|
Bu ilin yaz-yay geyimləri bizi 20-30 il əvvələ aparacaq...
Bahar fəsli başladı. Bu, həm  də qarderobumuzda olan qalın, rəngsiz, cansıxıcı qış geyimlərindən qurtulmağın zamanının  gəlməsi deməkdir. Gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Seçdiyimiz gündəlik paltar rəngləri ilə həmin günün ruh halını təyin etməyə cəhd göstəririk. Mütəxəssislər isə hər çıxışlarında xanımlara dəblə ayaqlaşmaqla yanaşı, onlara yaraşanı geyinməyi tövsiyə edirlər. 
 

Maraqlıdır, 2016-cı ilin yaz-yay geyim kolleksiyasında xanımları hansı tərzdə geyimlər, rənglər gözləyir?
 
Suallarımıza cavab almaq üçün tanınmış stilist Samir Əliyevə (Samiraldo) müraciət etdik. Stilist bu il daha çox açıq rənglərin dəbdə olacağını dedi: “Bu ilin yaz-yay kolleksiyasında daha çox açıq rənglər dəbdə olacaq. Sarı, narıncı, qırmızı, yaşıl, göy, ağ kimi açıq rənglər yaşından asılı olmayaraq insanı həm gözəl, nurlu göstərir, həm də yüksək əhval-ruhiyyə yaradır. Ümumiyyətlə, yaz və yay gözəlliyi, al-əlvanlığı sevir. Yayda bütün geyimlərin gözəlliyi, ən gözəl rəngləri nümayiş etdirilməlidir. Çünki qışda biz bunu edə bilmirik. Qışda yalnızca qara, qəhvəyi, boz rənglərdən istifadə edə biliriksə, yayda ürəyinizdə qalan bütün al-əlvan rənglərdən istifadə də bilərsiniz. Amma qəribədir ki, bu il küpurdan olan geyimlər də dəbdə olacaq. Bu küpurlar ya qara, qırmızı və ya ağ olmalıdır. Başqa rəngdən olan küpur pis görünər. Mən bu il dizaynerlərin 10  kolleksiyasına fikir verdim. Kolleksiyada yay geyimlərində çox zövqsüz, bir-birinə uyğun gəlməyən rənglər vardı. Yəqin ki, dizayner bunu əhval-ruhiyyəsi olmayan vaxtda yaradıb. Amma buna baxmayaraq, maraqlı görünürdü. Məsələn, kolleksiyada olan geyimlərdən birində çanta qəhvəyi, ayaqqabı ağ, geyim isə al-əlvan rəngdə idi. Rənglər bir-birinə heç uyğun gəlmir. Xanımlarımız gəzintiyə çıxarkən sadə sarafan geyinib muncuqlu aksesuarlar taxsalar, daha dəbli görünəcəklər. Bizim xanımlarımız daha çox ziyafət qiyafələri geyinməyi və qızıl taxmağı sevir. Hətta küçələrdə belə insanları ziyafət qiyafəsində görmək olur ki, bu da çox gülməli görünür. Halbuki hansısa sadə,  ala-bula rəngdə olan sarafanı sadə muncuqlarla geyinsələr daha dəbli görünərlər”
 

