Qarabağ münaqişəsi zonasında növbəti atəşkəs həm də yeni situasiya, yeni bir status-kvo yaradıb. Azərbaycan əsgərinin yaratdığı bu situasiya problemin dinc həlli perspektivi üçün təzə imkanlar açmaqla yanaşı, konfliktə cəlb olunmuş güclərin sıra və imkanlarına da əlavə işıq salıb.
Belə görünür, yeni situasiyada da Rusiya öz dominant rolunu artırmağa və Qərbi növbəti dəfə qabaqlamağa çalışır. 4 günlük müharibənin gedişində bir necə dəfə yazdığımız kimi, təmas xəttindəki növbəti eskalasiyadan əlində “dirijor çubuğu”, pusquda durmuş kimi görünən Moskva ən çox divident götürməyə çalışacaq və digər güclərə, Qərbə mesaj verəcək ki, regionun aparıcı dövləti məhz odur, “Mən yaxında, siz hələ çox uzaqdasınız” çatdırışları edəcək.
Bu qəbildən səylər və mesajlar özünü artıq qabarıq şəkildə göstərməyə başlayıb. Azərbaycan və Ermənistan arasında atəşkəs anlaşmasının iki ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisləri tərəfindən məhz Moskvada imzalanması, ardınca Rusiya diplomatiyasının “ağır topu” sayılan XİN başçısı Sergey Lavrovun “yeni təkliflər”lə Azərbaycana gələrək, Bakıdan “Savaşı biz dayandırdıq” mesajını verməsi az şey demir.
Bəlkə savaşı da elə Moskva başlamışdı? Bu sual hələ ki açıq qalsa da əslində ona cavab yox deyil. İş ondadır ki, şimal qonşumuz “yeni təkliflər” sayəsində Azərbaycanı Avrasiya Birliyinə qoşmaq niyyətindədir. Ola bilsin, Moskva öz məramını gerçəkləşdirmək üçün mövcud durumu daha məqbul hesab edir.
Məsələ də ondadır ki, bu vəziyyətdə xeyli gecikmiş təəssüratı bağışlayan Qərbin götürəcəyi dərslər var. Çünki söhbət ABŞ və Avropa üçün son vaxtlar önəmi xeyli artmış Azərbaycanın Rusiyanın siyasi-hərbi təzir zonasına keçməsi təhlükəsindən gedir. Belə çıxır, Bakının konkret olaraq ABŞ-la son vaxtlar yaxınlaşmasının yaratdığı geosiyasi, geoiqtisadi üstünlükləri Moskva neytrallaşdıra bilir.
Bu təəssürat indi xeyli güclü görünür. Hər halda, Rusiya atəşkəsin ardınca 5 rayonun qarşılığında Azərbaycanı Avrasiya Birliyinə qoşmağa nail olub Qarabağ ixtilafının yenə “yarım-dondurulmuş” vəziyyətdə qalmasını təmin etsə, Bakı və İrəvana təsirlərini isə artırsa, bu, Qərbə regional bağlı yeni və daha təhdidedici bir çağırış olacaq.
Belə perspektivdən Qərb analitikləri də narahat olmağa başlayıb. “Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələr fonunda ABŞ-ın təmkinliliyi Rusiyanın Cənubi Qafqazda təsirinin gücləndirilməsinə kömək edə və Suriya, Ukrayna və digər regionlar üçün ciddi və təhlükəli nəticələri ola bilər”. Bu barədə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayzanın ABŞ-ın Atlantik Şurasının saytında yerləşdirilən məqaləsində deyilir (“Trend”).
Brayza təəssüflə vurğulayıb ki, Qarabağ münaqişəsi ətrafındakı son böhran zamanı ABŞ aşkar şəkildə kənar edilib və Ağ Ev indiyədək zorakılığın misilsiz artımı ilə bağlı heç bir bəyanat verməyib. Rusiya rəhbərliyi isə onun qənaətincə, əksinə, məsələdə fəal olub. Qeyd edək ki, keçmiş həmsədr son illər mütəmadi şəkildə ABŞ-ın, Ağ Evin Qarabağ məsələsində təşəbbüsü ələ alıb fəallaşması yönündə çağırışlar edir.
Amerikalı politoloq, ABŞ-dakı Qlobal Təhlükəsizliyin Analizi İnstitutunun aparıcı eksperti Arile Koen də bugünlərdə verdiyi şərhdə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüş imkanının əldən buraxılmasını tənqid eləmişdi. “Aydındır ki, Rusiya öz sülhməramlılarını konflikt zonasında, o cümlədən Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş 7 rayonundakı qoşunların təmas xəttində yerləşdirməkdə maraqlı olacaq. Belə yanaşma Dnestryanı bölgədə, Abxaziya və Cənubi Osetiyada Rusiyanın xeyrinə işləyib” - ekspert qeyd eləmişdi.
***
Ukrayna və Suriya uğursuzluqlarından sonra Güney Qafqazda Qərb üzərində növbəti siyasi-diplomatik qələbə Kremlə, Pitinə sözsüz ki, hava-su kimi lazımdır. Bunu indi həm də daxildə ağırlaşmaqda olan iqtisadi durum səbəbindən Kreml başçısının azalan daxili reytinqi diktə edir. Bu xüsusda İngiltərənin nüfuzlu “Financial Times” nərinin son sayında Rusiya liderinə həsr olunmuş məqalə diqqət çəkir.
“Vladimir Putin Rusiya üzərində Roma imperatorlarının hakimiyyəti ilə müqayisə edilən hakimiyyətini gücləndirmək üçün əlavə tədbirlər görür. O, bir neçə min nəfərdən ibarət yeni Milli Qvardiya yaratmağı planlaşdırır” - qəzet yazır. Nəşrin qənaətincə, Milli Qvardiyanın yaradılması - Kremlin iqtisadi problemlər fonunda sosial narazılığın artmasını gözlədiyin məqamda güc idarələrinin strukturunun dəyişməsidir.
“Əgər sən xalq etirazları qarşısında ciddi qorxu hiss keçirmirsənsə, o zaman Daxili Qoşunlar və başqa güclərdən Milli Qvardiya yaratmağın məntiqi qalmır” - hesab edir amerikalı təhlilçi Mark Qaleotti. Rusiyalı politoloq Dmitri Oreşkinə görə isə, yeni qüvvənin yaradılması onun nümayişidir ki, Putinin öz şəxsi təhlükəsizliyinə görə narahatlığı artıb.
“Çünki elitanın vəziyyəti pisləşməkdədir. Bu , Milli Qvardiya yox, Putinin qvardiyasıdır, nədən ki, ondan başqa heç kim ona komanda verə bilməz” - politoloq nəşrə bildirib. Qaleotti isə istisna eləmir ki, yeni qüvvənin hədəfi təkcə kütləni deyil, elitanı da nəzarətdə saxlamaq üçündür...
***
Belə vəziyyətdə təbii ki, Kreml üçün xarici siyasətdə hansısa uğur ikiqat təbliğati önəm daşıyır. Güney Qafqaz, Qarabağ məsələsi bu yöndə Rusiya rəhbərliyi üçün əlavə imkanlar aça bilərdi - ən azından, daxili ictimai rəyi bir müddət də məşğul eləmək üçün.
musavat
