Brüssel aeroportunda baş verən məlum terror olayından sonra diqqətlər dünya aeroportlarındakı təhlükəsizlik tədbirlərinə yönəlib. Məlumdur ki, İŞİD Avropanın bütün aeroportlarında öz əlaltılarını yerləşdirib. Bu barədə İŞİD liderlərindən olan Əbu əl-Ənsari bildirib. Ənsari İŞİD-in Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini də vurğulayıb.
Amma bugünlərdə yolu iki Avropa şəhərinin aeroportundan - Budapeşt və Afinadan keçən əməkdaşlarımız deyir ki, qarşılaşdıqları təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil.
Türkiyənin Hava Limanları Yönetim Qurumunun icra rəhbəri Sani Şener bugünlərdə Türkiyə mediasına verdiyi müsahibəsində deyib ki, Türkiyədəki aeroportlar Avropadan daha təhlükəsizdilər. Şenerin sözlərinə görə, Türkiyədə və dünyada aeroportların təhlükəsizliyi birmənalı şəkildə dövlətləri idarə edən şəxslərin əlində olsa da, icraedici orqan kimi özəl təhlükəsizlik xidmətləri baş rolda görünür: “Avropadakı terminal binaların girişində ‘x-ray’ cihazları yoxdur, sərnişinin üzərində heç bir axtarış əməliyyatı aparılmır. Hər kəs aeroport binasının içinə girə bilir. Amma Türkiyə aeroportunun girişində axtarış aparılır, ”x-ray’lar çalışır və orada bizim özəl təhlükəsizlik xidməti əməkdaşlarımız dayanır. Hətta biz də Avropa ilə ayaqlaşmaq üçün bir müddət təhlükəsizlik tədbirlərini azaltmağı düşünürdük. Hətta bununla bağlı təhlükəsizlik komissiyasının qərarına əsasən, İzmirdə ilk girişdəki “x-ray’lar götürülmüşdü. Bu, sərnişin axınının sürəti və rahatlığı ilə bağlı idi. Amma sonra terror olayları ciddi şəkildə artdığı üçün İzmirdəki ”x-ray"ları yenidən bərpa etdik".
Şener eyni zamanda bildirib ki, Brüsseldəki terror olayından sonra Dünya Aeroportları Birliyinin baş katibi onunla danışıb və “x-ray’larla bağlı suallar verib. İlk sualı isə ”növbələr uzun olurmu" olub: “Məndən ”x-ray"lardan sonra da təhlükəsizliklə bağlı hər hansı axsama ola biləcəyini soruşdu. Mən də bildirdim ki, bu, idarə oluna bilər. Yəni bu, illərdir Türkiyədə var, əsas məsələ sərnişinin təhlükəsizliyi, sonra komfortudur. Məsələn, əvvəl bu “x-ray’lara hirslənən bəzi sərnişinlərimiz indi durumdan məmnundular".

Şener müsahibəsində eyni zamanda Türkiyədəki aeroportları Avropa ilə müqayisə edib. Deyib ki, Türkiyə aeroportları daha etibarlıdır: “Çünki bölgəmizdəki vəziyyətə, Türkiyənin geopolitik durumuna görə ətrafımızda nələr olduğunu görürük. Çox ciddi sıxıntılar var, Türkiyədə bir çox terror hadisəsi baş verib, içimiz yanıb. Təbii ki, buralarda çox ciddi problemlər olduğu üçün bizdə onsuz da təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Avropa ilə müqayisədə bu girişdəki ”x-ray’ların olması çox önəmli bir hadisədir".
Türkiyədəki aeroportlardakı təhlükəsizlik tədbirləri isə mərhələ-mərhələ, aşağıdakı kimi həyata keçirilir: sərnişin girişdəki “x-ray’lardan keçir, ondan sonra baqajlarını təhvil verir, o baqaj aşağıdakı yük axtarma hissəsində tomoqrafiya cihazlarından keçir. Pasport yoxlama şöbəsindən keçdikdən sonra isə əl çantası bir daha axtarılır. Sərnişin ancaq bundan sonra keçidlərə doğru gedə bilir.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Heydər Əliyev adına Beynəlxalq Hava Limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib. AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski daha öncə mətbuata verdiyi açıqlamada bildirib ki, bu tədbirlər Brüsselin beynəlxalq hava limanında baş verən terror aktı fonunda “Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.
Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlanılır və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.
Xatırladaq ki, Brüssel terrorundan sonra Paris, Roma və Frankfurt hava limanlarında, habelə Niderland-Belçika sərhədində, eyni zamanda İsveç, Norveç və Danimarkada təhlükəsizlik tədbirləri gücləndirilib.
Cia.az
