YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a geniş müsahibə verib. Bir sıra aktual məsələlərdən bəhs edən müsahibəni təqdim edirik:
- Siyavuş bəy, “Avronest”in 21-23 mart sessiyasında erməni deputat qrupu Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici siyasət və təhlükələr üzrə hazırlanmış məruzəsindən “işğal edilmiş ərazilər” ifadəsini çıxarmağa nail olub. Azərbaycan “Avronest”dən çıxanda bu kimi zərbələri proqnozlaşdırırdımı?
- Əslində “Avronest” ondan ötrü yaranmışdı ki, Avropaya doğru inteqrasiya məsələləri daha da sürətləndirilsin, Avropa İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlıq daha da genişləndirilsin. Lakin bundan əvvəlki illərdə Avropa Parlamenti, habelə erməni lobbisinin təhriki, ermənipərəst qüvvələrin tövsiyəsi ilə müxtəlif QHT-lər, konqresmen və senatorlar tərəfindən Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənməyə başladı. Avropa Oyunlarına qanunsuz müdaxilə, Azərbaycandakı seçkilərə müşahidəçilərin göndərilməməsi üçün təsirlər, ardıcıl olaraq Azərbaycan əleyhinə qeyri-obyektiv qətnamələrin qəbul olunması onu göstərdi ki, biz əməkdaşlıq etmək istəyirik. Lakin biz nə qədər əməkdaşlığa çalışırıqsa, onlar bizim əleyhimizə şəxsi maraqlarını əsas götürüb fəaliyyət göstərirlər.
Burada da bir neçə məsələ əsas rol oynayır: birincisi, erməni lobbisinin təsiri; ikincisi, Azərbaycanın müstəqil siyasət aparması; üçüncüsü, Azərbaycanın heç bir bloka qoşulmaması. Burada dördüncü amil də var. Belə ki, ayrı-ayrı firmalara himayədarlıq edən Avropa Parlamenti üzvlərinin Azərbaycanın sərvətlərindən güzəştli şəkildə istifadə etmək, yaxud biznes şəbəkələrini genişləndirmək istəyi var. Bu məsələlərlə bağlı onlar da bu və ya digər şəkildə cəhdlər göstəriblər və Azərbaycanın maraqlarına qarşı çıxıblar. Azərbaycan artıq elə bir seçim vəziyyətinə gəlib çıxıb ki, əgər əməkdaşlıq yoxdursa, orda iştirakın da heç bir mənası qalmayıb.
- Ancaq fakt budur ki, Azərbaycan “Avronest” tribunasını boş qoydu və ermənilər bundan istifadə etdilər. Bəlkə qurumdan imtina qərarı doğru deyildi. Məsələn, azərbaycanlı deputatlar hətta İrəvanda Ermənistanın işğalçı olduğunu demək imkanı qazanmışdılar. Amma indi işğal faktoru sənədlərdən də çıxarılır...
- Azərbaycan əgər orda iştirak etmirsə, orda ermənilərin də iştirakının heç bir əhəmiyyəti qalmır. Çünki burada tərəflərarası münasibətlərdən də söhbət gedirdi. Azərbaycan tərəfi bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Hərçənd ki, “Avronest”, Avropanın digər strukturları Azərbaycanla əməkdaşlıq etmək üçün dəfələrlə nümayəndələr göndərirlər, müraciətlər edirlər. Lakin hələlik son qərar yoxdur. Biz öz mövqeyimizi qəti şəkildə ortaya qoyacağıq ki, bu cür yanaşma tərzi olursa, o strukturlarda iştirak etməyin əhəmiyyəti yoxdur. Dünya genişdir, dünya təkcə Avropadan ibarət deyil, onun Şərqi də var, digər hissəsi də. Burada kimsə özünü yuxarı təşkilat kimi aparıb, verdiyi qərarları şərtsiz “ləbbeyk” deyilməsini və yerinə yetirilməsini istəyirsə, bizim o təşkilatlarla əməkdaşlığımız ola bilməz.
- Son zamanlar Qərbə yönəlik siyasətdə yumşalma var. Rəsmi Bakı balans siyasətinə üstünlük verdiyini bəyan etsə də, təhdidlərə rəğmən Qərblə birgə layihələrdə iştiraka üstünlük verir. Bu barədə hakimiyyətdə yekdil mövqe varmı?
