Bakıda Böyük Moskva Sirkinin priması Darya Kostyukun rəhbərliyi ilə dünyada yeganə olan hepardlar sirki çıxış edəcək.
Cia.az xəbər verir ki, sirkin qastrolları martın 18-27-dək keçiriləcək. Gündə 3 tamaşa olacaq: saat 12.00, 15.00 və 19.00-da. Qonaqlara hava gimnastlarının, akrobatların, klounların, əhliləşdirilmiş kenquruların, itlərin, tutuquşuların, nəhayət, hamının sevimlisi hepardların iştirakı ilə “hepardlar adası” adlı böyük proqram təqdim olunacaq.
Truppanın bədii rəhbəri Darya Kostyuk “hepardlar adası” proqramının press-nümayişindən sonra jurnalistlərə müsahibəsində deyib ki, hepard təbiətin ən gözəl, cəsarətli, şıltaq və nəcib heyvanlarından biridir. D.Kostyuk deyib: “Mən öz işimi çox sevirəm. Zahirən zəif görünsəm də, çox cəsarətliyəm və bütün heyvanlarla ümumi dil tapa bilmişəm. Tamaşanın süjetinə görə, iki dost mifik hepard adası axtarışında bütün dünyanı dolaşırlar. Sizi çoxlu sürpriz gözləyir”.
Qeyd edək ki, pişikkimilər fəsiləsindən olan hepard daha çox Afrika və habelə Yaxın Şərq ölkələrində təsadüf edilən yırtıcı heyvandır. O, üç saniyə ərzində sürətini saatda 112 kilometrə çatdıra bilər.
