Azərbaycan ordusunun Qarabağ cəbhəsində erməni işğalçılarına ağır zərbə vurması, işğalçı ordunun gücsüzlüyünün ortaya çıxması Ermənistanın daxilində siyasi vəziyyətə də təsirini göstərməyə başlayıb. Ermənistanda 1996-cı ildən hakimiyyəti zəbt etmiş Dağlıq Qarabağ klanına qarşı siyasi qüvvələrin, cəmiyyətin etirazları müşahidə olunur. Artıq Ermənistanda əsgər anaları prezident Serj Sərkisyanın fotosunu ayaq altına atır, övladlarının Dağlıq Qarabağa göndərilməsinə etiraz edirlər.
Bir sıra siyasi qüvvələr Dağlıq Qarabağ klanının Ermənistanı məhvə apardığını, bu klanın tezliklə hakimiyyətdən getməsinin və yerinə ermənistanlılardan ibarət iqtidarın gəlməsinin vacibliyini bildirməkdədirlər. Beləliklə, ilk məğlubiyyət erməni cəmiyyətində parçalanmanı dərinləşdirməkdə, Sərkisyan əleyhinə prosesə rəvac verməkdədir. Ekspertlər bildirir ki, Dağlıq Qarabağ klanının əleyhdarları üçün fürsət yaranıb, güman ki, Sərkisyanın hakimiyyətdə qalması mümkün olmayacaq.
Siyasi təhlilçi Natiq Miri bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Sərkisyan rejimi 2 apreldə Azərbaycana hücum edib əlini daha da gücləndirmək istəyərkən, özünü acınacaqlı duruma düşürmüş olub. Azərbaycan ordusunun əks-hücumu həm Dağlıq Qarabağda, həm də Ermənistanda ermənilər içərisində xəyal qırıqlığı, daxili qarşıdurma yaradıb: “Ermənistan paytaxtına gedən erməni əsgərlərin cənazələri İrəvan əhalisinin bu ölkənin hakimiyyətini zəbt etmiş Dağlıq Qarabağ klanına qəzəbini artırıb. Narazılıq onsuz da əvvəldən var idi, ancaq bu hadisə kütləvi qəzəbə səbəb olub. Ermənistan əhalisi Dağlıq Qarabağ rejimindən xilas olmaq yolunu arayır. İctimai rəy Sərkisyan hakimiyyətinin tam əleyhinə çevrilib.
Ermənistanda Dağlıq Qarabağ klanının hökmranlığına son qoyulacağı ehtimalı günbəgün artır. İndi Sərkisyan bütün gücü ilə çalışır ki, cəbhədə bir neçə mövqeni geri qaytarmaqla ictimai rəydə müəyyən qədər dəyişiklik yarada bilsin. Atəşkəs rejiminin Ermənistan tərəfindən intensiv pozulması da bunun üçündür. Azərbaycan ordusu və dövləti cinayətkar Sərkisyan rejiminin bu planının həyata keçməsinə qətiyyən imkan verməməlidir”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında çox kəskin qarşıdurma var. Az qala mentalitet səviyyəsində kəskin fərqlər yaranıb. Qarabağdan getmə ermənilər bütün siyasi vəzifələri tutublar və bunun hesabına iqtisadiyyatın həlledici sahələrinə nəzarət edirlər. Dağlıq Qarabağ klanı faktiki olaraq illərdir Ermənistanı işğal edib. Yerli ermənilər sanki işğaldadırlar: “Cəbhədə son uğursuzluqlar isə yerli ermənilərlə klanın arasında uçurumu daha da dərinləşdirir. Ölkədə vəziyyət kəskinləşib, kütləvi aksiyalar keçirilir. Müxalifət hakimiyyətə qarşı yeni mitinqlərə hazırlaşır. Yerli ermənilər bəyan edir ki, bu günə qədər verdikləri canlı itkilər cinayətkar rejimin öz məqsədlərini həyata keçirməsi üçün imiş. Hətta generallar belə, məğlubiyyət faktını sızıldayaraq etiraf edirlər. Əsgərlər arasında bu əhval-ruhiyyə daha kəskin formadadır. Hətta Sərkisyana müraciətlər edilir ki, Qarabağ torpaqları bizim deyil, onu öz sahibinə qaytarın. Bax bu nöqteyi-nəzərdən Ermənistanda vəziyyətin get-gedə kəskinləşəcəyini proqnoz vermək mümkündür. Bu vəziyyət Sərkisyan və onun klanının sonunu gətirə bilər. Sonu gəlsə, şübhəsiz ki, bu dəfə hakimiyyət yerli ermənilərin əlinə keçəcək”.
Politoloqun fikrincə, Ermənistanda əli qanlı Dağlıq Qarabağ klanının hakimiyyətini yerli ermənilərdən ibarət komanda əvəzləsə, bu, Qarabağ məsələsinin sülh yolu ilə həllinə pozitiv təsir göstərə bilər: “Yerli ermənilərdən ibarət hakimiyyət mən inanmıram ki, axıra qədər Qarabağ uğrunda kompromissiz siyasi xətt yürüsün. Onlar kompromisə daha çox meylli olacaqlar. Vaxtilə Levon Ter-Petrosyan kompromisə hazır idi. Onu məhz bu səbəbdən Dağlıq Qarabağ klanı devirdi”.
musavat
