|
Gürcü deputatlar Avronestə Azərbaycan əleyhinə çıxıb
Avropa Parlamentinin Azərbaycan hakimiyyətini narazı salan qətnaməsinə cavab olaraq Milli Məclisin 2015-ci ilin 14 sentyabrında Azərbaycanın Avronest Parlament Assambleyasından çıxması barədə qəbul etdiyi qərardan ermənilər öz maraqları lehinə yararlanmağa başlayıblar. 
Belə ki, martın son həftəsində Avronest PA-nın sessiyasında Avropa İttifaqı və “Şərqi Tərəfdaşlığı” ölkələrinin xarici siyasət və mümkün təhlükələr üzrə mövqeyi barədə məruzə layihəsi dinlənilib və bu zaman Azərbaycan nümayəndə heyətinin yoxluğu İrəvanın xeyrinə olub. Erməni deputat, Arvonest PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Artak Zakaryan Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici siyasət və mümkün təhlükələr üzrə mövqeyi barədə məruzə layihəsindən ermənilərə sərf etməyən, lakin Azərbaycanın xeyrinə olan bəzi ifadələri çıxarmağa müvəffəq olub. 
 
Bir çox siyasi təhlilçilər bildiriblər ki, bu hadisə Azərbaycan Milli Məclisinin Avronest PA-dan çıxmaq barədə qərarının yanlış, zərərli olduğunu bir daha ortaya çıxarıb. Ona görə də Milli Məclis ötən ilin 14 sentyabrında qəbul etdiyi qərarı ləğv etməli və Avronest PA-da fəaliyyətimiz bərpa edilməlidir. 

Bəs Milli Məclisin deputatları bu barədə nə düşünürlər? 
 
YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Avronest PA-nın bu şəkildə sənəd qəbul etməsi Milli Məclisin bu qurumdan çıxmaqla bağlı verdiyi qərarın haqlı olduğunu bir daha ortaya çıxardı: “Avronest 6 ölkənin birgə Parlament Assambleyası idi. Ancaq o, həmin ölkələrlə Avropa Birliyi arasında əməkdaşlığı genişləndirmək əvəzinə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirən addımlar atırdı. Avropa Birliyində isə vaxtaşırı bir qrup deputatın səyi nəticəsində Avropa Parlamentindəki boşluqdan istifadə edib Azərbaycan əleyhinə bir sıra qətnamələr qəbul edilmişdi. Çox prinsipial şəkildə Azərbaycanın suverenliyinə hörmət edilmədikdə o cür addımlara etirazını ortaya qoyub. Avronestin qəbul etdiyi həmin sənədin isə heç bir hüquqi əsası yoxdur. Azərbaycanın ərazi bütövlüyü məsələsi bu gün ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qəbul edilir. Ermənistanın Avronestdə məlum taktiki məsələdə xırda bir uğuru onun işğalçılıq siyasətinə hər hansı bir uğur gətirə bilməz. Hesab edirik ki, Avronest bu gün Azərbaycanın maraqları qorunan yer deyil, Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir struktur deyil. O baxımdan keçən il Milli Məclisin qəbul etdiyi qərarı düzgün hesab edirəm”.
Milli Məclisin deputatı Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında dedi ki, Milli Məclisin Avronest PA-dan çıxmaqla bağlı qərarına yenidən baxmağa ehtiyac görmür: “Məni Avronestin hanssa sənəd qəbul etməsindən çox Azərbaycanın strateji müttəfiqi sayılan Gürcüstan deputatlarının ermənilərin istəyini yerinə yetirməsi narahat edir. Narahatedici məqam odur ki, gürcü deputatlar erməni deputatların səsinə səs veriblər. İndi də özlərinə haqq qazandırmağa çalışırlar. Artıq bir neçə belə hadisələr olub ki, Gürcüstanın nümayəndə heyəti bu cür səhvlərə yol verir. Strateji müttəfiq bu cür davranmamalıdır. Avronestdə qəbul edilən həmin sənəddə bir neçə ştrix keçib. Ancaq elə bir əhəmiyyət kəsb eləmir. Çünki bütün aparıcı beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Odur ki, indi Milli Məclisin Avronest PA-dan çıxmaqla bağlı qərarına yenidən baxmaq və oraya yenidən nümayəndə heyəti göndərməyə ehtiyac yoxdur”.
BQP sədri, deputat Fazil Mustafa isə “Yeni Müsavat”a bildirdi ki, Avronestlə bağlı qərarı doğru hesab etmir: “Təbii ki, Avronestdən gözləntimiz çox azdır, Avropa İttifaqında bizə qarşı müəyyən ikili standartlar var. Bunları anladıq, amma o yerdə ki, sən olmursan, o yerdə artıq başqa ölkələrin öz maraqlarını həyata keçirməsinə mane ola bilmirsən və sənə qarşı olan addımları da əngəlləyə bilmirsən. Halbuki Azərbaycan nümayəndə heyəti orada olanda biz bunun qarşısını ala bilirik. Bunlar hamısı düşündürücü məsələlərdir və bu məsələlərdə xeyli geridəyik. Ona görə də Milli Məclisin keçən il Avronestlə bağlı verdiyi qərarı üzərində bir müzakirə aparılmağına dəyər. Biz hər yerdə olmağa çalışmalıyıq”.
Cia.az