Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf olduğunu bildirib. Türkiyə prezidenti bunu Ankarada 23-cü muxtarlar (yerli idarəçilər) toplantısında çıxışında deyib. Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tərəfi olduğuna, Azərbaycanı müharibəyə təhrik etdiyinə dair Rusiyada səslənən ittihamlara da cavab verib. “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir” deyə, Türkiyə prezidenti bildirib.
Rusiya-Türkiyə münasibətlərindəki gərginliklər fonunda Kremlin Qarabağ siyasəti ilə bağlı həqiqətlərin Ankara tərəfindən dilə gətirilməsi yeni bir situasiyadır. Lakin Azərbaycan ictimai rəyi artıq şimal qonşumuzun Ermənistanın tərəfini tutmasını yenilik kimi qəbul etmir. Çünki söhbət əsrlərlə davam edən siyasətdən gedir və Azərbaycan tarix boyu Rusiyadan zərbələr alıb, bununla bağlı faktları sadalamaqla bitən deyil. Məsələ burasındadır ki, Azərbaycan xalqı daim Rusiyaya normal münasibət bəsləyib. Dövlətçilik tariximizdə də Azərbaycanın Rusiya ilə hər hansı ədavəti olmayıb.
Lakin bir qayda olaraq Moskva Azərbaycana qarşı təhdidlərini davam etdirib, onun ərazilərində qondarma erməni dövləti yaradıb, üstəlik, separatçılığa dəstək verib. İşğalçı Ermənistanın silahla təchizatı da məhz Rusiya tərəfindən həyata keçirilir, artıq bu faktlar bütün dünyaya məlumdur. Rusiya Azərbaycanı gah “soyuq müharibə”, gah da Qarabağ müharibəsi ilə təhdid edir. Elə son qarşıdurmanın da tətikçisinin Kreml olması barədə ciddi rəylər var. Atəşkəs razılaşmasının məhz Rusiyanın işə qarışmasından sonra, özü də Moskvada əldə olunması da deyilənləri təsdiqləyir.
Rusiya indiki məqamda Azərbaycandan nə istəyir? Axı Bakı hətta beynəlxalq təzyiqlər qaldığı halda Qərbin Rusiyaya qarşı sanksiyalarında yer almadı, hətta şimal qonşumuzu kənd təsərrüfatı məhsulları ilə təchiz etdi, üstəlik, beynəlxalq qurumlarla Moskva əleyhinə qəbul olunan sənədlərə səs vermədi. Bunun qarşılığında Kremlin bizə qənim kəsilməsinin sirri nədir? Moskva forpostu Ermənistanı himayə etməsinin fonunda ən azı Azərbaycana loyal münasibətdə olmalıdır. Lakin biz bunun əksini görməkdəyik, Kremlin siyasətində daha çox aqressiya müşahidə olunur. Səbəbləri barədə isə müxtəlif təxminlər var.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Cənubi Qafqaz siyasətində balansı qorumasını gözləmək əbəsdir: “Çox bəsit səbəbə görə: Ermənistan bölgəmizdə Rusiya maraqlarının dayaq məntəqəsidir. Bu ölkədə Rusiyanın iki hərbi bazası - Gümrü və Erebuni var. Ermənistanın Türkiyə və İranla sərhədlərini rus əsgərləri qoruyur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqidir və Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiya ilə vahid iqtisadi məkana daxildir. Ermənistanın əsas sənaye müəssisələri Rusiya şirkətlərinin nəzarətindədir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan bu gün faktiki olaraq Rusiyanın anklavına çevrilib, Rusiyanın bir uzantısıdır. Mən hazırkı Ermənistan hakimiyyətinin Rusiyanın, məsələn, Tatarıstan kimi federasiya subyektindən daha müstəqil olduğuna inanmıram. Hətta Tatarıstan hökuməti bəlkə daha müstəqildir”.
Ş.Cəfərlinin fikrincə, Azərbaycan-Rusiya münasibətlərinin xarakteri tam fərqlidir: “Azərbaycan mümkün olduğu qədər, regional geosiyasi durumun imkan verdiyi ölçüdə müstəqil siyasət yeritməyə çalışır. Azərbaycan Rusiyanın heç bir inteqrasiya layihəsində iştirak etmir. Ərazimizdə rus ordusu mövcud deyil. Rusiyadan iqtisadi asılılığımız yoxdur və əsas xarici siyasət tərəfdaşlarımız Avropa ölkələridir. Azərbaycan çox ehtiyatlı da olsa, avroatlantik inteqrasiyaya yönəlmiş qərbyönlü siyasət aparır. Azərbaycanın Ukrayna, Gürcüstan və Moldova kimi birmənalı strateji seçim etməməsi Rusiyanı məmnun etsə də, ölkəmizin yeritdiyi siyasət əslində Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir. İstər Cənub Qaz Dəhlizində, istərsə də Rusiyadan yan keçən nəqliyyat dəhlizlərində iştirakımız, Gürcüstanı Rusiyanın enerji asılılığından xilas etməyimiz, Türkiyə ilə getdikcə dərinləşən əlaqələrimiz Moskvanı məmnun edə bilməz. Azərbaycan bu siyasətini davam etdirəcəyi təqdirdə, Rusiyanın bizə olan münasibətində kardinal dəyişiklik gözləməyə dəyməz. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində roluna gədikdə, son hadisələr göstərdi ki, Moskvanın bu problemin həllinə marağı yaranıb. Böyük ehtimalla yaxın gələcəkdə münaqişənin həlli üzrə danışıqlar prosesində irəliləyiş əldə ediləcək”.
Lakin politoloq deyir ki, bu prosesin gedişində diqqətli olmaq lazımdır: “Rusiya öz sülhməramlı qüvvələrini təmas xəttinə yerləşdirmək ideyası ilə çıxış edə bilər. Bu, təhlükəli məsələdir və Azərbaycan hakimiyyəti buna yol verməməlidir. Eyni zamanda, Kremldə belə bir baxış var ki, ərazi münaqişələrini sərhədlərin rolunun zəifləməsi əsasında həll etmək mümkündür. Yəni onların fikrincə, Avrasiya İqtisadi Birliyində iştirak etməklə ən azı iqtisadi-ticarət sərhədləri aradan götürülə bilər. Rusiya rəhbərliyinin fikrincə, Azərbaycan Ermənistanla birlikdə Avrasiya İqtisadi Birliyində təmsil olunarsa, problemin birdəfəlik həlli, xalqların barışığı üçün münbit zəmin yaranmış olar.
Çünki bu halda Azərbaycan Ermənistanla eyni iqtisadi məkanda və Gömrük İttifaqında yer alacaq ki, bu da iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yaranmasına, düşmənçiliyin aradan qalxmasına gətirib çıxaracaq. Bir növ, SSRİ dövründə olduğu kimi. Necə ki, hər iki ölkə - xalq - vaxtilə SSRİ-nin tərkibinə daxil olarkən aralarındakı münaqişəyə son qoymuşdularsa, indi də həmin varianta bənzər bir yol tapıla bilər”. Ş.Cəfərli qeyd etdi ki, bunu real informasiya əsasında deyir, şəxsi fikri deyil: “Ona görə də çox diqqətli olmalıyıq. İtirilmiş torpaqlarımızın qaytarılması müstəqilliyimizin məhdudlaşması hesabına baş verməməlidir”.
Cia.az
