Prezident İlham Əliyev aprelin 5-də Müdafiə Nazirliyinin Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib. Ali Baş Komandan yaralı hərbçilərlə görüşdə əsgərlərə göstərdikləri qəhrəmanlığa görə minnətdarlıq edib: “Azərbaycan xalqı sizinlə fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız.
Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır”.
Sonra prezident hospitalda cəbhə bölgəsində yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşüb. İlham Əliyev deyib ki, Azərbaycan ordusu təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirib: “Erməni işğalçılarının bu təxribatlara əl atması birinci dəfə deyil. Mən dəfələrlə demişəm ki, onlar işğal olunmuş torpaqları daim öz nəzarətlərində saxlamaq istəyirlər, sülh istəmirlər, danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Bütün beynəlxalq, əxlaqi normaları pozublar, mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax istiqamətində təxribat törədiblər və hərbçilərimiz həlak olub. Bu hadisələr zamanı daima bizim kəndlərimizi atəşə tuturlar, mülki əhalidən həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub. Onların hərəkətləri budur. Azərbaycan ordusu, əsgərləri heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq. Qəhrəman Azərbaycan ordusu, əsgərlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi. Biz əsgərlərimizlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər”.
Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var: “Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur. Azərbaycan ordusu təmas xəttində tam üstünlüyə nail olub”.
Atəşkəs elan olundu.
Prezidentin yaralı hərbçilərlə görüşündən az sonra Azərbaycan Müdafiə Nazirliyi cəbhədə atəşkəsin elan olunması haqqında məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Müdafiə Nazirliyi bəyan edib ki, silahlı qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı “Dağlıq Qarabağ rejimi” də cəbhədə atəşin dayandırıldığı barədə məlumat yayıb. Bu barədə separatçı rejimin “mətbuat xidmətinin” rəhbəri Senor Asryan məlumat yayıb. Bildirilib ki, Ermənistanla Azərbaycan arasında atəşin dayandırılmasına dair ikitərəfli razılaşmanın hazırlanmasına başlanılıb.
Erməni tərəfinin məlumatına görə, 5 aprel saat 12-dən atəşkəs haqqında razılıq əldə olunub.
Beləliklə, 1994-cü ilin mayında əldə edilmiş atəşkəsdən indiyə qədər ilk dəfədir ki, Azərbaycan hərbi əməliyyatlarda işğalçı Ermənistan ordusunun geri çəkilməsini, dizinin yerə gəlməsini təmin etdi. Azərbaycan şəhidlər verməsinin, ağır döyüşlərin hesabına olsa da dünyaya, Ermənistana, Rusiyaya sübut elədi ki, Qarabağdan heç vaxt vaz keçməyib və keçməyəcək, Qarabağ məsələsində Azərbaycan xalqı istənilən an hərəkətə gəlmək iqtidarındadır. Sübut elədi ki, işğalçı ermənilər işğal etdikləri torpaqlarda rahat yaşaya bilməyəcəklər. Azərbaycan dövlətinin, xalqının, ordusunun öz torpaqlarını güzəştə getmək fikrində olmadığı bu bir neçə günlük müharibədə dünyaya sübut edildi. Elə ilk gündə Azərbaycan tərəfi atəşi dayandırmaq haqqında qərar qəbul eləmişdi, amma hücumlar davam elədi. Atəşkəs elan olunsa belə biz geri çəkilən tərəf olmadıq, yeni torpaqlar alındı, ruh yüksəkliyi yarandı. Ermənistan anladı ki, qarşısında 1990-cı illərdə əzdiyi silahsız, könüllü qruplaşmalar deyil, milyardla ölçülən büdcəsi olan nizami Azərbaycan ordusu var. 2-3 belə “atəşkəs pozulmasından” sonra Şuşada olacağıq. Pessimist olmağa, depressiyaya düşməyə heç bir əsas yoxdur!
Deputat: “Ordumuz parlaq qələbəsi...”
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, aprelin 2-dən sonra cəbhədə baş verənləri Azərbaycan ordusunun parlaq qələbəsi saymaq olar: “Aprelin 2-dən ordumuz böyük sücaət göstərdi. Azərbaycan xalqı öz ordusu ilə ürəkdən fəxr edir, torpaqlarımızın tamamilə azad olunacağına əminlik yaranıb. Etiraf edim ki, bəzən bizim özümüzün torpaqların qaytarılmasına ümidimiz ölmüşdü. Bu ümidlər yenidən dirçəldi. Elə bil biz yenidən doğulduq. İndi xalqımızda elə bir ruh yüksəkliyi yaranıb ki, bunu vaxtilə müstəqillik uğrunda xalq hərəkatında əldə etdiyimiz uğur zamanı yaranmış ruh yüksəkliyi ilə müqayisə etmək olar. Qələbə sevincinin nə olduğunu biz bu bir neçə gündə yaşadıq. Mən ordumuzla, Ali Baş Komandanımızla buna görə fəxr edirəm. Ordumuz axır vaxtlar çox quduran erməni ordusunu darmadağın elədi. Müharibədə ən mühüm amillərdən biri xalqda ruh yüksəkliyi, orduya, dövlətə inamdır. Bu gün Azərbaycanda bu amillər ən yüksək səviyyədədir. Artıq əminik ki, torpaqlarımızın hamısı azad olunacaq”.
Deputat bəyan etdi ki, aprelin 2-dən cəbhədə baş verənlər Qarabağ savaşında əsl dönüş nöqtəsidir: “Biz düşməni sındırdıq, onun özündənrazılığına, arxayınlığına misli görünməmiş zərbə vurduq. Biz bir neçə ciddi strateji nöqtələri almaqla çox böyük əraziləri almışıq. Ona görə də bu hadisəni həlledici dönüş adlandırıram. Bundan sonra şərtləri biz diktə edəcəyik”.
