|
Kerri-Əliyev görüşü -
ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda keçirilən İV Nüvə Təhlükəsizliyi Sammitinə qatılan  Azərbaycan prezident İlham Əliyevin səfərinin ilk günü kifayət qədər məhsuldar olub. 
Azərbaycan prezidenti martın 30-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb, hər iki tərəfin mesajları ekspertlər tərəfindən yüksək qiymətləndirilir. APA-nın məlumatına görə, Con Kerri və prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. “Mən prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam. Bizim ölkələrimiz arasında ortaq maraqlar var.  Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq”-Kerri bildirib. ABŞ-ın dövlət katibi Birləşmiş Ştatların Azərbaycanla güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğulayıb. Azərbaycanın mürəkkəb regionda yerləşdiyini önə çəkən Kerri prezident Əliyevə “Cənub Qaz Dəhlizi” layihəsində sərgilədiyi liderliyə görə təşəkkür edib.  ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildirib.

Ağ Evdən Bakıya Qarabağ dəstəyi
Prezidentin Amerika səfəri Qarabağ məsələsində Azərbaycanın mövqeyinin bir daha müdafiə olunması baxımından da faydalı olub. Belə ki, görüşdə Qarabağ məsələsi də müzakirə mövzusu olub. “Biz Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik - bu, danışıqlar yolu ilə həll olunmalıdır”- Kerri deyib. Kerri Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib, sərhəddə və cəbhə xətti boyunca zorakılığın artmasından narahatlığını ifadə edib. ABŞ rəsmisi beynəlxalq hüquq prinsipləri, BMT Xartiyası və Helsinki Yekun Aktı bazasında davamlı sülhə nail olmaq üçün hər iki tərəflə əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyib. ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına yardımı dayandırmasının ardınca belə bir mövqenin ifadə olunması Azərbaycan üçün ciddi uğur sayıla bilər.
 
Azərbaycanın dövlət başçısının da ABŞ-ın bu mövqeyindən razı  qaldığı prezidentin mövqeyindən də aydın görünür. “Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir”- Azərbaycan  prezidenti bildirib.
Prezident İlham ƏIliyev çıxışı zamanı Vaşinqtona dəvətə görə prezident Barak Obamaya təşəkkürünü bildirib və ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğulayıb. “Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir.  ABŞ şirkətləri Azərbaycanda $10 milyarddan çox investisiya qoyublar”. Daha sonra prezident İlham Əliyev ortaq enerji layihələri və “Cənub Qaz Dəhlizi”nin inşası haqda danışıb. Azərbaycanın 100-ə yaxın sülhməramlı əsgərinin Əfqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd edib.    
 