Yaz-yay kolleksiyasında uzun güllü və şanel stilində olan ətəklərin dəbdə olacağını deyən stilist bu ilin dəbinin bizi daha çox 1990-2000-ci illərə aparacağını dedi: “Yayda əsasən uzun, üzərində gül elementləri olan ətəklər dəbdə olacaq. Amma işə və ya hansısa ciddi məclislərə gedən xanımlar şanel stilində olan əyri, karandaş yubkalar geyinə bilərlər. Çünki  şanel stilində olan ətəklər bu il ən çox dəbdə olan ətəklərdir. Ümumiyyətlə isə bu ilin dəbi bizə 1990 və 2000-ci illəri xatırladacaq. Çünki lasinlər, yubka şalvarlar ən çox 1990-1995-ci illərdə geyilib. İnsanlar bu dəbdən istifadə etməyə əvvəlcə qorxsalar da, sonradan onu qəbul edirlər. Ancaq dəb hər an, hər dəqiqə dəyişilir. Təbii ki, dəbli görsənmək insanlardan da asılıdır. İnsan var ki, çox bahalı geyinir, amma o geyim ona yaraşmır. İnsan da var ki, çox ucuzvari geyinir, amma ona yaraşır. Yəni dəbli görsənmək insanın iç dünyasından, zövqündən irəli gəlir. 3 ildir ki, dəbdən düşməyən trapes şalvarlarla bu il vidalaşmalı olacaqsınız. Bu il daha çox enli, qısa variantda olan şalvar yubkalar dəbdə olacaq. Təbii ki, buna da uyğun kofta, ayaqqabı olmalıdır. Bu yaz-yay kolleksiyasının ayaqqabıları daha çox 80-cı illərin ayaqqabılarının dəbini xatırladacaq. Ən yaxşı dizaynerlər ucu yumru, kobud, altı əyri ayaqqabılardan istifadə edirlər ki, bu da çox maraqlı görünür. Bu cür kobud şəkildə olan ayaqqabıları uzun, hətta qısa ətəklərlə geyinsələr daha maraqlı və dəbli görünər”. 
 
2016-cı ilin yaz-yay saç düzümləri və makiyaj  modellərinə gəlincə isə stilist bu il uzun təbii saçların və qalın qaşların dəbdə olacağını bildirdi: “Bu il daha çox uzun təbii saçlar dəbdə olacaq. Saçların ucunda ombre şəklində yay əhval-ruhiyyəli çəhrayı, göy, berj, yəni pudra rənglərinə boyamaq daha dəbli görünəcək. Bu stil əlbəttə ki, cavan qızlara aiddir. Kosmetikalara gəlincə, bu yay qaşlar və dodaqlar önə çıxarılacaq. Yay olduğuna görə qaşlar qalın olmalıdır. Qaşlar nə qədər qalın olsa, bir o qədər dəbli görünəcək deməkdir. Qaşla yanaşı, ombre şəklində dodaqlar dəbdə olacaq. Dodağın demək olar ki, dörd rəngi olmalı və bu rənglər oynamalıdır. Dodaqla qaş üst-üstə gəlməli və gözə çarpmalıdır. Amma gözlər və yanaqlar gözə çarpmalı deyil. Uzun saçlar dəbdə olduğuna görə sırğalar o qədər də önəmli olmayacaq. Yəni xanımlarımız sırğa taxa da bilərlər, taxmaya da. Ancaq yay olduğuna görə xanımlar saçını palma və yuxarıdan yığa bilər. Belə olan təqdirdə sırğalar görünməlidir. Bu sırğalar qızıldan yox, daşlardan və sadə muncuqlardan olmalıdır”. 
 
Çantalara gəlincə isə stilist bu il daha çox üzərində aksesuar elementləri, daşlar olan kvadrat formalı çantaların dəbdə olacağını dedi. Böyük və ya balaca olmasından asılı olmayaraq kvadrat formalı çantaların dəbdə olduğunu deyən S.Əliyev dizaynerlərin bu il əhval-ruhiyyəni ən çox çantalara verdiyini bildirdi.
 
Kişilər üçün isə daha çox açıq qəhvəyi rəngli kostyumların dəbdə olacağını deyən stilist kişilərin həddindən artıq kostyuma meylli olmasını təqdirəlayiq hesab etmədiyini dedi: “Bizim kişilər daha çox iş adamları olduğuna görə işə, toya, diskotekaya, hətta bəzən dənizə belə gedəndə kostyum geyinirlər. Azərbaycan kişiləri demək olar ki, kostyumsuz yaşaya bilmir. Hətta kostyum geyinməsələr belə kostyumun şalvarını geyinəcək və ya qalstuk taxacaqlar. Amma kostyumların da rəngləri var. Bizim kişilər daha çox ağ, qara, boz və göy kostyumları xoşlayırlar. Amma dizaynerlər bu il açıq qəhvəyi, yaşıl, güllü, bir sözlə, rəngarəng kostyumlar buraxıblar”. musavat