|
10 il müddətinə azadlıqdan məhrum edilmiş şəxsin şikayəti təmin edilməyib

Bu gün Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə Azadxeber.org saytının baş redaktoru Nicat Əliyevin kassasiya şikayətinə baxılıb.

Virtualaz.org saytına bu barədə vəkil Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, şikayət təmin edilməyib.

Xatırladaq ki, N.Əliyev və daha 9 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli hökmü ilə məhkum olunublar. Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2012-ci ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymaqda, həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan hazırlamaqda, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar etməkdə ittiham olunurlar.

Cia.az