Elə mədəniyyət xadimləri var ki, onları müxtəlif dövlətlər arasında əlaqələndirici vəsilə adlandırmaq olar. Rəssam Yuri Savçenko da belə sənət adamlarından biridir. O, Bakıda doğulub, həyatının böyük hissəsini Ukraynada keçirib, indi isə Jukovskidə yaşayıb yaradır. Buna görə də Y.Savçenko üç ölkəni özünə doğma sanır, Rusiyada ilk fərdi sərgisinə də buna uyğun ad seçib – “Zaman. İnsanlar. Şəhərlər”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, rəssam Y.Savçenko sərgisini bioqrafik hesab edir. Onun fikrincə, bu sərgidə SSRİ-də doğulmuş və özünün də mənsub olduğu nəslin həyatı əksini tapıb. Ekspozisiyadakı rəsmlər bir vaxtlar vahid ölkədə yaşamış sadə insanlardan bəhs edir. Yuri Savçenko deyir: “Sistemlər, ölkələr, sərhədlər dağılsa da, insanlar əvvəlki kimi əməksevər, vətənpərvər, şən, ailəcanlı olaraq qalıblar... Mən hamı ilə, o cümlədən Azərbaycanda və Ukraynada yaşayan insanlarla ünsiyyətdə oluram, hər yerdə normal, adekvat insanlar yaşayır. Heç nə dəyişməyib, yenə də dostluq edirik və bu, düzgün qərardır”.
Qalereyanın direktoru Nina Vernikovanın sözlərinə görə, 60 rəsmdən ibarət bu ekspozisiyanı dəyərli edən onun üç ölkənin tarixini, adət-ənənələrini, həm insani, həm də mədəni baxımdan daim bir-birinə yaxın adamları əks etdirməsidir.
Yuri Savçenko etiraf edir ki, Azərbaycana həsr edilən rəsmləri yaddaşına istinadla çəkib. Bu zaman Azərbaycan rəssamlıq məktəbinə səciyyəvi olan texnikadan istifadə etməyə çalışıb. Rəssam uşaqlıq illərini, xüsusən Bakını xoş duyğularla xatırlayır. Rəsmlərini doğulduğu şəhərdə də nümayiş etdirmək arzusunda olan Y.Savçenko deyir: “Bakı yaddaşımda çox gözəl, beynəlmiləlçi, özünəməxsus bir şəhər kimi qalıb. Bu şəhərdə müxtəlif millətlərin nümayəndələri yaşayır və onların hər biri genetik mədəni kodun daşıyıcılarıdır. Bu mədəni kodlar bir yerə cəmləndikdə maraqlı nəticə alınır. Mən yenidən Bakıda olmaq və bu hissi duymaq istərdim”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzindən (RADM) olan qonaqlar Y.Savçenkoya Bakının qədim hissəsi – İçərişəhər haqqında kitab hədiyyə etdikdə, rəssam buna çox sevinib. RADM-ın direktor müavini Denis Yakimenko qeyd edib ki, rəssamla bir məsələdə həmrəydir: Rusiya və Azərbaycan arasında münasibətləri möhkəmləndirmək, Ukrayna ilə münasibətləri yenidən qurmaq üçün məhz “aşağılardan” – insanlardan başlamaq lazımdır. D.Yakimenko deyib: “Bu gün ölkələrimiz arasında dostluq münasibətlərini qoruyub saxlamaq çox vacibdir. Heç kim üçün sirr deyil ki, siyasi fikir ayrılıqları əksər hallarda üçüncü qüvvələr, xarici təhriklə yaranır. Amma hələ ki buna müqavimət göstərəcək mədəni birliyimiz var. Onun sayəsində xarici təsirin gücü yetərincə məhdudlaşdırılacaq”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, SSRİ-dən miras qalmış ümumi mədəni kod keçmiş ittifaq respublikalarının birliyini qoruyub saxlayır. D.Savelyev deyib: “Mədəniyyətlər dialoqunun dəstəklənməsi bu günün mühüm prosesidir. Bunu Rusiyada da, Azərbaycanda da gözəl anlayırlar. Ölkələr arasında bu sayaq əməkdaşlıq Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daim dəstəklənir. Mədəniyyətlər dialoqu prosesi dərinləşdiriləcək və genişlənəcək“. Dövlət Dumasının deputatı əmindir ki, məhz MDB üzvləri arasında dövlətlərarası mədəni dialoq bu gün dünyada mövcud olan neqativ təzahürlərə uğurla müqavimət göstərir.
Cia.az
