Son günlər milli valyuta olan manat dollara qarşı dəyər qazanmaqdadır. Hətta bir neçə gün cəbhədə baş verən hərbi əməliyyatlar da manatın məzənnəsini aşağı salmayıb. Aprelin 4-nə dolların məzənnəsi 1,5094 AZN təşkil edib. Adətən hərbi əməliyyat, yaxud terror aktları baş verərkən ölkələrdə milli valyuta dəyərdən düşür, həmçinin qiymətli kağızlar bazarında qiymətlərdə enmələr baş verir. Azərbaycan manatının dəyərdən düşməməsinin səbəblərini musavat.com-a ekspertlər izah ediblər.
Keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib ki, son günlər manatın məzənnəsində baş verən müsbət dəyişikliklərin elə də ciddi bir səbəbi yoxdur: “Başlıca səbəb budur ki, son bir neçə ay ərzində əlində manat olan hər kəs- istər fiziki şəxs olsun, istərsə də hüquqi şəxs, onu dollara dəyişməyə üstünlük vermişdi. Hər kəs hesab edir ki, manatın son devalvasiyasından sonra onun bir daha kəskin ucuzlaşması baş verəcək və belə olan halda onlar əllərindəki dollarları satıb, daha çox manat əldə edə biləcəklər. Lakin bu, baş vermədi. Çünki manat idarəolunan üzən məzənnəyə keçib. Bu isə o deməkdir ki, Mərkəzi Bank prosesi bütövlükdə nəzarət altında saxlayır və məzənnədə kəskin dəyişikliklərin baş verməməsi üçün o, bazara təkcə valyuta çıxarmaqla müdaxilə etmir, eyni zamanda dövriyyədə manat kütləsini azaltmaqla da vəziyyəti nizamlaya bilir. Son bir il ərzində Mərkəzi Bank dövriyyədə manatın həcmini 2 dəfəyə qədər azaldıb. Belə manat çatışmazlığı şəraitində əllərdə olan milli valyutanın kütləvi şəkildə dollara dəyişdirilməsi isə nəticə etibarı ilə, bir müddətdən sonra manata olan tələbatın daha kəskin hiss olunmasına gətirib çıxardı. Manatın kəskin ucuzlaşmasının baş vermədiyini görənlər ölkə daxilində ödənişləri etmək, alış-verişi həyata keçirmək üçün indi də əllərində olan dolları yenidən manata çevirmək zorunda qaldılar. Bu səbəbdən də indi dollar ucuzlaşır, manat isə öz dəyərini artırır. Prosesin çox davam edəcəyi gözlənilən deyil. Real görünən budur ki, manatın məzənnəsi 1 dolların 1 manat 50 qəpik ətrafında bərabərliyi nisbətində formalaşacaq”.
Ekspertin sözlərinə görə, cəbhədə baş verən hadisələrin manatın məzənnəsinə mənfi təsir edəcəyi isə gözlənilən deyil: “Əslində bir neçə gün ərzində baş verən bu olayların maliyyə bazarına təsiri gözlənilən ola bilməzdi. Digər tərəfdən, Azərbaycanın maliyyə vəziyyəti elə bir səviyyədə deyil ki, cəbhədəki hər hansı bir gərginlik milli valyutanın məzənnəsinə dərhal təsir etsin. Bax, bu halın Ermənistanda baş verəcəyi tam gözləniləndir. Çünki ölkə bütün mənalarda dilənçi statusuna malik bir durumda yaşayır. Rusiyanın və xaricdəki erməni diasporunun yardımları olmasa, bu ölkənin nəinki milli valyutası, bütövlükdə iqtisadiyyatı bir neçə aya tam çökər”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, manatın məzənnəsinin ucuzlaşmamasının səbəbi ölkədə sərbəst maliyyə bazarının olmamasıdır: “Ölkədə sərbəst maliyyə bazarı yoxdur. Digər ölkələrdə səhmlər və milli valyuta bu cür əməliyyatlar zamanı ona görə düşür ki, orada sərmayəçilər var. Bizdə onsuz da xarici sərmayəçilər yoxdur. Onsuz da milli valyutamız dəyərdən düşüb və yalnız inzibati yolla saxlanılır. Yəni düşməyə, sadəcə, yer yoxdur. Söhbət Qazaxıstandan, Rusiyadan getsəydi, bu halı orada müşahidə etmək olardı. Çünki qiymətli kağızlar bazarı var, milli valyutanın dəyərini bazar müəyyən edib. Bizdə heç nəyi bazar müəyyən etmir. Yəni milli valyutanın dəyəri inzibati qaydada müəyyənləşdirilir. Qiymətli kağızlar bazarımız da yoxdur. Xarici sərmayəçilər də yoxdur. Xarici şirkətlər və onların filialları son bir ildə bağlanılıb. Əsas səbəblər bunlardır”.
Bəs hərbi əməliyyatlar yenidən bərpa edilərsə, davamlı olarsa, manatla bağlı hansısa təhlükə varmı? Ekspertlər musavat.com-a bununla bağlı proqnozlarını da açıqlayıblar. Ekspert Natiq Cəfərli bildirib ki, hadisələrin manata birbaşa təsiri əsasən ölkəyə gələn valyuta ilə bağlıdır: “Təbii ki, ölkəyə gələn valyuta azaldıqca manatın dəyərdən düşməsi prosesi sürətlənir. Baxmayaraq ki, Mərkəzi Bank son zamanlar dolların məzənnəsinin azalması ilə bağlı əməliyyat həyata keçirir. Dolların məzənnəsini heç bir əsas olmadan aşağı salır. Yəni bunun ciddi iqtisadi əsası yoxdur. Təbii ki, münaqişə alovlanarsa, müharibə şəraiti olarsa, milli valyuta dəyərdən düşə bilər. Bütün müharibə şəraitində olan, müharibə qızışan ölkələrdə həmişə milli valyuta dəyərdən düşür. Bu, iqtisadiyyatın əsas göstəricilərindən biridir”.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, manatın məzənnəsi ilə münaqişənin arasında ciddi birbaşa əlaqə yoxdur: “Çünki Azərbaycan manatı valyuta bazarındakı tələb və təklif tarazlığından asılıdır. Bu tələbləri formalaşdıran ehtiyaclarımız var. Təkliflərimiz də neftin dünya bazarlarında qiymətlərindən asıldıır”.
Cia.az
