|
“Azərbaycanın böyük dövlətlər üçün önəmi artıb” - rusiyalı politoloq
“Türkiyə və Azərbaycan prezidentlərinin son görüşünün yekunu və Ankarada imzalanan sənədlərdə sensasion sayılacaq heç nə yoxdur. Belə danışıqlar zamanı həmişə nə isə kadr arxasında qalır”. Musavat.com-un məlumatına görə, hu barədə tanınmış rusiyalı politoloq və sosioloq Mixail Neyjmakov rusdilli vesti.az saytına açıqlamasında bildirib.
“Əvvəla, bağlı qapılar arxasında istisna deyil ki, Rusiya və İranla danışıqlarda Bakının vasitəçilik rolu müzakirə olunub. Aydındır ki, Tehran-Ankara əlaqələri birbaşa da inkişaf edir. Bu xüsusda baş nazir Əhməd Davudoğlunun İrana az öncə etdiyi ikigünlük səfəri qeyd eləmək olar. Amma Tehranla əlavə təmas kanalı da Ankaraya heç də mane olmaz. Azərbaycan-İran münasibətləri son vaxtlar ciddi şəkildə istiləşib – buradaca İlham Əliyevin Tehrana fevralda etdiyi səfəri yada salmaq olar. Bakının Moskva və Ankara arşında mümkün vasitəçilik rolundan isə indiyədək çox danışılıb”.
 
Ekspertə görə, Türkiyə XİN-in Krımla bağlı son sərt bəyanatı hələ heç nə demir, çünki: “Bəzən tərəflər məhz danışıqlara ümid edərək və manevr üçün daha geniş məkan qazanmaqdan ötrü sərt mövqe tuturlar. Başqa yandan, Ankara ehtiyat edə bilər ki, Rusiya və İranın Bakıya artan marağı onların Azərbaycana təsirlərinin də artmasına gətirə bilər. Prezident Əliyevin Tehrana fevral səfərindən sonra hadisələrin belə inkişaf variantı ekspert camiəsində müzakirə olunub”.
 
Lakin rusiyalı politoloq hesab edir ki, Azərbaycan prezidenti şəxsən Türkiyəyə səfər eləməklə xoş məram jesti göstərib və türkiyəli tərəfdaşların bu xüsusda əndişəsinə son qoyub. “Ərdoğanın cavab reaksiyası da göstərir ki, Türkiyə rəhbərliyinə bu jest yüksək qiymətləndirilib” – qeyd edib ekspert.
 
“Bütövlükdə hətta Azərbaycana olduqca soyuq münasibətdə olan müşahidəçilər də etiraf edir ki, regionda nüfuz mübarizsə apara dövlətlər arşında çoxsaylı ziddiyyətlərin həllində Bakının rolu ciddi şəkildə arta bilər” - əlavə edib analitik. 
Cia.az