|
Naxçıvanlı məktəblilər Beynəlxalq Muğam Mərkəzində

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan şəhərinin məktəbliləri martın 17-də Beynəlxalq Muğam Mərkəzini ziyarət ediblər.

Məktəblilərə Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Qeyd olunub ki, 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən binanın inşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan şagirdlər burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıblar.

Sonra uşaqlar gənc muğam ifaçılarının konsertini dinləyib və ifaçılarla görüşüblər.

Naxçıvanlı şagirdlər Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.

Cia.az