|
Ermənistan - Avropanın ən hərbiləşdirilmiş işğalçı ölkəsi
Almaniyadakı Bonn Qlobal Hərbiləşmə İndeksi üzrə Beynəlxalq Konversiya Mərkəzi bayram günlərində maraqlı bir hesabat yayıb. Hesabatda işğalçı Ermənistan Avropanın ən çox hərbiləşmiş ölkəsi elan edilib. Sənəddə bildirildiyinə görə, nəticələr hər min nəfər əhaliyə düşən hərbçilərin sayı, hərbi xərclərin və ÜDM-in nisbəti, hərbi və səhiyyə xərclərinin nisbəti, həmçinin, qoşunların sayı və ağır hərbi texnikanın göstəriciləri əsasında hazırlanır.
Hesabata görə, ikinci yerdə Rusiya, üçüncü yerdə yunan Kipri, dördüncü yerdə isə Azərbaycandır (Azərbaycan 2015-ci ilin axırına 8-ci yerdə olub). Ən çox hərbiləşmiş dünya ölkələri arasında isə Ermənistan üçüncü yerdədir. 
Əlbəttə ki, “ən çox hərbiləşmə” ifadəsi hələ o demək deyil ki, Ermənistan hərbi cəhətdən Azərbaycandan, Rusiyadan, başqa Avropa ölkələrindən güclüdür. Söhbət, sadəcə, yuxarıda sadalanan göstəricilərə (əhali sayı və s.) nəzərən hasil olan nəticədən gedir. Cırtdan ölkə olan işğalçının ərazisində normadan artıq silah-sursat yerləşdirilməsi isə, təbii ki, müstəsna olaraq Rusiyanın - ATƏT-in Minsk Qrupunun üç həmsədrindən birinin  sayəsində mümkün olub. Amma təkcə onun hesabınamı?
 
Əlbəttə yox. Həm də bu silahlanmaya daima göz yuman, bir dəfə də olsun Rusiya və Ermənistana irad bildirməyən, göz ağartmayan digər iki vasitəçi dövlət - ABŞ və Fransanın sayəsində təcavüzkar sürətlə silahlandırılır. Son bir neçə ayda isə Türkiyədən təhlükə bəhanəsi ilə proses Rusiya tərəfdən daha intensiv xarakter alıb. 
Sözsüz ki, ən əvvəl bu səbəblərdən Dağlıq Qarabağa dair on illərdir aparılan danışıqlar nəticə vermir. Çünki erməni tərəfi nəinki özünü cəzasızlıq mühitində hiss edir, eyni zamanda o, üstəlik, vasitəçilərin rəğbətini duyur. Təbii ki, Azərbaycan da situasiyanın yaxşı fərqindədir. Bu mənada prezident İlham Əliyevin Minsk Qrupu həmsədrləri haqda söylədiyi son sərt fikirlərdə təəccüblü heç nə yoxdur və bütünlüklə acı gerçəyi əks etdirir.
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində ölkə başçısı bildirmişdi ki, həmsədrlər öz fəaliyyəti ilə Qarabağ münaqişənin dondurulmasına xidmət edirlər: “Onlar öz səlahiyyətlərini aşaraq beynəlxalq təşkilatların işinə müdaxilə edirlər. Ermənistana təzyiq etmək əvəzinə, ermənilərə himayədarlıq edir, onları qoruyurlar. Münaqişəni həll etmək əvəzinə qəribə təkliflər verirlər ki, təmas xəttində təhlükəsizlik tədbirləri möhkəmləndirilsin”.
“Bu, nə deməkdir? O deməkdir ki, işğalçı dövlət özünü daha rahat hiss etsin və işğalı, status-kvonu daha da möhkəmləndirsin. Biz burada, əlbəttə ki, Azərbaycana qarşı həm qeyri-dost, qeyri-səmimi münasibət, həm də riyakarlıq görürük və bunu açıq deyirik, onların üzünə deyirik. Mən burada artıq ictimaiyyətə də bunu deyirəm, bir tərəfdən onların dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Digər tərəfdən, Minsk Qrupunun həmsədrlərinin pozucu fəaliyyəti status-kvonun möhkəmlənməsinə xidmət edir. Bax, budur münaqişənin uzadılmasının əsas səbəbi. Bu, ədalətsizlikdir. Bu, ikili standartlar siyasətidir. Biz bu siyasəti rədd edirik və bundan sonra bütün kürsülərdə öz sözümüzü deyəcəyik”, - deyə prezident qeyd eləmişdi.
Rusiyanın bu haqlı iradlara cavab reaksiyası artıq bəllidir - əgər ona reaksiya demək mümkünsə, çünki tənqiddən nəticə çıxarılmayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məsələ ilə bağlı iddia edib ki, guya İlham Əliyevin tənqidlərinin Kremlə aidiyyəti yoxdur, çünki “Azərbaycan prezidenti Rusiyanı nəzərdə tutmayıb, Rusiya səmimi qəlbdən konfliktin hillini istəyir”. Halbuki, hamı bilir ki, münaqişənin həllinə ən böyük əngəl elə Rusiyanın özüdür. 
İkinci yandan, xanım Zaxarova bilməmiş deyil ki, az öncə Ermənistana 200 milyon (əslində 1 milyard) dollar dəyərində silah-sursat verilməsi ilə bağlı rəsmi Moskvaya etiraz notası göndərən də məhz Bakı olmuşdu. Rusiyadan narazılıq daha özünü necə göstərməlidir ki? 
Məsələyə prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da reaksiya verub. “Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmamış qalıb. Rusiya isə bu prosesin eyni vəziyyətdə qalmaması üçün ciddi səylər göstərir” deyən Peskov ardınca Bakının iradlarına işarə vuraraq bildirib ki, bir ölkənin digərinə qarşı qeyd-şərtsiz bəyanatlar səsləndirməsi heç bir inkişafa yol aça bilməz: “Hələlik sevinmək üçün hansısa irəliləyiş yoxdur. Amma bu məsələdə yeganə çıxış yolu vasitəçilərin həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”.
Lakin Rusiya Qarabağ ixtilafının həllində bəlli səbəblərdən maraqlı deyil. Hərçənd, bəzi analitiklərə görə, Suriyadan çıxan Rusiya indi başqa istiqamətlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasına diqqətini artıra bilər. İstisna deyil. Lakin diqqəti artırılması heç də konfliktin həllinə Moskvanın töhfə verəcəyi anlamına gəlmir. Bəlkə də tam əksinə olacaq. Çünki Rusiya “bulanıq suda” - hərbi qarşıdurmalar şəraitində “balıq tutmağı” xoşlayan dövlətdir. 
Mövcud şərtlər və reallıqlar fonunda digər vasitəçi dövlətlərin Qarabağ səyləri də səmimi təəssüratı bağışlamır. Məsələn, amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiostansiyasına müsahibəsində bildirib ki, “Həmsədrlərin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam həllidir”. Onun sözlərinə görə, atəşkəsi pozmaq cəhdləri narahatlıq doğurur, ən böyük narahatlıq isə dinc əhali arasında qurbanların olmasıdır.

