|
Bayramda bankların işləməməsi turistlərə də valyuta problemi yaşatdı
Valyutadəyişmə məntəqələrinin bağlanması Novruz bayramında ölkəyə gələn turistlərə, həmçinin yerli sakinlərə ciddi problem yaradıb. Paytaxt Bakıda bayram tətilində bankların da fəaliyyət göstərməməsi valyuta dəyişilməsində ciddi problemlər yaradıb. Bu isə “qara bazar”ın fəaliyyətini genişləndirib. 

Qeyd edək ki, bu ilin yanvar ayından etibarən Azərbaycanda valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv edilərək bağlanıb. Bundan sonra dollar alan da, satan da məcburi şəkildə banklara və onların filiallarına üz tutmalı olublar. “Exchange”lərin bağlanması “qara bazar”ın da işini gücləndirib, əsasən də qeyri-iş günlərində “qara bazar” “çiçəklənib”.
 
Musavat.com-un məlumatına görə, Novruz bayramında qeyri-iş günlərinin daha çox (martın 19-dan 28-dək)  olması “qara bazar”a tələbatı məcburi şəkildə artırıb. Fürsətdən istifadə edən işbazların bayram günlərindəki qazancı da çoxalıb. “Qara bazar”ın əsas müştəriləri isə Bakıya gələn turistlər olub. Cənubi Azərbaycandan, Rusiyadan gələn turistlər məcburi olaraq “qara bazar”a üz tutublar. Bakıya qonaq gələnlər də təəccüblü şəkildə “exchange”lərin bağlandığını görüblər. Xarici valyutanı manatla dəyişə bilməyən turistlər alış-veriş edərkən çıxılmaz vəziyyətdə qalıblar. Bəzi mağazalarda turistlərə güzəşt edilərək onlardan ödəniş dollarla qəbul edilib. Dolların məzənnəsi bu zaman 1,50-1,55 manatdan hesablanıb. 
 
Bayram günlərində - martın 20-23 ərəfəsində heç bir bankın valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərməyib. Lakin martın 24-dən etibarən bir neçə bankın “exchange”ləri işləməyə başlayıb. Əvvəllər valyuta dəyişmə məntəqələrinin çox olduğu 28 May küçəsində açıq olan “Zaminbank”ın filialında dolların alış qiyməti 1,582 manat olaraq göstərilib. Satış qiyməti isə 1,592 manatdır. Burada digər bankların filiallarına və “qara bazar”a nisbətən dolların satışı ucuzdur. “Nikoil” bankın Puşkin küçəsindəki valyuta dəyişmə məntəqəsi də fəaliyyət göstərir. Burada dolların satış qiyməti ilə alış qiyməti arasında digər banklara nisbətən böyük fərq var. “Nikoil” bank 1,54 manata aldığı dollar müştərilərə 1,62 manata satılır. Xatırladaq ki, martın 18-də sonuncu iş günündə Azərbaycan Mərkəzi Bankı rəsmi olaraq dolların məzənnəsini  1,5971 manat olaraq açıqlamışdı. 

Qeyd edək ki, Rusiyada yaşayan həmvətənlərimizin və turistlərin Bakıya gəlişi valyuta dəyişmə məntəqələrinin işini daha da sürətləndirib. “Exchange”lərə dollarla yanaşı rubl satmaq istəyənlər də çoxalıb. Hazırda valyutadəyişmə məntəqələrində rublun alışı 0,022-0,023, satışı isə 0,024 manatadır. Avronun alış qiyməti “Zaminbank”da 1,762, satışı isə 1,783 manatdır. “Nikoil” bankda isə avronun alış qiyməti 1,76 manata təklif olunur. Satış qiyməti isə 1,86 manatdır.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, Mərkəzi Bank və hökumətin bu davranışı “qara bazar”ın fəaliyyətini gücləndirib: “Bayramdan öncə bir neçə mətbuat orqanlarına müsahibələrimizdə də, sosial şəbəkələrdə də bununla bağlı xəbərdarlıq etmişdik. Demişdik ki, belə bir vəziyyətin yaranması ehtimalı var. Çox yaxşı olar ki, Mərkəzi Bank və hökumət xüsusi bir qərar versin, heç olmasa şəhərin mərkəz hissəsində çalışan banklarda bayram günlərində iş rejimi olsun ki, valyutadəyişmə məntəqələrinin çalışması üçün problem yaranmasın. İndiki şəraitin yaranması ”qara bazar"ın “çiçəklənməsinə” səbəb oldu. Ölkəyə gələn turistlər üçün ciddi problemlər yarandı. Bunun dəfələrlə özüm şahidi oldum. “Qara bazar”ın yaranması, əsasən də “28 may” metrostansiyası ətrafında müşahidə olundu. Turistlər üçün ucuz qiymətə valyuta dəyişən işbazlar meydana çıxdı. 
 
