Son günlər ölkədə dollar milli valyuta olan manata qarşı zəifləyir. Dünən bəzi banklarda dolların məzənnəsi hətta 1,49 manat nisbətində olub. Əksər ekspertlər bunun müvəqqəti olduğunu bildirirlər. Səbəbləri iqtisadçılar musavat.com-a açıqlayıblar.
Ekspert Natiq Cəfərli bildirib ki, bayramdan sonra ilk iş günündə banklardan cəmi 0,5 milyon dollar tələbi gəlib:“Qısamüddətli ucuzlaşmada əsas səbəb budur. Bir də FES rəhbərinin çıxışından sonra dünyada dollar bir az ucuzlaşıb”.
Ekspert Fikrət Yusifov isə qeyd edib ki, dolların ucuzlaşmasının bir neçə əsas səbəbi var: “İlk öncə onu deyək ki, manatın keçən ilin dekabr ayında baş vermiş kəskin ucuzlaşması ərəfəsində və ondan sonrakı dövrdə insanlar arasında yaranmış panik vəziyyət onunla nəticələndi ki, onlar əllərindəki sonuncu manatı da dollara çevirərək manatın növbəti ucuzlaşmasını gözləməyə başladılar. Mətbuat səhifələrində manatın məzənnəsinin bir daha kəskin ucuzlaşacağı ilə bağlı verilən proqnozlar isə onları daha da şirnikləndirdi. Nəticə etibarilə əlində dollar olan insanlar maksimum gözləmə mövqeyində dayanmaq seçimi etdilər. Hər kəs manatın növbəti kəskin ucuzlaşmasını gözləyirdi. Ancaq bu gözləntilər özünü doğrultmadı. Çünki gözləntilərin əksinə olaraq ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırmadı, neftin qiymətləri isə saylı günlər ərzində 40 faizə qədər bahalaşdı. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu günə Mərkəzi Bank dövriyyədə manat kütləsini minimum həddə qədər azaldıb. Bu səbəbdən də hazırda bazarda manata olan tələbat böyükdür. Çünki insanlara alış-veriş etmək üçün manat lazımdır. Ona görə də son 5-6 ay ərzində əhali tərəfindən alınmış dollar kütləsi tədricən bazara çıxmağa başlayır. Manatın məzənnəsində baş verən müsbət dəyişikliklərin əsas səbəbləri bunlardan ibarətdir”.
Ekspert Samir Əliyev isə bildirib ki, Azərbaycanda iqtisadi qanunauyğunluqlar işləmədiyi üçün hansısa proqnoz vermək çətindir. “Amma yenə də risk edərək bir gözləntimi bölüşmək istəyirəm. Söhbət manatın məzənnəsindən gedir. Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir. Neftin qiymətinin 40 dollar civarında sabitləşməsi və FES rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır”,- deyə o, sosial şəbəkədə bildirib.
Ekspertin sözlərinə görə, digər tərəfdən, Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib: “Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir. Bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq. Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır.
Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir(musavat)
Cia.az
