Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun vəkili Sadiq Rəsulova mətbuata danışmaq qadağan olunub.
“Yeni Müsavat” əməkdaşı odioz generalın sağlıq durumunda yaranmış problemlər haqda məlumatlara aydınlıq gətirmək üçün vəkillə əlaqə saxlayıb. S.Rəsulov deyib ki, bu mövzu ətrafında danışa bilməz. Vəkil bunun səbəbinə aydınlıq gətirmədən telefonu qapadıb.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, A.Çovdarovun sağlıq durumunda olan ciddi problemlər daha ağır şəkil alıb. Məlumatda iddia edilir ki, ləğv olunmuş qurumun generalı Bakı İstintaq Təcridxanasına köçürülənə qədər də bir çox xəstəliklərdən müalicə olunub.
Daim MTN hospitalının həkimlərinin nəzarətində olub. Həbsə alınandan sonra isə əvvəlki kimi həkim nəzarətində olub müalicəsini davam etdirə bilməyib. Belə iddialar var ki, A.Çovdarov xəstəliyini əsas gətirməklə daha yüngül cəza almağa da can atır. S.Rəsulov “Yeni Müsavat”a müsahibəsində A.Çovdarovun ağır xəstəliyi olmasını dilə gətirmişdi.
Sitat: “Hazırda sağlığında kifayət qədər problemləri var, özü də çox böyük problemlərdir. Bununla bağlı sənədləri istintaqa da, Penitensiar Xidmətə də təqdim etmişəm. Bilirlər, məlumatlıdırlar”.
Yada salaq ki, A.Çovdarov Eldar Mahmudovun çetesinə daxil olan şəxslərdən olub. 2015-ci ilin oktyabrında MTN-dəki məlum əməliyyatdan 1 ay sonra qandallanıb. Sonuncu dəfə onun həbsdə qalma müddəti bu il fevralın 22-də artırılıb. Səbayel Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Xatırladaq ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə də cinayət işi başlanıb.
Cia.az
