Bakıda son günlər müxtəlif strateji obyektlərin, insanların toplu halda olduqları yerlərin təhlükəsizliyi xeyli gücləndirilib. Bu hal Ermənistan tərəfinin təxribatları nəticəsində cəbhədə baş verən gərginliklər zamanı daha çox müşahidə olundu.
Bu günlər ərzində Bakı Beynəlxalq Hava Limanında olan əməkdaşımız şahidi olub ki, burada təhlükəsizlik tədbirləri əvvəlki günlərlə müqayisədə xeyli gücləndirilib. Əməkdaşımızın müşahidələrinə görə aeroport ərazisində sahibsiz qalan çanta bir neçə saniyə ərzində təhlükəsizlik xidmətinin əməkdaşlarının diqqətini çəkir.
O an çantanın sahibinin kim olduğu ətrafdakılardan soruşulur. Sahibi tapılır və ona xəbərdarıq edilir ki, çantasını yanından ayırmasın. Həmçinin aeroport ərazisində təhlükəli əşyaları, partlayıcı vasitələri aşkar etmək üçün itlərdən də istifadə edilməkdədir. Aeroporta yalnız bileti olanlar buraxılır. Ölkədən gedənləri yola salanlar hava limanının daxilinə buraxılmır.
Bundan başqa, metroda da təhlükəsizlik tədbirləri gücləndirilib. Müşahidələrimiz nəticəsində şahidi oldu ki, stansiyaların girişlərində sərnişinlərin çantaları daha diqqətlə yoxlanılır. Burada da terror törətmək istəyən şəxs öz pis niyyətlərini həyata keçirə bilməz.
Metrodan başqa bazarlarda, insanların toplu halda gəzdikləri yerlərdə polis nəfərlərinin gəzdiklərinin şahidi olduq. Onlar da asayişi ciddi şəkildə qoruyurlar.
İnsanlar arasında bütün bunlar rahatlıq yaratsa da, özümüzü güvəndə hiss etsək də, bir sual ortaya çıxır ki, Azərbaycana qarşı hansısa təhlükə mövcuddurmu?
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, 2 apreldən başlayan müharibə bütövlükdə Azərbaycanın təhlükəsizlik məsələsini növbəti dəfə aktuallaşdırdı: “Əlbəttə, düşmənin nə qədər məkrli olduğunu biz ötən on illərdə yaxşı görmüşük. Onlar qüvvələri parçalamaq, Dağlıq Qarabağı əsas zərbə hədəfindən yayındırmaq naminə bütün sərhəd boyu zonalarda hərbi həmlələrini həyata keçirməklə yanaşı, ölkənin içərilərində də müxtəlif terror planlarını reallaşdırmağı qarşıya məqsəd qoyublar. Təəssüflər olsun ki, bəzən bu məqsədlərinə çatıblar. Müxtəlif yerlərdə fərdi və ya qrup halında insanlarımızın ölümünə səbəb olublar. Yetər ki, biz metroda və digər bu kimi yerlərdə olan terror hadisələrini xatırlayaq. Onların ümumi sayı 32-yə qədərdir. Belə olan təqdirdə, xüsusilə Bakı şəhərində strateji obyektlərin qorunması çox böyük önəm daşıyır. O cümlədən hərbi nöqtələrin hər hansı ani hücumlardan qorunması da vacibdir. Müxtəlif şəkildə su hövzələri və kütləvi həyatı əhatə edən digər mənbələrin də təhlükəsizliyi böyük önəm kəsb edir. Zənn edirəm ki, bununla bağlı dövlətin bütün müvafiq strukturlarına gərəkən tapşırıqlar verilib”.
Deputat bildirib ki, müharibənin bu gün hər yerdə və hər cür üsullarla aparıla bilməsini nəzərə almalıyıq:“Düşmən tərəfi xəbərlər yaymışdı ki, Azərbaycanın daxili şəbəkələri ermənilərin içərilərinə, Dağlıq Qarabağa, o cümlədən Ermənistanın içərisinə sızmaq üçün müxtəlif cəhdlər edirlər. Hətta cəza batalyonumuzun üzvlərini də bütövlükdə kəşfiyyat qüvvələri kimi qələmə vermişdilər. Bunun əvəzində də onlar öz növbəsində hansısa cavab addımları atacaqlarını bildirirdilər. Şübhəsiz ki, ermənilər indi ciddi bir məğlubiyyət zərbəsini aldıqlarının fərqindədirlər. Əks həmlə üçün onların ən ağılsızının da Ermənistan Prezident Administrasiyasında müxtəlif terror planları cızmaq imkanları mövcuddur. Əminəm ki, Azərbaycanın yenidən qurulmuş dövlət təhlükəsizliyi orqanları ölkə boyunca əməliyyat şəraitini və vəziyyətini nəzarət altında saxlayır.
Fransa, Belçikada və ya digər yerlərdə də terror hadisələri baş verir. Dövlətlərlə bərabər terror qruplaşmaları da özlərinin imkanlarını zənginləşdirirlər. Bununla bərabər hər bir ölkə yenə də öz imkanlarını səfərbər etməyə çalışır. Əminəm ki, hər hansı bir erməni qrupunun Azərbaycan içərisində terror hadisəsi reallaşdırması mümkün olmayacaq. Xüsusilə də Bakının qorunması böyük önəm daşıyır. Ancaq eyni zamanda hər bir Azərbaycan vətəndaşı da özünün təhlükəsizliyinin qorunmasında müəyyən qədər iştirak etməlidir. Ayıq olmalı, ətrafa nəzarət etməli və digər bu kimi məsələlərdə diqqətli olmalıdır”.
Cia.az
