Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı Obama Administrasiyasına müraciət edib. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə ünvanlanan və Ağ Ev Administrasiyasının internet resursunda açılan petisiya layihəsinin icrasına aprelin 6-dan start verilib.
Layihə ilə bağlı aprelin 7-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirildi.
Çıxış edən Elxan Süleymanov öncə bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri son günlər cəbhə xəttində ermənilərin təxribatlarına layiqli cavab verdi: “Bu bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarını azad etməkdən əl çəkməyəcək və torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var. Bir neçə gün davam edən bu döyüşlər, Seyidsulan kəndini, Lələtəpəni və Talış kəndi yaxınlığındakı yüksəklikləri geri almağımız çox böyük uğurumuzdur. Bütün bunlar danışıqlar prosesində bizim mövqelərimizi gücləndirir. Bu, həmçinin beynəlxalq təşkilatların bu torpaqların işğalını unutdurmaq cəhdlərinin qarşısına sədd çəkərək məsələyə diqqəti daha da artırdı. Üstəlik, bu uğurlar danışıqlar prosesinin sürətləndirilməsinə yeni impuls verib
E.Süleymanov diqqətə çatdırdı ki, heç bir halda yalan məlumatlar yayılmamalıdır, bunlardan Azərbaycanın əleyhinə istifadə edilir.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana son səfərinə münasibət bildirən E.Süleymanov deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti 23 ildir heç bir nəticə verməyib: “Artıq bütün dünya bilir ki, Azərbaycanın səbri tükənib və bizə qarşı olan bu ədalətsizliyə dözmür. Biz mübarizəni davam etdirməliyik, ideoloji mübarizəmizi gücləndirməliyik. Beynəlxalq təşkilatların bizə qarşı olan ögey münasibətini bütün dünyaya bəyan etməliyik. 40-dan çox beynəlxalq təşkilatın mövqelərini araşdırdım. Yalnız İslam Əməkdaşlıq Təşkilatı indiyədək açıq şəkildə Ermənistanı işğalçı adlandırıb və Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edib. Bir də Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində Ermənistanın işğalçı olduğu rəsmən təsdiq edilib. AŞ PA prezidenti Pedro Aqramunt çıxışında birmənalı olaraq Ermənistanı təcavüzkar adlandırdı.
Bu petisiyada da AŞ PA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Administrasiyaya AŞ PA-nın 2085 saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir. Petisiyanın məqsədi ideoloji mübarizənin gücləndirilməsi və bizə qarşı olan bu haqsızlıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bu gün bütün dünyanı idarə edən, söz sahibi olan Amerikadır və Ağ Ev Administrasiyasına bu petisiya ilə müraciət çox zəruridir”.
Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.
E.Süleymanov dedi ki, bu kampaniyaya böyük dəstək verdiklərinə görə Azərbaycan prezidentinə, hökumətinə, universitetlərə, məmurlara, mediaya təşəkkür edir: “Eyni zamanda biz hər birimiz bu işdə əlimizdən gələni etməliyik”.
Petisiyaya səs vermək üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe ttps://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq və qrafaları dolduraraq səs vermək lazımdır.
Cia.az
