|
Mərkəzi Bankın valyuta ehtiyatı artıb - səbəblər...
Uzun aylardan sonra ilk dəfə Mərkəzi Bankın valyuta ehtiyatı artıb. Bankın rəsmi valyuta ehtiyatları 2016-cı il aprel ayının 1-nə 4 065,8 milyon ABŞ dolları təşkil edib. Rəsmi valyuta ehtiyatları martın 1-nə olan göstərici ilə müqayisədə 39,5 milyon dollar və ya 1 faiz artıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 950 ,9 milyon dollar və ya 19 faiz təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə rəsmi valyuta ehtiyatları 5 406,3 milyon dollar və ya 57,1 faiz azalıb.  Ekspertlər Mərkəzi Bankın valyuta ehtiyatının artmasının səbəblərini musavat.com-a izah ediblər. 
 
Ekspert Əkrəm Həsənov bildirib ki, səbəb dövriyyədə manat kütləsinin çatışmamasıdır: “Səbəb budur ki, dövriyyədə manat kütləsi çatışmır. Martda isə həm əhalinin, həm sahibkarların, həm də bankların manata ehtiyacı olub. Buna görə də dollar ehtiyatlarını manata dəyişiblər. Yəni Mərkəzi Bank əhaliyə və sahibkarlara manat satıb, dollar əldə edib. Eyni zamanda dollara olan tələbatı isə Mərkəzi Bank deyil, Neft Fondu ödəyib, yəni dollar satıb”.

Ekspert Samir Əliyev isə bildirib ki, mart ayında Mərkəzi Bankın valyuta ehtiyatı 9 aylıq fasilədən sonra yenidən artıb: “Ötən ay artım 39,5 milyon dollar olub və bununla da baş bank ehtiyatlarını 4 milyard dollarlıq psixoloji həddən bir qədər uzaqlaşdırmağa müvəffəq olub. Hazırda ehtiyatın həcmi 4 milyard 65 milyon 800 min dollardır. Neft Fondunun son aylar valyuta hərraclarında aktiv iştirakı Mərkəzi Banka ehtiyatlarını qorumağa imkan verib. Hətta ötən ay Mərkəzi Bank ümumiyyətlə satış həyata keçirməyib və valyuta hərraclarında satılmış 482 milyon dolların hamısı Neft Fonduna məxsus olub. Məhz buna görə Mərkəzi Bank ehtiyatlarını qoruya bilib”. 
 
Onun sözlərinə görə, artımın məhz nəyin hesabına baş verdiyini müəyyənləşdirmək çox çətindir: “İlk versiya onunla bağlıdır ki, Neft Fondunun hərraca çıxartdığı və bankların almadığı dolların bir hissəsi Mərkəzi Bank tərəfindən alına bilər. Pul bazasının 147 milyon manat artması da dollar alışı fikrini möhkəmləndirir. Ancaq başqa amillər bunun əleyhinədir. Əvvəla, əgər Mərkəzi Bank hərrac vasitəsilə Neft Fondunun dollarını alsaydı bu barədə məlumat yayılardı. Belə məlumat isə olmayıb. Həm də Neft Fondunun büdcə transferti üçün orta aylıq limiti 400 milyon dollar civarındadır. Mart ayında isə fond 482 milyon dollar satıb. Ona görə fondun artıq dollar satışına ehtiyacı yoxdur. Deməli, bu versiya inandırıcı görünmür. Fikrimcə, artım Mərkəzi Bankın valyuta ehtiyatlarının aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində baş verib. Çünki mart ayında dollar əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatlarının təxminən üçdə birini təşkil edən avro dollara münasibətdə mart ayında 5,4 faiz artaraq 1,08-dən 1,138-ə yüksəlib. Bu isə təxmini hesablamalara görə, dollar ifadəsində 60-65 milyon əlavə artım deməkdir. Ötən ay ehtiyatda üçüncü ən böyük paya malik ingilis funtu dollara nisbətən 3,3 faiz bahalaşıb. Göründüyü kimi, aktivlərin martın 31-i tarixinə yenidən qiymətləndirilməsi nəticəsində ehtiyatların artımı baş verib”.

