilər. Yox, onlar da səni başa düşmürsə, sən bununla bağlı mütəxəssisə müraciət edə bilərsən. Əgər bir insanda intihar hallarını, davranışlarını görürlərsə, yaxınları ona dəstək olmağa, kömək olmağa çalışmalıdır. Çünki intihar etmək istəyən insan bunu bir dəfəyə həyata keçirmir. Onların statistikasına baxsaq görərik ki, onlar bu haqda bir iki dəfə fikir bildirirlər və sonda bunu həyata keçirirlər”.
Psixoloq intiharlara gətirib çıxaran bir səbəbin də insanların bir-birinə yadlaşması ilə əlaqədar olduğunu dedi: “İnsanlar canlı ünsiyyətdən qaçır, bir-birilərinə özgələşirlər. Texnologiya inkişaf etdikcə insanlar arasında real ünsiyyət pozulmağa başlayır və həmin ünsiyyəti artıq texnika, texnologiya həyata keçirir. İnsanlar bir-birinə biganədir. Sivilizasiya inkişaf etdikcə psixoloqların işi cəmiyyətdə artdı. Diqqət etsək görərik ki, psixoloqların cəmiyyətdə işi 20-ci əsrin sonlarından artmağa başladı. Yəni texnologiya inkişaf etdikdən sonra. Əvvəllər insanlar ailələri ilə rahat oturub ünsiyyət qurur, bir-birilərinin problemlərindən vaxtında xəbər tuturdular. Canlı ünsiyyətə daha çox üstünlük vermək lazımdır”.
Cia.az
