Millət vəkili Yevda Abramov “Azərişıq” ASC tərəfindən abonentlərin hüquqlarının pozulduğunu və onlara istifadə etmədikləri elektrik enerjisinə görə, külli miqdarda borc yazıldığını iddia edib. O “Yeni Müsavat”a müsahibəsində bildirib ki, bu faktlar Quba rayonunda mövcuddur və vətəndaşlardan ona şikayətlər daxil olub: “Adam var, 900-1200 manat işıq pulu borcu yazıblar. Tanrıverdi müəllim gəlsin Qubaya, mən onunla üzləşim. Əgər mən düz demirəmsə, mandatımı təhvil verirəm, yox əgər özü düz demirsə, vəzifəsindən istefa versin”.
Deputat iddia edir ki, Sumqayıtda yaşamadığı halda onun ünvanına 787 manatlıq borc gəlib: “Məlum oldu yalandır, borcu sıfırlatdım. Mənim işıq pulu borcum yoxdur axı. Yüzlərlə insana borc qəbzi göndəriblər. Yüzlərlə adam gedib, deyiblər ki, 900 manat borcun var, 100 manat ver, əl çəkək. 100-150 manat alıb borcu silirlər. Belə olmaz axı... Tanrıverdi Mustafayevin bundan xəbəri yoxdur”.
Məsələ ilə bağlı yenidən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. O bildirdi ki, iki gün öncə verdiyi açıqlamanın üzərində qalır və heç bir əlavəsi yoxdur.
Xatırladaq ki, iki gün öncə Tanrıverdi Mustafayev musavat.com-a açıqlamasında bildirmişdi ki, heç bir abonentə istifadə etmədiyi elektrik enerjisinə görə borc yazıla bilməz: “Narazı abonent kodunu göndərsin, araşdıraq və bu haqda məlumat verək. "Azərişıq" elektrik enerjisindən istifadəyə görə borcu ölən şəxsin adına yox, mənzilə yazır. Mənzil kimin adınadırsa, borc da onun adına yazılır. İllərdir ki, bu sahədə çalışıram. Yüzlərlə belə abonent var. Mənzil kimin adınadırsa, həmin insan dünyasını dəyişib, amma sənədlər hələ də onun adınadır. Evin digər sakinləri, yaxınları sənədləri mütləq şəkildə dəyişdirməlidir. Dəyişdirmədiyi təqdirdə, təbii ki, borc həmin adamın adına göndəriləcək. Ölünün adına heç vaxt borc yazılmır, mənzilə yazılır.
Bu məsələnin çox asan həll yolu var. Biz iki ildir ki, “ASAN xidmət”lə əməkdaşlıq edirik. Bir neçə dəqiqə ərzində bu problemi həll etmək, abonent kodunu ev sahiblərindən başqasının adına keçirmək olar. Yüzlərlə belə hal müşahidə edirik. Xahiş edirik, müvafiq qurumlara müraciət edib, bu məsələni həll etsinlər".
Ekspertlər isə bu məsələnin araşdırılması üçün media nümayəndələrindən, millət vəkillərindən, iqtisadçılardan ibarət xüsusi komissiyanın yaradılmasını və məsələnin yerindəcə araşdırılmasını təklif edirlər.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan məsələyə münasibət bildirərək qeyd etdi ki, istənilən qalmaqallı məsələni aydınlaşdırmaq üçün mətbuatın imkanlarından istifadə etmək məqsədəuyğundur: “Bu məsələdə də əgər jurnalistlərdən, QHT nümayəndələrindən, deputatlardan və iqtisadçılardan ictimai bir komissiya yaradılarsa, "Yeni Müsavat" bu komissiyada fəal şəkildə iştirak etməyə, Yevda Abramovun göstərdiyi ünvanlara baş çəkməyə, həmçinin “Azərişıq”ın da bu məsələ ilə bağlı təkliflərini dəyərləndirməyə, o istiqamətdə də fəaliyyət göstərməyə hazırdır. Mən Yevda Abramovun bu məsələni qabartmasını doğru hesab edirəm. O, sıradan bir insan deyil, Milli Məclisin üzvüdür, çox ciddi bir problem qaldırıb. İnanıram ki, “Azərişıq” bu məsələyə çox ciddi yanaşacaq və söylənilən iddianın nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçün belə bir komissiyanın Quba rayonuna səfər etməsində maraqlı olacaq".
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər belə bir faktlar varsa, bu, mütləq araşdırılmalıdır, sənədlər üzə çıxarılmalıdır, məsuliyyət daşıyanlar da cəzalandırılmalıdır:“Burada təkcə vətəndaşların itkilərindən və korrupsiyadan söhbət getmir, həm də ümumiyyətlə enerji sistemində borcların yığılmasında problemin olmasından söhbət gedir. Çox güman ki, belə bir hal varsa təkcə bir rayonda deyil, hər yerdə ola bilər. Ona görə də, bu yoxlamanın aparılması çox vacibdir. Əgər hər hansı neqativ faktlar üzə çıxarsa, o zaman bütün ölkə üzrə monitorinq həyata keçirilməlidir. Həmçinin bu işdə əli olan, təqsirli olan hər bir şəxs cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun. Bu cür bir araşdırma çox vacibdir. Mən həm bir vətəndaş kimi, həm də bir iqtisadçı kimi bu məsələnin iqtisadiyyata vurduğu zərərlərin araşdırılmasında iştirak edə bilərəm. Sadəcə bu komissiya çox şəffaf şəkildə işləməlidir, televiziyalarda mütəmadi şəkildə məlumatlar verilməklə, problem ictimailəşdirilməlidir. Elə olmasın ki, bir deputatın hər hansı məmurla şəxsi konflikti varsa, bundan istifadə edərək ölkədə gündəm yaradılmasında iştirak etmək istəmirəm. Ancaq səmimi bir araşdırma olacaqsa, orada iştirak edərəm”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov: “Düzdür, belə hallar olur bəzən. Mən ayda bir dəfə Quba rayonunda vətəndaşlarla görüş keçirirəm. Mənə də belə xırda şikayətlər edirlər və biz yerindəcə araşdırıb həll edirik. Ancaq insanların hamısının bu cür aldadılmasını da demək olmaz axı. Bir-iki nəfərin mənzilinə yanlış qəbz gedibsə, o demək deyil ki, bütün ölkə üzrə vəziyyət belədir. Problem olanda həll edirik. Mən ötən gün "Azərişıq" ASC-nin sədri ilə də danışdım. Elə bir ciddi problem yoxdur. Heç bir komissiyanın yaradılmasına ehtiyac yoxdur. Mən özüm Qubada qəbul keçirirəm, şikayətləri həll edirəm".
Cia.az
