|
Prezident struktur islahatlarına başladı
Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərman imzalayıb.
President.az saytında dərc edilən fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə qərara alıram:
 
1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilsin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılsın.
 
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsini nəzərə almaqla Nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Nəzərə çatdıraq ki, struktur islahatlarının aparılması məsələsi xeyli vaxtdır gündəmdədir.  Büdcə vəsaitlərinə qənaət edilməsi, xərclərin azaldılması üçün bir sıra qurumların birləşdirilməsi məqbul hesab edilir.
 
Ekspertlər bildirirdilər ki, oxşar funksiyaları yerinə yetirən kiçik təşkilatların saxlanılmasına zərurət yoxdur və onlar ya ləğv edilməli, səlahiyyətləri daha böyük təşkilata - nazirliyə verilməlidir, ya da həmin qurum başqa quruma birləşdirilməlidir. 
 
Nəzərə çatdıraq ki, ötən il Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onun səlahiyyətləri müvafiq olaraq bir neçə nazirliyə verilmişdi. 
 
Hazırda birləşdiriləcəyi haqda danışılan daha iki qurum var - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası,  Diasporla iş üzrə Dövlət Komitəsi. Onların müvafiq olaraq Təhsil və Xarici İşlər nazirliklərinə birləşdiriləcəyi deyilir. 
 
Bundan başqa, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin də saxlanılmasına ehtiyac olmadığı bildirilir. Yaxın vaxtlarda həmin komitənin ləğv ediləcəyi, səlahiyyətlərinin müvafiq olaraq digər qurumlara veriləcəyi bildirilir. 
 
Eyni zamanda ədliyyə sistemində də pərakəndə şəkildə olan bir sıra qurumlar və onların tabeliklərində idarələr var ki, onların ləğvi bürokratik əngəllərin aradan qaldırılması, şəffaflıq prinsipləri baxımından vacib hesab olunur. Məsələn, hazırda Qeydiyyat və Notariat Baş İdarəsi özü tabeli qurum olsa da, onun tərkibində parçalanmış bir neçə idarə var ki, onların ləğvi, birləşdirilməsi məqsədəuyğun hesab edilir. 
 
Ekspertlər qeyd edirlər ki, bu cür struktur islahatlarıların aparılması bürokratik əngəllərin aradan qaldırılması, çevik mexanizmlər hazırlanması baxımından olduqca əhəmiyyətlidir. 
Həmçinin, bir sıra icra nümayəndəliklərinin, bələdiyyələrin birləşdirilməsi də müzakirə mövzusudur.
 
Ölkədə iqtisadi inkişafın gücləndirilməsi, şəffaflığın artırılması, məmur süründürməçiliklərinin aradan qaldırılması üçün bu addımların atılmasının vacibliyi vurğulanır. 
 
Bu addımların bayramdan sonrakı müddətdə mərhələ ilə həyata keçiriləcəyi gözləniləndir.
Cia.az