Novruz bayramı geridə qalsa da, bazarlardakı bayram bahalaşması səngiməyib. Bayram ərəfəsində pik həddə bahalaşan məhsullar indi də eyni şəkildə satılmaqda davam edir. “Yeni Müsavat”ın müxbiri paytaxtın “Səkkizinci kilometr” bazarına baş çəkərək ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb.
Əvvəlcə onu qeyd edək ki, bazarda alıcı əlindən tərpənmək olmur. Bayram bazarlığını tükətmiş əhali bazarlara üz tutub. Tələbatın bu cür artması da qiymətlərin eyni həddə qalmasına səbəb olub.
İlk olaraq quru meyvələrin qiymətinə nəzər salsaq, qoz və fındıq yenə də 5-6 manatadır, yalnız bir yerdə 4 manata qoz satılırdı. Ləpələrin qiyməti isə 12-18 manat arasında dəyişir. Badam ləpəsi də 24 manatla liderliyini qoruyur. Kişmiş 8-12 manat, ərik qurusu 10 manat, alma və gavalı quruları isə 7-8 manatadır. “Şahənşah”, “Tamaşa”, “Sultan” düyüləri isə bazarda 2.5 manata təklif olunur.
Meyvələrin, xüsusən də , alma, naringi və portağalın qiymətində isə bir qədər ucuzlaşma müşahidə olunur. Belə ki, bayramda 2 manata satılan almalar indi 1.5 manata, 3 manata satılan portağal 2 manata, naringi də 1.8-2 manata satılır. Banan bahalaşıb, 2.7-3 manata təklif olunur. Yerli naringinin isə topdansatış qiyməti 2.9 manat, satış qiyməti 3.5 manat olub.
Satıcılar deyir ki, topdansatışda qiymətlər baha qaldığı üçün onlar da baha satmağa məcburdurlar. İrandan gələn məhsulların da gömrükdə problemlə üzləşməsi ucuz məhsulların bazara girişini əngəllədiyindən qiymət artımı davam edir. Satıcının sözlərinə görə, yerli məhsullar da baha gətirilir. Ötən ilin bu vaxtı 80 qəpiyə satılan alma indi 1.5 manatadır. Novruz süfrəsinə qoyulan iydə, innab bayram ərəfəsində 6 manata qalxsa da indi 4 manata düşüb. Narın kiloqramı 3-4 manat arasında dəyişir. Göyçay narı 4 manata satılır.
Tərəvəzlərdən kartof nisbətən ucuzlaşıb. Belə ki, bazarda ən baha kartof 70 qəpikdir, Tovuz kartofunu isə kiloqramı 50 qəpikdən almaq olar. Soğanın qiyməti 70-80 qəpik arasındadır. Kələm 50 qəpik, kök 50 qəpik, turp 0.5-1 manat, göbələk 2.7 manat, badımcan 3 manat, xiyar 2-2.5 manat, pomidor 2-3 manatdır.
Pomidor və xiyar bayram günləri ilə müqayisədə 50 qəpik ucuzlaşıb.
Paxlalılardan mərci 3.4 manata, lobya 4 manata, noxud 3.8 manata , qarabaşaq 2 manatadır.
Göyərtilərin 8 -10 dəstəsi 1 manata satılır. Limonun isə 3 ədədi 1 manatadır. Kənd yumurtasına da tələbat artıb, bir ədədi 20 qəpikdir.
Marketlərdə də qiymət endirimi olmayıb. Əksinə yumurta bahalaşıb. Belə ki, bir müddət 8-9 qəpiyə qədər ucuzlaşan, daha sonra 12 qəpiyə satılan yumurta indi orta hesabla 15 qəpiyədir. Həmçinin, “Coca-Cola” nın 1 litri 85 qəpiyə təklif olunur. Ağartı məhsullarının da qiymətləri eynidir, firmadan asılı olaraq qiymətlərdə 10-20 qəpik fərqi nəzərə alsaq südlər 1.5 manat, şor 3.5, pendir 5-6 manat arasında dəyişir.
Yağların qiyməti də 10 manata çatmaq üzrədir. Zellandiya yağları 9.8 manata təklif olunur. Duru yağların isə ən ucuzunun 1 litri 3 manatdan başlayır.
100 qramlıq çay qutularının ən ucuzu 1.6 manatadır. Qəndin kiloqramı 1.5 manat, şəkər tozu isə 95 qəpik-1 manatdır. Makaron məhsullarının da qiyməti 1 manatı ötüb. Bir paket makaron 1.08 qəpiyə qalxıb.
Bazarlardakı durum alıcıları da narazı salıb. Onlar bayramdan sonra bahalaşmanın ucuzlaşma ilə əvəz olunmasını arzu etsələr də bunu real görmürlər.
Solmaz Alxanov adlı alıcı deyir ki, Azərbaycanda qiymətlər məşhur bir şüar üzrə tənzimlənir: “Bir dəfə qalxan qiymətlər, bir daha enməz”. Bunu əbəs yerə deməyiblər. Endirim bir tərəfə, hər gün qəpik-qəpik bahalaşma gedir. Bir də baxırsan ki, 3-4 məhsul alıb marketdən çıxanda 20-30 manat xərcin çıxır. Əvvəllər bu pulla bir həftəlin bazarlıq edirdik".
Satıcılardan əldə etdiyimiz məlumata görə, bir neçə günə marketlərdə “Azərsun” məhsulları 10-15 faiz bahalaşa bilər. Səbəb isə topdansatışda artıq qiymətlərin bahalaşmasıdır.
İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bayram bitsə də, bəzi ərzaq bazarında bahalaşma davam edə bilər: “Novruz süfrəsində istifadə olunan məhsullara tələbat artdığı üçün bayram ərəfəsində bəzi məhsullar bahalaşdı. Əslində bu təbii bir prosesdir. Ölkədə bayram ərəfəsində məhsul bolluğunun yaradılması ilə bağlı atılan addımlar tam effekt vermir. Yarmarkalar təşkil olunsa da , müşahidə olunanlar ondan ibarətdir ki, kəndlilərin, fermerlərin bu yarmarkalara çıxış imkanlarında müəyyən məhdudiyyətlər var. Bu qısamüddətli proses olduğu üçün kəndlilər özləri də bu yarmarkalarda iştirak etməkdə maraqlı olmurlar. Bu baxımdan bayram dövründə qiymətlər bahalaşır. İdxal olunan məhsullarda da analoji hal müşahidə olunur. Lakin bayramdan sonra ucuzlaşmanın gözlənilməsi təbiidir. Kənd təsərrüfatı məhsullarında bundan sonra müəyyən qədər ucuzlaşma müşahidə olunacaq. Bu proses oktyabr ayına qədər davam edəcək. Çünki, digər tərəfdən, əhalinin alıcılıq qabiliyyəti sürətlə azalır. Şirkətlər isə öz məhsullarının rəqabətə davamlılığını və dövriyyəsini qorumaq məqsədilə qiymətlərdə güzəştə getməli olacaqlar. Lakin bu ucuzlaşma kəskin olmayacaq. Yəni qiymətlərin devalvasiyadan öncəki həddə düşməsi gözlənilmir”.
musavat