Yəni faktiki şəkildə Uorliki münaqişənin uzunmüddətli həllindən daha çox, atəşkəsin pozulması halları narahat edir. Hərgah, adi məntiq diktə edir ki, konfliktin həlli ilə atəşkəs rejiminə təhlükələr həmişəlik aradan qalxacaq, ölüm-itim də olmayacaq - nə mülki əhali, nə də hərbçilər arasında.

***
Qarabağ məsələsinə ABŞ-ın da ikili standart siyasət yürütməsini aşağıdakı ilginc faktdan da asanca görmək olar. Belə ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Krımın Rusiya tərəfindən ilhaqının ikinci ildönümündə bildirib ki, Krımda Rusiyanın keçirdiyi “referendum”un saxta nəticələrini ABŞ heç vaxt tanımayacaq. 
Pauer ABŞ-ın iki il əvvəl BMT-də 100-dən ölkəni səfərbər etdiyini xatırladıb: “Onlar səsvermə ilə Rusiyaya çox aydın şəkildə dedilər ki, saxta referendumu və işğal faktını BMT heç vaxt tanımayacaq. Biz bunu olduğu kimi - beynəlxalq hüququn pozulması və BMT nizamnaməsinə məhəl qoymama kimi qəbul edəcəyik. Siz özünüzə tarixi danışa bilərsiniz ki, Krım sizindir, amma o heç vaxt sizin olmayacaq”. Amerika rəsmisi əlavə edib ki, Ukrayna suveren dövlətdir və onun ərazi bütövlüyü müqəddəsdir.
 
Sual da budur ki, bəs Azərbaycan suveren dövlət deyil, onun ərazi bütövlüyü müqəddəs deyil, Ermənistan Rusiya kimi BMT nizamnaməsini və beynəlxalq hüququ pozmayıb ki?!! 
Bu yerdə onu da qeyd edək ki, martın 16-da da ABŞ Dövlət Departamenti Krımın Rusiya tərəfindən ilhaq olunmasının ikinci ildönümü ərəfəsində verdiyi bəyanatında Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb. Sitat: “Biz XXI əsrdə sərhədlərin güc yolu ilə yenidən çəkilməsini qəbul etməyəcəyik. İşğal davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq. Biz Rusiyanı işğalı dayandırmağa və Krımı Ukraynaya qaytarmağa çağırırıq”.
 
Çox gözəl. O zaman nədən Azərbaycan ərazisinin 20%-ni 25 ildir işğal altında saxlayan Ermənistana qarşı analoji sərt tələblər irəli sürülmür, sanksiyalar tətbiq olunmur?

Sual ritorikdir, təbii ki: ikili standart məsələsi, işğalçıların “yaxşı” və “pis”ə bölünməsi, qısası, pozuculuq. Azərbaycan prezidenti də zatən, bunu deyib.

musavat