Görünən budur ki, son aylara qədər münasibətlərində gərginlik pik həddə qalxan Bakı və Vaşinqtonun münasibətlərində yeni mərhələ başlayıb. Hər halda, “Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-da salamlamaqdan məmnunluq duyuruq. Bizim hazırda üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var” bəyanatı mövcud münasibətləri özündə ehtiva edir. Bir müddət öncə isə ABŞ Konqresinə konqresmen Kristofer Smitin təşəbbüsü ilə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan layihənin təqdim olunmasının əvəzində, Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev ABŞ-a qarşı sanksiyaları  nəzərdə tutan alternativ qərar layihəsi hazırlamışdı. Lakin Azərbaycan prezidentinin ABŞ-a dəvət edilməsi, Azərbaycandakı siyasi məhbusların böyük bir qisminin azadlığa buraxılması, islahatlarla bağlı addımların müşahidə olunması, həmçinin Bakının etibarlı tərəfdaş olması, təhdidlərə baxmayaraq, Qərbin iştirakçısı  olduğu nəhəng beynəlxalq layihələrdə yer alması şübhəsiz ki, Ağ  Ev administrasiyası tərəfindən dəyərləndirildi. Hər halda, prezident Əliyevin ABŞ konqresmenləri ilə birbaşa görüşü və onların suallarını birbaşa cavablandırması da maraqlı məqamdır. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin dedikləri də diqqət çəkir. Kirbi “Kerri demokratiya və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın son vaxtlar bu istiqamətdə atdığı müsbət addımları alqışlayıb” deyib. Deməli, ABŞ səfəri öncəsi imzalanan əfv fərmanı öz sözünü deyib. 
Amerika görüşü və  münasibətlərin bundan sonrakı mərhələsi barədə ekspertlərin maraqlı şərhləri var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, prezident İlham Əliyevin ABŞ-a səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır: “Tarixilik ondan ibarətdir ki, İlham Əliyev prezident olduğu 13 ildə ilk dəfə ABŞ-a bu qədər məhsuldar səfər həyata keçirir. Əgər əvvəllər İlham Əliyev ancaq BMT tədbirlərində iştirak etmək üçün ABŞ-a səfər edir və görüşlərin məkanı Nyu-York olurdusa, indi Azərbaycan prezidenti Amerikanın paytaxtında ikitərəfli münasibətlərin keçmişi, bu günü və gələcəyini müzakirə edir. Bu hər iki dövlətin maraqlarına xidmət edir”. Ekspertin sözlərinə görə, əslində İ.Əliyevin ABŞ-dakı görüşləri səfərdən əvvəl nəticə verməyə başladı: “Səfər ərəfəsində Azərbaycanda onlarla siyasi məhbus azad edildi, digərlərinin isə azad ediləcəyi proqnozlaşdırılır. Məncə, İlham Əliyevin əfv siyasəti konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyəti əleyhinə hazırladığı qanun layihəsinin aktuallığını da azaldıb. Önəmli olan adları müxtəlif beynəlxalq siyahılarda hallanan insanların azad olunmasıdır. Bu siyasətin davamı həm Azərbaycanın sabitliyinə, həm də Azərbaycan-ABŞ münasibətlərinə böyük töhfədir. İlham Əliyevin Vaşinqtona ayaq basdığı gün çox məhsuldar oldu. Azərbaycan prezidenti yalnız 30 mart tarixində ABŞ dövlət katibi Con Kerri, bu ölkənin ticarət naziri Penni Pritzker, ayrıca konqresmenlərlə və yəhudi lobbisinin rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlərin hər biri Azərbaycan və Azərbaycan-ABŞ əməkdaşlığı üçün əhəmiyyətlidir. Əlbəttə ki, ilk növbədə Kerri-Əliyev görüşünün əhəmiyyətindən danışmaq lazımdır. Həm İlham Əliyevin, həm də Con Kerrinin görüş sonrası brifinqdə verdikləri mesajlar çox əhəmiyyətli idi. Mən həmin mesajlarda nə gərəyindən artıq, nə də əskik ifadə gördüm. Kerrinin birinci mesajı o oldu ki, ABŞ-ın Azərbaycanla üzərində birgə işlədiyi çox sayda ümumi maraqları var. Daha sonra Kerri Azərbaycanın mürəkkəb regionda yerləşdiyini xatırladaraq ”Cənub Qaz Dəhlizi"nin reallaşmasında İlham Əliyevin xüsusi rolunu qeyd etdi. Kerri enerji mövzusundakı fikrini belə yekunlaşdırdı ki, enerji mənbələrinin diversifikasiyası məsələsində Avropanın uzunmüddətli strateji maraqları baxımından Azərbaycan çox vacib rol oynayır". 
“Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə, əsasən də Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan da ola bilər”. Bu fikirləri isə “Yeni Müsavat”a politoloq Arzu Nağıyev bildirdi. Ekspertin sözlərinə görə, regional iqtisadi layihələrin həyata keçirilməsində əsas məsələ məhz təhlükəsizlik məsələsidir ki, buna mane olan ən böyük problem də məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. ABŞ Konqresinin sanksiya təhdidlərinin bundan sonrakı taleyinə gəldikdə isə A.Nağıyev bu məsələnin arxa plana keçdiyi qənaətindədir: “Bu, bir mesaj kimi göndərilmişdi, lakin Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq. Təbii ki, anti-Azərbaycan qüvvələri daim olub və olacaq da . İlk növbədə Ermənistan və onun havadarlarından söhbət gedir. Yəni Azərbaycan istər daxildə, istərsə də xaricdə dini dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər, öz dünyəviliyinə, insan haqlarının qorunması məsələsinə də sadiqdir”. 
 
