|
Neftin bahalıq müzakirəsi - hansı hədd realdır?
Neftin qiymətləri barədə proqnozlar bir-birindən çox fərqlənir. Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar artaraq 38,80 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,42 dollar artaraq 39,56 dollar olub.
İsveçrənin aparıcı maliyyə qruplarından biri olan “Credit Suisse” qrupu tərəfindən təqdim edilmiş proqnozda bildirilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə yaxın gələcəkdə neftə olan tələbat sənayedəki istehsal artımını ötüb keçəcək.
Proqnoza görə, bunun nəticəsində artıq may ayında neftin barelinin qiyməti 50 dollara qalxa bilər. “Credit Suisse” qrupunun qlobal energetika bazarlarının iqtisadiyyatı üzrə ixtisaslaşmış eksperti Yan Sitüartın gəldiyi nəticəyə görə, 2016-cı ildə neftə tələbat yenidən artım dövrünə qayıdır. Bu, neftin qiyməti üçün əlverişsiz olan bir sıra amillərin olmasına baxmayaraq baş verir. Belə amillər sırasında Stüart isti qışın başa çatmasını, resurs hasilatı sahələrində müşahidə olunan geriləməni, həmçinin Rusiya və Braziliya kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda baş vermiş tənəzzülü göstərir.  

Hazırda neftə tələbat sabitdir, buna qismən Şimali Amerikada və Avropada iqtisadiyyatların bərpasının davam etməsi, həmçinin inkişaf etməkdə olan bazarlarda uzun müddət davam edəcək meyllər yardım edir. Sitüart dünya iqtisadiyyatında tənəzzülün qaçılmaz olması barədə verilən proqnozları şişirdilmiş sayır.  
 
Amma bununla belə, onun fikrincə, qlobal ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı təhlükə saxlanmaqdadır. Dördüncü rübdə neftə tələbatın zəifləməsindən sonra bu təhlükə dünyanın iki aparıcı iqtisadiyyatında - ABŞ-da və Çində bərpa olunub. Stüart neftə tələbatın artımını sənaye istehsalı ilə deyil, inkişaf etməkdə olan ölkələrdə getdikcə artan orta sinfin istifadə etdiyi sərnişin nəqliyyatı ilə əlaqələndirir. Belə şəraitdə “Credit Suisse” proqnozlarına görə, neftə olan tələbat sənaye artımı göstəricisini geridə qoyacaq: “İqtisadiyyat ressesiyaya yuvarlanmasa, biz bu il neftə tələbatın yumşaq bərpasını gözləyirik”. Neftə tələbat proqnozuna əsaslanan Stüart düşünür ki, may ayında neftin dəyəri barel üzrə 50 dollara qalxa bilər. Bu xəbər dövlət büdcəsinin 40 faizindən çoxunun birbaşa Dövlət Neft Fondundan maliyyələşən, büdcə gəlirlərinin 55 faizi neft sektoru hesabına təmin edilən Azərbaycan üçün də əlverişlidir. 2016-cı ilin dövlət büdcəsində neftin barelinin qiyməti 25 dollar götürülüb. Neftin dünya qiymətləri barədə verilən bir sıra proqnozlarda barelin qiymətinin 15-20 dollara qədər düşəcəyi barədə ehtimallar irəli sürülürdü. Amma Stüartın gəldiyi nəticə vəziyyətin elə də arzuolunmaz olmadığını ortaya çıxarır. Dünya bazarında son 20 gündə neftin barelinin qiymətinin 40 dollar ətrafında dəyişməsi də bu qənaəti gücləndirir.

Yerli ekspertlər isə musavat.com-a neftin 50 dollar həddinə bahalaşacağı təqdirdə, Azərbaycan üçün bunu nə vəd etdiyi barədə danışıblar. Ekspert Natiq Cəfərli qeyd edib ki, neftin yaxın zamanda 50 dollar olması real deyil: “Bu, çətin ki, baş versin. Əgər olarsa, təbii ki, ölkəyə valyuta axını artacaq, bu da iqtisadiyyata da, manata da müsbət təsir edəcək. Amma manatın özünü tam rahat hiss etməsi üçün qiymətin 70-80 dollar olması lazımdır, çünki bizdə hasilat da azalır”.
 
Ekspert Fikrət Yusifov isə qeyd edib ki, neft 50 dollar ola bilər: “Dünya bazarlarında neftin qiymətləri ətrafında son bir aya yaxın vaxt ərzində baş verənlər deməyə əsas verir ki, bu ilin ortalarından etibarən bu qiymətlərin 50 dollar və ondan bir qədər də artıq olması gözləniləndir. Qiymətlərin siyasi səbəblərlə nə qədər bağlılığı olsa da ən böyük həqiqət bundan ibarətdir ki, neft hasilatı ilə məşğul olan ölkələr artıq 2 ilə yaxındır neft sənayesinə əsaslı investisiya qoymurlar. Bu səbəbdən də kimin istəyindən asılı olmayaraq neft hasilatının azalması qaçılmazdır. Bu amil də cari ilin ortalarından neftin qiymətlərinin 50 dollar həddini keçməsi ehtimalını artırır. Azərbaycanın 2016-cı il dövlət büdcəsinin dürüstləşdirilmiş son variantında neftin 1 barel üçün qiyməti 25 ABŞ dolları səviyyəsində müəyyən edilib.
Qiymətlərin bundan artıq ola biləcək hissəsi, Dövlət Neft Fondunun valyuta rezervlərinin artırılmasını təmin edəcəkdir. Digər tərəfdən isə Mərkəzi Bank son bir ildə baş verənlərdən düzgün nəticə çıxarıb, özünə kifayət qədər valyuta rezervləri yarada bilər. Hər iki səviyyədə valyuta rezervlərinin artımı beynəlxalq maliyyə müstəvisində Azərbaycanın reytinqinin yüksəlməsinə və nəticə etibarıilə ölkəyə investitsiya axınının artmasına gətirib çıxara bilər”.
Cia.az