- Ümumilikdə götürəndə Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulması ilə əlaqədar həmişə addımlar atıb və bəyan edib ki, Azərbaycan özünə “böyük qardaş” axtarmır, ona görə də heç bir dövlət, beynəlxalq təşkilat bu rolu oynamağa çalışmasın. Azərbaycan səmimi, bərabərhüquqlu şəkildə öz millətinin və xalqının mənafelərini müdafiə etməklə, o maraqlar çərçivəsində istənilən ölkə ilə əməkdaşlıq edə bilər. Ən çətin anlarda Azərbaycan İranla münasibətlərini qorudu. Hansı ki, bütün Avropa ölkələri İrana qarşı embarqo tətbiq etmişdi, o cümlədən ABŞ. Hətta vaxtilə Azərbaycanda NATO-nun bazalarını yerləşdirmək istəyirdilər ki, İrana qarşı hansısa müdaxilə olsun. Belə həssas məqamda Azərbaycan yenə öz mövqeyini qoruyub saxladı. Azərbaycan prezidenti o zaman bəyan etdi ki, Azərbaycan ərazisindən İrana heç vaxt müdaxilə olmayacaq. O cümlədən Rusiya ilə bağlı prosesləri xatırladaq. Avropa Rusiyaya embarqo tətbiq etdikdə, Azərbaycan bu məsələlərə qoşulmadı, Moskva ilə münasibətlərini qoruyub saxladı. Həmçinin Azərbaycan Amerika ilə münasibətlərə də önəm verib. Antiterror əməliyyatlı başlayan kimi Azərbaycan bu prosesə qoşuldu. Bizim əsgərlərimiz həm Kosova, həm də İraqdakı antiterror əməliyyatlarında iştirak etdi, bu gün də Əfqanıstandakı proseslərdə əsgərlərimiz aktiv şəkildə iştirak edir.
- Sözünüzdən belə çıxır ki, Ermənistan xaric, rəsmi Bakının heç bir ölkə ilə problemi yoxdur...
- Bizim heç bir ölkə ilə ciddi problemimiz yoxdur. Sadəcə, Avropa Parlamentində siyasi bloklar var, o qruplar tərəfindən Azərbaycana qarşı yuxarıda dediyim maraqlar çərçivəsində hansısa addımlar atılır.
- Adətən belə fikirlər səslənir ki, Azərbaycana qarşı təhdid, təzyiq proseslərində erməni lobbisi və onun dəstəkçiləri rol alır. Amma sonuncu əfv fərmanından, həmçinin bir sıra tanınmış məhbusların barəsində həbs qərarının dəyişdirilməsindən sonra gördük ki, rəsmi Bakının bu addımları alqışlandı, hər hansı neqativ münasibət olmadı. Bəlkə bu addımlar daha tez atılsaydı, münasibətlər gərginlik fazasına daxil olmazdı. Razılaşırsınızmı?
- Yox, əslində bəzi təşkilatlar, o cümlədən Azərbaycanın daxilində olan siyasi partiyalar və QHT-lər bu cür addımların atılmasının əleyhinədirlər. Çünki bunlar bundan bayraq kimi istifadə edirlər. Fikir verin, bəzi təşkilatlardan, o cümlədən ATƏT-dən əfvə münasibət bildirildi. Avropa Parlamentindən və bir sıra digər qurumlardan isə bildirildi ki, həbsdə olanların hamısı azadlığa buraxılmalı idi. Özü də əfv sərəncamları ərəfəsində bunlar qəsdən belə bəyanatlar verirlər ki, Azərbaycan bu bəyanatları qəbul etməsin və onun nəticəsi olaraq bu insanlar azadlığa çıxmasın.
- Əfvdən əvvəlki söhbətimizdə demişdiniz ki, yaxşı olar həmin təşkilatlar bir ay müddətində sussunlar. Susdularmı?
- Bəli, mən belə fikir demişdim. Amma gördünüz ki, həm Əli Kərimli, onun dəstəsi, Milli Şura adlandırılan dərnək, həm “Human Rights Watch” təşkilatı, həm də “Freedom House” təşkilatı dərhal bəyanatlar verməyə başladılar ki, bütün məhbuslar azad olunmalıdır. Faktiki olaraq onlar məhbusların azad olunmasını istəmir. Çünki onlar azadlığa çıxdıqda bu təşkilatların və adamların hər hansı təsir mexanizmi itir.
- “Yeni Müsavat”ın əfvlə bağlı suallarına cavabınızda bir qayda olaraq “Allah qapılarını açsın” demisiniz. Ancaq belə fikirlər də var ki, Siyavuş Novruzov həmişə siyasi məhbuslara qarşı sərt mövqedə olub və bu mənada onların azadlığa buraxılması sizin hakim düşərgədəki rolunuzu azaldır. Bu kimi yanaşmalarla bağlı nə deyə bilərsiniz?