Sanksiya layihələri arxivə, yoxsa...
 
“Görünən budur ki, Azərbaycan-ABŞ münasibətlərindəki soyuq mərhələ başa çatmaq üzrədir və ya artıq başa çatdı. İndi ikitərəfli münasibətlərdə bir istiləşmə başlayır və hər iki tərəfin buna marağı var”. 
Bu fikirlər isə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya məxsusdur. Politoloq görüşü yüksək qiymətləndirdi: “İlham Əliyev-Con Kerri görüşündən sonrakı açıqlamalarda da bu, aydın görünürdü. Mən deyərdim ki, bunlar siyasi və ya diplomatik dildə də verilmiş açıqlamalar deyildi. Açıq şəkildə deyildi ki, tərəflər müttəfiqlikdə, tərəfdaşlıqda maraqlıdır və bu sahədə təcrübələri də var. Deməli, bundan sonrakı mərhələdə də münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək. Çünki ümumi maraq doğuran müxtəlif əməkdaşlıq formatları mövcuddur: iqtisadi, enerji sahəsində əməkdaşlıq, təhlükəsizlik, nəqliyyat, kommunikasiya və s. Əslində biz bunu proqnozlaşdırmışdıq. Azərbaycan hakimiyyətinin son vaxtlar atdığı addımlar da bunu göstərirdi ki, gərgin mərhələ arxada qalıb və tərəflər daha çox əməkdaşlığa üstünlük verirlər”. Ə.Oruclu hesab edir ki, bundan sonra özündə sanksiya ehtiva edən layihələrin qəbul olunması ehtimalı çox aşağı düşür: “Bunlar təqdim olunduğu üçün yəqin ki, ən azı komitələrdə müzakirə olunacaq. Burada da iki məqam var: birincisi, müvafiq komitələrdən keçməsi, ikincisi də Konqresin ümumi iclasında müzakirə olunması və münasibət bildirilməsi. Nəzərə alsaq ki, artıq sanksiyalarla bağlı həmin qanun layihələrini gündəmə gətirən bir çox amillər aradan qaldırılıb, digərləri də aradan qaldırılmaq üzrədir, bununla bağlı müəyyən səylər göstərilir, ola bilsin sanksiya qərarlarının da qəbul olunma ehtimalı azalır. Hər halda, görünən budur”.
Ümumiləşdirsək, ABŞ  və Azərbaycan arasında “soyuq müharibə”nin başa çatdığını deyə bilərikmi? Ə.Oruclu: “Əslində bu, ”soyuq müharibə" də deyildi.  Sadəcə olaraq, əsasən Azərbaycan hakimiyyətinin daxilində ikitərəfli münasibətləri pozmağa çalışan bir qrupun səyləri idi və müəyyən effekt verdi". Amma ekspert hesab edir ki, həmin qrupun uduzduğunu demək mümkündür..."
Politoloq Hikmət Hacızadə isə görüşdən sonra sanksiya təhdidinin qalxacağını güman etmir. Onun fikrincə, ABŞ Azərbaycan rəhbərliyindən antiterror kampaniyasinda iştirakının təsdiqini istəyib və müsbət cavab alıb: “Əslində ABŞ Azərbaycandan istədiklərini ona çoxdan deyib. Bunun səbəbi siyasi məhbusların hamısının buraxılması, alternativ fikir mənsublarının yenidən həbs olunmaması, repressiv siyasətin bitməsi tələbidir". ABŞ səfərinin ardınca ölkədə ciddi islahatlara başlanılıb-başlanılmayacağına gəldikdə, H.Hacızadə bunu deməyin çətin olduğu qənaətindədir. (MUsavat)
Cia.az