Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Rusiya Federasiyasının İctimai Palatasına müraciət göndərib.
APA-nın məlumatına görə, müraciətdə ermənilərin 1 apreldən başlayaraq atəşkəs rejimini pozması, dinc əhalini, həmçinin təmas xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəş tutması qeyd edilib. Nəticədə, mülki obyektlərə zərər dəyib, həlak olan və yaralananlar var. Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatlara cavab tədbirləri həyata keçirildiyi qeyd olunan müraciətdə ordumuzun şəhidlər verdiyi göstərilib.
Cəbhə xəttində baş verənlərin dünyanın, o cümlədən Rusiya KİV-nin də diqqətində olduğunu qeyd edən müraciət müəllifi Rusiya KİV-də Azərbaycana qarşı kampaniya aparıldığını, qərəzli mövqe tutulduğunu təəssüflə İctimai Palata rəhbərliyinin diqqətinə çatdırıb.
Rusiya telekanalı NTV iki erməni uşaq həyatını itirdiyini iddia edərək, yalan məlumat yayıb.
Həmçinin, televiziya beynəlxalq hüquq zidd olaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nın seperatçı rejimininin nümayəndəsindən müsahibə götürüb. “Bu münasibət, əlbəttə, Azərbaycan və Rusiya arasında ikitərəfli dostluq münasibətlərinə zərər vurur. Rusiya bu qondarma qurumu tanımır, baş verənlər Rusiya Federasiyasının rəsmi mövqeyinə ziddir” – deyə, müraciətdə bildirilir.
Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasını xatırladan Azay Quliyev bildirib ki, təmas xəttində baş verənlərlə bağlı Rusiya ictimaiyyətinin obyektiv informasiya ilə təmin olunmasına zərurət var.
Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığını, BMT-nin 4 məlum qətnaməsinə əməl etmədiyini nəzərə çatdıran Azay Quliyev bildirib ki, Azərbaycan dəfələrlə münaqişənin sülh yolu ilə həllinə sadiqliyini bəyan edib. 3 apreldə Azərbaycan Müdafiə Nazirliyinin əməliyyatları birtərəfli qaydada dayandırdığını bəyan etməsi də buna sübutdur.
Təəssüf ki, Ermənistan tərəfi hələ buna bənzər qərar verməyib və onların təxribat hərəkətləri ilə vəziyyətin gərginləşdirilməsi davam edir.
Azərbaycanın Ermənistanın işğalına dözmək fikri olmadığı qeyd edilən müraciətdə Azay Quliyev İctimai Palatanı Rusiya KİV-lərində qərəzli informasiyaların dayandırılması üçün bütün zəruri addımları atmağa çağırıb.
Cia.az