Ekspert bildirib ki, aprel ayında vəziyyətin necə dəyişəcəyi Neft Fondunun bazara hansı həcmdə dəstəyindən və Mərkəzi Bankın manat intervensiyasının həcmindən asılı olacaq: “Əhali tərəfindən psixoloji təsir altında dollar satışı artsa, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını artıra bilər. Çünki dollar təklifinin artması Mərkəzi Bankı alışı həyata keçirməyə məcbur edə bilər. Ancaq manatın möhkəmlənməsi, yəni 1.50 həddindən də yuxarı qalxması hökumətə sərf etmir. Neft Fondunun digər öhdəlikləri onun bazarda iştirakını bir qədər azalda bilər. Belə vəziyyətdə əsas güc yenə baş bankın üzərinə düşəcək. Mərkəzi Bank isə öz növbəsində aprel ayında da ehtiyatların 4 milyarddan aşağı düşməsinə imkan verməyəcək”. 
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, mart ayının sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 milyard 65 milyon dollar olub ki, bu ,əvvəlki ayla müqayisədə 39,5 milyon dollar və ya 1 faizə yaxın artım deməkdir: “Mərkəzi Bankın valyuta ehtiyatlarını qoruyub saxlaması ötən ay hərraclarda Dövlət Neft Fondunun dolları təklif etməsi ilə bağlıdır. Hərraclara qatılmayan Mərkəzi Bank öz valyuta ehtiyatlarını qoruyub saxlaya bildi. Eyni zamanda Azərbaycanda dövriyyədə olan manat kütləsi 6 milyard 535,8 milyon manata çatıb. Bu, fevral ayının yekunu ilə müqayisədə 147,3 milyon manat çoxdur. Deməli, bir tərəfdən Mərkəzi Bankın xarici valyuta ehtiyatlarında, digər tərəfdən isə manat bazasında cüzi artımlar baş verib. Bununla belə, son hərraclarda Dövlət Neft Fondunun satışa çıxardığı dollara tələb də olduqca az idi. Hətta son hərracda fond 100 milyon dollardan cəmi 1 milyon dolları sata bilmişdi. Bu isə dollarlaşma səviyyəsinin yüksək olması və bazarın xarıcı valyuta təklifi nəticəsində hərraclara çıxarılan pula tələbin olmaması ilə bağlıdır. Amma Dövlət Neft Fondu öz xərcləmələri üçün dollarını manata çevirməlidir. Başqa cür öz xərcləmələrini, o cümlədən büdcəyə köçürmələri edə bilməz. Banklar isə həmin pulu almırlar. Deməli, proses belə gedə bilməz. Bütün hallarda fondun dolları satılmalıdır. Banklar dollar almadığı halda isə manata malik olan digər qurum Mərkəzi Bankdır. Belə olan halda isə güman olunur ki, Mərkəzi Bank növbəti hərraclarda artıq xarici valyuta satışını deyil, dollar alışını həyata keçirəcək. Bu isə manat-dollar məzənnəsinin yenidən stabilləşməsinə gətirib çıxara bilər.

Çünki bu halda dollara yenidən tələb formalaşacaq. Əgər Mərkəzi Bank hərraclara mütəmadı alıcı qismində çıxarsa, bu, manatın məzənnəsindəki möhkəmlənmələrin dayanmasına səbəb olacaq. Hətta bu, yenidən dolların bahalaşmasına gətirib çıxara bilər. Bu, Mərkəzi Banka öz xarici valyuta ehtiyatlarını artırmaq və manat bazasını genişləndirmək imkanı verəcək. Manat bazasının artması isə yenidən bazarda dollara tələbin yüksəlməsi deməkdir”
Cia.az