Siyasi ekspert: “Qarabağ milləti bütövləşdirən təməl faktordur”
Siyasi ekspert Şahin Cəfərli isə bildirdi ki, ilkin reaksiyalardan belə görünür ki, atəşkəs qərarı Azərbaycan cəmiyyətində müəyyən məyusluq yaradıb, cəmiyyət dayanmamaq, irəliləmək istədiyini nümayiş etdirir. Çünki 1994-cü ildən bəri ilk dəfə idi ki, Azərbaycan dövləti itirilən ərazilərini geri qaytarmaq üçün real addımlar atmağa başlamışdı və cəbhədən gələn xəbərlər insanlarda ruh yüksəkliyi, böyük ümid oyatmışdı: “Qarabağ müharibəsində məruz qaldığımız məğlubiyyətlər və qətliamlar şüuraltı olaraq millətimizdə bir ”Qarabağ travması" yaratmışdı və toplumumuz bu travmadan bir an öncə qurtularaq qalib millət kimi özünü təsdiqləmək arzusunda idi. Bu məsələnin sosial-psixoloji tərəfləri yəqin ki, önümüzdəki günlərdə ənənəvi və sosial mediada, cəmiyyətdə əsas müzakirə mövzularından biri olacaq. Hələlik qısaca onu deyək ki, cəbhədə əldə edilən hərbi uğurlar Azərbaycan xalqının özünəinam hissini ciddi şəkildə artırdı və onu birləşdirdi. Məlum oldu ki, cəmiyyətimizdəki irili-xırdalı problemlərə, siyasi fikir ayrılıqlarına, hətta siyasi xarakterli düşmənçiliklərə, barışmaz münasibətlərə rəğmən, xalq hər an milli vəzifə naminə ayağa qalxmağa və bir araya gəlməyə hazırdır. Qarabağ məsələsinin milləti bütövləşdirən təməl faktor olduğu ortaya çıxdı. Bu, çox önəmlidir və hər kəs, xüsusən Azərbaycanı idarə edənlər və hakimiyyət iddiası olan müxalif qüvvələr sonrakı fəaliyyətlərində nəzərə almalıdır".
Ş.Cəfərli hesab edir ki, Qarabağ probleminin həllində yeni mərhələ başlandığını qətiyyətlə söyləyə bilərik:“Biz artıq həll prosesində fərqli bir mənzərənin, fərqli yanaşmaların şahidi olacağıq. Danışıqlar prosesi daha konkret məsələlər ətrafında aparılacaq və nəticə olacaq. Azərbaycanın keçirdiyi lokal hərbi əməliyyatlara Rusiyanın göz yumması çox önəmli məsələdir və ayrıca diqqət tələb edir. Bunun həm mənfi, həm də müsbət cəhətləri var. Mənfi cəhəti odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın dominant rolu qalır və tərəflər onun iradəsindən kənar hər hansı ciddi addım atmaq imkanından məhrumdur. Müsbət tərəfi isə odur ki, Rusiya Azərbaycanın müəyyən ərazi çərçivəsində də olsa, hərbi əməliyyatlarına göz yumubsa və bir növ, buna razılıq veribsə, deməli, Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə meyllənir. Düşünürəm ki, Azərbaycanın lokal hərbi əməliyyatlar keçirməsinə böyük güclər tərəfindən etiraz edilməməsi və buna imkan verilməsinin əsas səbəblərindən biri Ermənistanı danışıqlarda konstruktiv mövqe tutmağa məcbur etmək olub. Çünki danışıqlar prosesində tərəflər arasında balans yox idi, Ermənistan şərt diktə etməyə çalışan, Azərbaycan isə böyük ərazi itkisi səbəbilə əlverişsiz durumda olan tərəf idi. Ermənistanı, necə deyərlər, yola gətirmək və yaxın gələcəkdə Serj Sərkisyanın danışıqlar prosesində edəcəyi güzəştlərə qarşı Ermənistan cəmiyyətində güclü etiraz dalğasının qalxmaması üçün Azərbaycanın güc nümayişi zərurətə çevrilmişdi. Artıq Sərkisyanın əlində əsas var ki, ölkə daxilində güzəştlərə etiraz edəcək qüvvələrə alternativ yolun güclü orduya malik Azərbaycanla ağır savaş, çoxlu insan itkisi, qan və gözyaşı olduğunu söyləsin. Mən bu məsələnin Azərbaycan-ABŞ-Rusiya üçbucağında müzakirə olunduğunu və razılaşdırıldığını düşünürəm. Yəqin ki, Moskvanın 22 ildən sonra münaqişənin həllinə meyllənməsində ABŞ-ın təzyiqləri, ümumən Qərb-Rusiya qarşıdurmasında Rusiyanın geriləməsi və zəifləməsi də mühüm rol oynayıb”.
“Şəhidlər ölməz, vətən bölünməz!”
Atəşkəs razılaşması elan edilən ana qədər isə cəbhə xəttində döyüşlər davam edib və hər iki tərəfdən itkilər barədə informasiyalar yayılıb. Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutub. Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşə tutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.
Dünən Azərbaycanın müxtəlif şəhər və rayonlarında son günlərdə döyüşlərdə şəhid olan qəhrəman hərbçilərinin dəfn mərasimləri də keçirilib. Şəhidlərin dəfn mərasimlərinə on minlərlə insan qatılıb. Hər bir şəhidin dəfn mərasimində izdiham və böyük ruh yüksəkliyi müşahidə olunub.
Dünən həmçinin bəlli olub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona gəlib. (musavat)
Cia.az