Satış üçün müraciət etdikdə, çox ucuz qiymətə dəyişirdilər. Dollar almaq istəyəndə isə 1,85, 1,90, hətta 2 manat civarında qiymət təklif olunurdu. Bu da “qara bazarı”n dirçəlməsinə səbəb oldu. Bunu öncədən görmək çətin deyildi. Təəssüf ki, nə Mərkəzi Bank, nə hökumət bununla bağlı heç bir addım atmadı. Ola bilsin ki, bankların özləri belə şəraitin yaranmasında maraqlı idilər. Yəni ən azından “qara bazar”ın çiçəklənməsindən müəyyən dərəcədə özləri də istifadə etsinlər. Bu, çox bəsit bir məsələ idi, həlli üçün də asan qərar vermək mümkün idi. Ölkədə bir “Azneft” meydanına yaxın bir bankın valyutadəyişmə məntəqəsi, bank şöbəsi çalışırdı. Yolum tez-tez oradan düşür. Elə vaxt olurdu ki, bayram günlərində onlarla insan orada növbə tuturdu. Bu, narahatlıq yaradan bir məqamdır. Onu da nəzərə alaq ki, Azərbaycan hökuməti dəfələrlə ölkədə turizmin inkişaf etdirilməsi haqqında danışır. Turizmi prioritet sahələrdən biri kimi təqdim edir. Belə bir şəraitin yaranması tamam anlaşılmazlıq yaradır ki, əgər turizmi inkişaf etdirmək istəyiriksə, nəyə görə turistlər üçün bir çox problemlər yaşadırıq? Həm də viza ilə bağlı problemlərdən tutmuş ölkədəki bahalığa qədər, həm də bunun üzərinə bir də valyutadəyişmə problemi yaranır. Bundan başqa, bayram günlərində Azərbaycan vətəndaşları da kifayət qədər aktiv şəkildə yaxın ölkələrə, ən azından Gürcüstana, Türkiyəyə səfərlər planlaşdırırdılar. Səfər öncəsi və yaxud da səfərə getməmişdən qabaq müəyyən valyuta əldə etmək istəkləri yaranırdı. Bu da vətəndaşlara böyük problem yaşatdı. Yəni hökumətin, Mərkəzi Bankın belə bir addım atmamasının məntiqi izahı yoxdur. 
 
Ona görə də belə bir bəsit məsələni həll edə bilməyən hökumət və yaxud da Mərkəzi Bank müəyyən məsuliyyət daşımalıdır. Ən azından, insanlardan üzr istəməlidir ki, bunu nəzərə almayıblar, belə bir şəraitin yaranmasına səbəb olublar. Nə iqtisadi, nə siyasi məntiqlə izah etmək mümkün deyil. Turizmi inkişaf etdirmək istəyiriksə, hər şey turistin rahatlığı üçün olmalıdır. Necə ki, Tiflisdə hər addımbaşı valyutadəyişmə məntəqələri var, gecə saatlarına qədər işləyir, bu da turistlər üçün çox rahat şərait yaradır. Ona görə də Azərbaycanda belə bir şəraiti görən tutaq ki, iranlı turist ikinic dəfə Azərbaycanı seçməyəcək. Gürcüstanda həm viza yoxdur, valyutadəyişmə məntəqələri çalışırlar, həm də ucuzluqdur. Azərbaycan hökumətinin bu məsuliyyətsiz addımı gələcəkdə Azərbaycana gələcək turistlərin sayının azalmasına səbəb olacaq".
Cia.az