Ölkədə, cəhbə xəttində baş verən hərbi əməliyyatlar iqtisadi layihələrlə bağlı da bir çox suallar yaradır. Hazırda əməliyyatlar Azərbaycan tərəfindən birtərəfli qaydada dayandırılsa da, bu cür əməliyyatların və ehtimal olunan müharibənin regional layihələrə təsiri də müzakirə mövzusudur. Ekspertlər musavat.com-a bununla bağlı proqnozlarını açıqlayıblar.
Ekspert Natiq Cəfərli bildirib ki, müharibə regional layihələrə ciddi təsir göstərə bilər: “Təbii ki, təsiri olacaq. Ortada 1994-cü ilin təcrübəsi var. 1994-cü ildə atəşkəsin elan olunması konsorsiumun əsas tələblərindən biri idi. Həm böyük müqavilənin, ”Əsrin müqaviləsi"nin iştirakçısı olan ölkələrin və şirkətlərin əsas tələblərindən biri idi ki, “Bakı-Ceyhan” neft kəməri ilə bağlı heç bir problem yaşanmasın. Və təbii ki, böyük bir layihə olan Cənub Qaz Dəhlizi layihəsinin də həmin münaqişə bölgələrinə, işğal altındakı torpaqlarımıza yaxın bir yerdən keçməsi və gələcəkdə belə bir ehtimalın olması, müharibənin olması ehtimalı konsorsium iştirakçılarını ciddi şəkildə əndişələndirəcək, bu sual meydana çıxacaq. Böyük layihələrin gələcəkdə fəaliyyət göstərməsi üçün sabitliyin olması və müharibə şəraitinin olmaması, sülh çox vacibdir.
Amma Azərbaycanın da özünün bir cızdığı cizgiləri var. Azərbaycan da işğal altında olan torpaqları 25 ilə yaxındır ki, işğaldan azad edə bilmir. Torpaqları azad etmək hüququndan istifadə etməlidir. Əslində Azərbaycan hökuməti üçün bu şəraitdən çox məharətlə istifadə etmək şansı yaranıb. Bu şansı əldən verməmək lazımdır. Əgər o ölkələr Cənub Qaz Dəhlizi layihəsinin işləməsini istəyirlərsə, paralel olaraq münaqişənin həllini də həmin ölkələrin obrazlı desək, boynuna qoymalıdır. Əgər Avropa dövlətlərinə Azərbaycan qazı lazımdırsa, münaqişə gələcəkdə boru kəmərlərinə problem yarada bilərsə, məsələ qoymaq lazımdır və kəskin şəkildə bildirmək lazımdır ki, işğal altında olan torpaqlar azad olunsun. Bu münaqişənin ən azından infrastrukturdan daha da aralanmasına xidmət etməlidir. Yəni şəraitdən bu cür də istifadə etmək mümkündür".
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, ölkəyə maraq göstərən investorlar bu fakta da diqqət çəkəcəklər: “Amma mövcud layihələrə təsir edəcəyini ehtimal etmirəm. Həm mədən sənayesi sektorunda, həm digər sahələrdə Azərbaycanın daxil olduğu layihələr davam edəcək. Amma nəzərə almaq lazımdır ki, belə hadisələr investorların diqqətində olur. Bu məsələlər Azərbaycanla bağlı qərar qəbul etmək istəyində olan investorların diqqətindən qaçmayacaq. Hesab edirəm ki, eyni şeyi Ermənistanla da bağlı demək olar. Çünki Ermənistan da təbii ki, bu istiqamətə - investorların ölkəyə marağı məsələsində müəyyən əziyyət çəkəcəklər. Amma Ermənistan iqtisadiyyatı onsuz da investorlar üçün çox da maraqlı deyil. Amma Azərbaycanda xüsusilə də qeyri-neft sektoruna xarici investisiyanın yatırılmasına ehtiyac var. İndiki halda fikrim ondan ibarətdir ki, enerji layihələri, mədən sənayesi layihələrində heç bir dəyişiklik olmayacaq. Yəni onlar artıq onsuz da imzalanıb. Müəyyən mərhələlər başa çatdırılıb və bundan sonrakı mərhələdə də xarici investorların bu sahədəki iştirakında ciddi dəyişiklik gözləmirəm. Amma sabah Azərbaycan özəlləşdirməyə gedərsə, xüsusilə də böyük şirkətlər özəlləşdirməyə çıxarılarsa, investorlar bunu risk faktoru kimi, risklərdən biri kimi dəyərləndirə bilərlər. Dövlətin də bu istiqamətdə fəaliyyətini təqdir edirəm. Hər bir halda, investisiya riskinə, mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın itirilmiş topraqlarının geri alınması istiqamətində fəaliyyəti davam etməlidir”.
Cia.az