- Qəti şəkildə bu, belə deyil. Mən həmişə demişəm ki, Allah o insanların qapısını açsın. Söhbət tək onlardan getmir. Orada qadını da, yaşlısı da, qocası da, yanında uşağı olan da var. Bütün kateqoriyalardan olan insanlar var ki, vaxtilə cinayət törədib və çoxu da törətdiyi əməllərdən peşmandır. Mən həmişə bunun tərəfdarıyam ki, kimsə əməlindən peşmandırsa, azadlığa çıxması həbsdə qalmasından daha yaxşıdır.
- Siyavuş bəy, səmimi deyin, əfvə düşən siyasilərdən kiminsə həbsdə qalmasını istərdinizmi?
- Qəti şəkildə! Orada gənclər var ki, bu və ya digər partiyaların rəhbərlərinin öyrətməsi, özləri kənarda durduğu halda, onları qabağa verməsi nəticəsinə həbs olunmuşdu. Bu gənclər 20-25-30 yaşında məsuliyyətə cəlb olunub. Mən onların hamısının azadlığa çıxmasının tərəfdarıyam. Amma bununla bağlı da prosedur qaydalar var, daxil olan müraciətlərə baxılır və qərar qəbul olunur.
- Amma bir sıra şəxslər də həbsdədir və onların müzakirəsi gedir...
- Yəqin ki, bunların bir hissəsi də Respublika Günü ilə əlaqədar olaraq azadlığa buraxılacaq. Bilirsiniz ki, 28 may ərəfəsində də bizdə əfv fərmanı olur. Bu, müraciətlərdən, Əfv Komissiyasından və ən əsası da bu səlahiyyətin sahibi olan cənab prezidentdən asılıdır.
- Deməli, beynəlxalq təşkilatlar 28 Maya qədər susmağı bacarsalar, növbəti əfv olacaq?
- Bəli. Hər zaman 28 May ərəfəsində bizdə əfv fərmanı olur. Hesab edirəm ki, Respublika Günü ərəfəsində bu da vacib addımlardan biridir. Ümumiyyətlə, ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda 20-dən artıq əfv sərəncamı, bir neçə amnistiya aktı olub. Ən böyük amnistiya aktı isə Mehriban xanım tərəfindən irəli sürüldü ki, bu da təqribən 17-18 min insanı əhatə etdi. Bu proses davam edir. Biz dəfələrlə humanist yanaşmaların şahidi olmuşuq. Məsələn, atasının dünyasını dəyişməsi ilə əlaqədar Qənimət Zahid və qardaşının bir həftə müddətinə azadığa buraxılması, o cümlədən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun övladının vəfatı ilə əlaqədar müvəqqəti azadlığa buraxılması, yaxud Leyla və Arif Yunusun səhhətini nəzərə alaraq onların cəzasının dəyişdirilməsi kimi hallar olub. Həmçinin İntiqam Əliyevin cəzasının yüngülləşdirilməsi barədə elə bugünlərdə qərar verildi. Azərbaycan hökuməti və prezidenti həmişə belə humanist addımlar atıb.
- Hakimiyyətin müxalifətlə növbəti dialoqu gözlənilirmi?
- Bir sıra partiyalarla dialoq gedir. Təbii ki, AXCP ancaq xarici təşkilatların tapşırığını gözləyir. Əgər qulluq etdikləri təşkilatlar göstəriş versə, onda AXCP hamıdan birinci gəlib orda oturacaq. Qalan təşkilatların hər biri öz təkliflərini irəli sürə bilər və müzakirə olunacaq məsələləri irəli sürənlər də var. Yəqin yaxın vaxtlarda bu məsələlər müzakirəyə çıxarılacaq.
- Deputat həmkarınız Araz Əlizadə himnin sözlərinin dəyişdirilməsini təklif edib. Bu təklifə sizin münasibətiniz necədir?
- Himnə toxunmaq olmaz! O iki dahi şəxsiyyətin yazdığı bir himndir. Biz qəbul etmişik, geriyə addım atmamalıyıq. Həm himnimiz, həm bayrağımız yerindədir. Düzdür, gerb məsələsində bir balaca nəsə demək olar. Yəni Azərbaycan SSRİ-nin gerbi Azərbaycanı daha çox əhatə edirdi. Lakin o da qəbul olunubsa, artıq məsələ bitib. Dəyişiriksə, onda tariximizin üstündən xətt çəkmiş oluruq.
Cia.az
