|
“Bunu 10 adam bilirsə, biri də mənəm”

Modern.az saytı “Siyasilərin elmi fəaliyyəti” rubrikasında Milli Məclisin üzvü, hüquq elmləri namizədi Siyavuş Novruzov haqda yazıb.

S.Novruzov sayta verdiyi müsahibədə bildirib ki, idmanla mütəmadi məşğul olması və gəncliyinin idmanla bağlılığı səbəbindən bəzi jurnalistlər onu Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu hesab edir. Amma əslində elə deyil. S.Novruzov sərbəst güləş üzrə keçmiş SSRİ çempionu olsa da, idman institutunu deyil, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçib. Dediyinə görə, əgər hüquqda oxumasaymış, seçəcəyi sahə ədəbiyyat olacaqdı. Ədəbiyyatı çox sevən S.Novruzov həm dünya, həm də Azərbaycan ədəbiyyatından zəngin mütaliəyə malikdir.

Deputat müsahibəsində öz elmi fəaliyyəti haqqında bunları danışıb: “Mən hüquq sahəsində müdafiə etmişəm. Dissertasiya işim seçki texnologiyaları ilə bağlı olub. Müdafiə etdiyim mövzu “Seçki kampaniyasının planlaşdırılması və idarə olunmasının hüquqi əsasları” olub. Azərbaycanda bu sahə üzrə mənə qədər müdafiə edən olmamışdı. Uzun müddət Amerikanın müxtəlif institutları ilə seçkiləri müşahidə etmişəm. 1995-ci ildən Şərqi Avropa ölkələrinin çoxunun seçki kampaniyasında iştirak etmişəm. İki dəfə Amerikada olmuşam bu məsələ ilə bağlı. Seçki Məcəlləmizdə nəzəri və praktiki cəhətlər var. Təvazökarlıqdan uzaq olsa da, Seçki Məcəlləsini Azərbaycanda 10 adam bilirsə, onun biri də mənəm. “

Millət vəkili elmlə bağlı bəzi təkliflər də irəli sürüb: “Hazırda müharibə vəziyyətindəyik. Kim təminat verə bilər ki, müharibə başlamayacaq, ermənilər kimyəvi silahdan istifadə etməyəcək. Alimlərimiz bunun qarşısını almaq üçün düşünməlidirlər. Bunun qarşısının alınması üçün elmin köməyinə ehtiyac var. Amerika ordusu 3 sahə üzərində qurulub: hava qoşunları, dəniz və quru qoşunları. Hava qoşunlarına raket sistemi də daxildir. Dördüncü sahə olaraq informasiya-kommunikasiya sistemi növü də yaradılıb. Amma o əhəmiyyətinə görə dördüncü yox, birinci yerdə gedir.

Silahlar texnologiya ilə işləyir. Nə qədər Nizamidən, Füzulidən müdafiə etmək olar?! Hesab edirəm ki, burda da qruplaşma lazımdır. Azərbaycan kimi kiçik bir ölkədə kifayət edər ki, müəyyən institutlar birləşsin, yeniləri yaradılsın. Çünki biz geriyə yox, irəliyə baxmalıyıq. Keçmişdə biz sovet hökumətinin bir hissəsi idik. İndi müstəqilik.

Baxın, Azərbaycanda Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Etnoqrafiya və Arxeologiya İnstitutu, Əlyazmalar İnstitutu fəaliyyət göstərir. Bunların hamısı tarix elminin qollarıdır. Biri qazır çıxarır, biri tarixini araşdırır, o biri başqa bir tərəfdən araşdırır. Axı bunun hamısı eyni şeydir!

Burada söhbət ondan getmir ki, elmi instituta kim rəhbərlik edir. Təklif verəndə bəzən yanlış anlanılır. Söhbət sistemin fəaliyyətindən və işlək mexanizmdən gedir. Əsas məqsəd odur ki, həm işçi yaxşı işləsin, yaxşı əmək haqqı alsın, həm də dövlət sifarişləri olsun, həm də elmimiz inkişaf etsin. Bu cür mexanizm işlədikdən sora heç kim dövlət işinə getməyəcək.

Hamı elm arxasınca gedəcək. Alimlər, ziyalılar dövlət işi olan kimi elmi bir kənara qoyub dövlət işində işləyirlər”.