Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isveçli rejissor Roni Danielsonla görüş keçirilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, yeni beynəlxalq layihə çərçivəsində həyata keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” romanı əsasında tamaşa hazırlanması müzakirə edilib.
İsveçli rejissor görüşdən əvvəl müəllifin başqa bir səhnə əsəri - “Balaca və damda yaşayan Karlson” tamaşasını izləyib.
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov qonağa Azərbaycan teatrı haqqında ətraflı məlumat verərək, ölkəmizin teatr sahəsində baş verən yeniliklərdən danışıb.
Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür edən rejissor bildirib ki, A.Lindqren “Uzuncorab Peppi” romanını 1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsər anasını itirmiş, atası uzaqlarda – dənizdə işləyən gənc, yalqız və müstəqil Peppinin şən və macəralı həyatından bəhs edir. Əsərdə 10-15 obraz var.
Qeyd edək ki, tamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək.
