|
Bank sektoru təhlükədən çıxdımı...
İlin əvvəlindən başlanan bankların bağlanması prosesi artıq səngiyib. Üstəlik, banklara cavabdeh yeni qurum- Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Palata isə dollarla kredit verilməsini bir aylıq dayandırıb və bu, əksər ekspertlər tərəfindən normal addım kimi dəyərləndirilir. Maraqlıdır, bu ilin üç ayında bank sektoru təhlükədən çıxa bildimi? Hazırda bu sektorda hansı problemlər  var? Ekspertlər məsələ ilə bağlı musavat.com-a danışıblar.
Ekspert Fikrət Yusifov bildirib ki, bir-iki qərarla bank sektorunun problemlərinin həll olunacağını düşünmək sadəlövhlük olardı: “Burada söhbət Azərbaycan bank sisteminin köklü islahatlarından gedir. Yalnız belə islahatlar aparmaqla bank sisteminin bütün problemlərini həlli etmək olar. Bu gün bizdəki banklar bank kimi fəaliyyətdən çox uzaqlaşıblar. Onlar bəzən kredit almaq üçün təqdim olunmuş biznes layihələrini heç üzdən də belə araşdırmırlar. Bunun əvəzində isə girov götürmək, zamin tapmaq məsələlərinə maksimum önəm verirlər. Bu, bank fəaliyyəti deyil, sələmçilikdi. Sələmçiliklə məşğul olan banklar iqtisadiyyatın real sektorunun inkişafına heç bir töhfə verə bilməzlər. Bu səbəbdən də hesab edirəm ki, bank islahatları bütün başqa islahatlardan daha sürətlə aparılmalıdır. İlk növbədə onların nizamnamə kapitalına tələbi 10 dəfəyə qədər artırmaqla, sələmçi bankları sıradan çıxarmaq lazımdır. Azərbaycan böyüklükdə məmləkətə sahə maraqlarını da əhatə edən 4-5 çox geniş şəbəkəsi olan banklar lazımdır”.

Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində problemlər yerində qalır: “Sadəcə, Mərkəzi Bank o problemləri ertələdi. İndi və Mərkəzi Bankın səlahiyyətləri alınıb yeni yaradılmış palataya keçirildi. Qurumun yeni təyin olunmuş rəhbəri Rüfət Aslanlının bank sektoru ilə bağlı açıqlamaları oldu. Problemlərin qaldığını, hətta bankların likvidlik problemi yaşadığını, birləşmənin sonacan çatdırılmamasını bəzi kodlaşdırılmış sözlərlə dedi. Maliyyə sektoru ilə məşğul olan insanlar nədənsə çox qəliz danışmağı xoşlayırlar. Qəliz sözlərlə, qəliz cümlələrlə də olsa, dedi. Amma ”tərcüməsi" ondan ibarətdir ki, problemlər qalıb. Çox güman ki, bankların bəzilərinin bağlanması və birləşdirilməsi prosesi bundan sonra yeni yaradılmış qurumun nəzarəti altında davam edəcək. Dollar kreditlərinin bir aylıq eksperiment olaraq məhdudlaşdırılması əslində bank sektorunda hansı proseslərə təkan verə biləcəyini ölçmək üçün edilib. Çünki banklar özlərini sığortalamaq üçün ancaq dollarla kredit verməyi düşünürlər. 
 
Əhali isə krediti valyuta ilə götürmək istəmir. Və bu, istehlak kreditlərinin də sərtləşməsi ilə nəticələnir. İstehlak kreditlərinin sərtləşməsi ticarət dövriyyəsinə ciddi təsir göstərir. Pərakəndə ticarətlə məşğul olan şirkətlərin, dükanların bir çoxunda vəziyyət çox ağırdır. Bir çoxlarının bağlandığını və bağlanmaq üzrə olduğunu görürük. Şəhərdə vizual olaraq da dükanların üzərində olan elanlardan belə görmək mümkündür. Yəni bank sistemində olan problemlər həll olunmadı. Əksinə, problemlərin ört-basdır olunmasına çalışıldı və problemlər yerindəcə qalır. Və çox güman ki, yaxın zamanlarda bank sektorunda yeni yaradılmış qurumun rəhbərliyi altında müəyyən proseslərin olacağının şahidi olaq. Bu proseslər də əslində Mərkəzi Bankın başladığı proseslərin davamı olacaq. Bankların bağlanması və birləşdirilməsi prosesi olmalıdır. 

Çünki bank sistemində ciddi sağlamlaşma proseslərinə, əməliyyatlarına ehtiyac var. Bank sistemi çox zəifdir, həddindən artıq zəifdir. Özünün ciddi struktur problemləri var. Ciddi xarici borc problemi var. Təqribən dörd milyard dollara yaxın bankların ümumi borcu var xarici kreditorlar qarşısında. Bunun özü böyük bir problemdir. Ona görə də bank sektorunda heç bir problem həll olunmadı. Problemlər ertələndi və daha böyük problemlərin yaranmasına səbəb olacaq. Ona görə düşünürəm ki, yeni yaradılmış qurum müəyyən dərəcədə aktivliyi, təşəbbüsü öz üzərində götürüb bu sektorda müəyyən irəliləmələrə getmək məcburiyyətində qalacaq. Burada, açığı, ölkədə əhalinin bank sektoruna, milli valyutaya güvəninin kəskin şəkildə zəifləməsi fonunda çox ağrılı bir proses olacaq. Bankların kütləvi şəkildə bağlanması və yaxud birləşdirilməsi yenidən depozitlərə malik olan əhalidə müəyyən panik havasının yaranmasına səbəb ola bilər. 

Ona görə dövlət qurumları çox incə yanaşmalıdırlar bu məsələyə. Tez-tez insanlara doğru-dürüst məlumatlar verməlidirlər. Bununla bağlı televiziyalarda müəyyən maarifləndirici verilişlər, debatlar olmalıdır ki, əhali panik havası yaşamasın. Ən azından, ona görə ki, Əmanətlərin Sığortalanması Fondu çox zəif bir qurumdur. Bu günə qədər bağlanmış bankların əmanətlərini verib qurtara bilmir. Bundan sonra bu proses olacaqsa, hansı nəticələrə gətirəcək? Fond hansı addımları atacaq? Bunun üçün dövlət qurumları necə köməklik göstərəcəklər? Bütün bu suallara vətəndaşlarda aydın cavab olmalıdır ki, heç bir ciddi əndişə duymasınlar".
Cia.az