Müsavat Partiyasının dekabrın 14-də "Məhsul" stadionunda keçirdiyi mitinq sosial şəbəkələrdə geniş müzakirələrə, mübahisələrə səbəb oldu.
Başqa siyasi təşkilatlar və qruplar aksiyanı tənqid atəşinə tutdu, Müsavat yetkililəri də dərhal cavab verdilər. Meydandan çəkilən fotolarda Müsavatın mitinq çağırışına cəmi bir neçə yüz adamın qatıldığı aydın görünür. Qınaqlar, ironiyalar da elə buna görədir. Qarşı tərəf isə "əsas etiraz aksiyasını təşkil etməkdir, say əhəmiyyətli deyil" arqumentinə əsaslanır. Bundan əvvəl Milli Şura da eyni şüarla iki aksiya keçirmişdi, iştirakçıların sayı Müsavatın mitinqindəkilərdən çox olsa da, meydanın yarısı boş idi, təşkilatçılar məyusluqlarını gizlədə bilmirdilər. "Məhsul"da üzə çıxan acınacaqlı reallığa baxmayaraq müxalif düşərgənin ritorikası, ittihamlarının ünvanı dəyişməyib, eyni adamlar ənənəvi düşmənlərini "zərərsizləşdirməklə" məşğuldurlar. Vəziyyətin bu hala niyə gəldiyini təhlil edib təkliflər üzərində baş sındıran yoxdur.
"Məhsul" stadionu 2005-ci ildən sonra hakimiyyətin müxalifətə yerdiyi ən əlverişli meydandır. "İnşaatçılar" metrostansiyasının çıxışında, şəhərin qələbəlik hissəsi sayılan Yasamal rayonunda yerləşir. Mitinqin təşkilatçılığına ciddi maneələr yaradılmayıb, hətta əvvəldən məlum olur ki, Bakı meriyası razılıq verəcək. Partiya təşkilatları da mitinq təbliğatını elektoron mediada, sosial şəbəkələrdə rahat şəkildə apara bilirlər. Konkret şüarlar da seçilib-həbsdəki siyasi məhbuslara azadlıq tələbi.
Amma "çoxminlik partiyaların" meydana cəmi bir neçə yüz üzvü qatılır. Məsələn, Müsavat Partiyasının keçirdiyi aksiyada bir rayon təşkilatının üzvləri qədər adam iştirak edirdi. Sadə vətəndaşlar meydanın heç həndəvərinə də yaxınlaşmadılar. Partiya funksionerləri kifayət qədər aydın olan bu reallığı təhlil edib bir nəticəyə gəlmək həvəsində deyillər. İntriqa, söz güləşdirmək, qarşılıqlı ittihamlar adamlar üçün daha rahatdır, bununla işlərini bitmiş sayırlar.
Təbii, müxalif düşərgənin bu hala düşməsinin çox ciddi səbəbləri var və onların hamısı şərh etdikləri kimi hakimiyyətin yürütdüyü sərt siyasətlə bağlı deyil. Müxalifət təmsilçiləri bəyan edirlər ki, siyasi hakimiyyət korrupsiyaya qurşanıb, əhalinin əksər təbəqələrinin maraqlarını tapdalayır, siyasi azadlıqları boğur, ölkə böhran içindədir, xalq bu idarəetmədən bezib və s. O zaman hakimiyyətə inanmayan xalq niyə şəhərin mərkəzində təyin olunan, razılaşdırılan mitinqlərə gəlmir, etirazını ifadə etmir? Təbii ki, bunun səbəbi heç də hamının hakimiyyətin siyasətindən razı olması ilə bağlı deyil. Azərbaycanda ən müxtəlif səbəblərdən narazıların sayı kifayət qədərdir, amma onlar müxalifətin yanında dayanıb etiraz etmək istəmirlər. Bakıda, ölkənin müxtəlif bölgələrindən tez-tez etiraz xəbərləri alırıq, vətəndaşlar Prezident Administrasiyasının, başqa dövlət qurumlarının qarşısına toplaşır, qəsəbələrdə, kəndlərdə yolları kəsir, polislə toqquşur. Amma dinc mitinqdə hansısa partiyanın bayrağının yanında durub tələblərini səsləndirmək niyyətində deyil.
Müxalif düşərgə bu barədə ən yaxşı halda sussa da, səbəb elə müxalifətin düşdüyü ağır böhranla bağlıdır. Daxili problemlər, intriqa içində çırpınan təşkilatlardan hansısa vətəndaşın mədət umacağı inandırıcı deyil. Uzun illər ərzində davam edən bu monoton proses insanları müxalifət təşkilatlarından uzaqlaşdırıb. Çox maraqlıdır ki, cəmiyyətin gözü qarşısına sərilən bu fiasko mənzərəsi heç olmasa bundan sonra diskussiya predmetinə çevriləcəkmi? Əgər çevrilməyəcəksə, dəyişiklik olmayacaqsa, alternativ olduğunu isbatlamayacaqsa, bundan sonra "müxalif güc", "hakimiyyətin əsas rəqibi", "seçkilərdə qalib gələn" epitetləri hədsiz ironiya doğuracaq. Belə görünür ki, dəyişmək əvəzinə kəmiyyətcə daha da kiçilən, qrup, fərdi maraqlar uğrunda çarpışan insanların bundan sonra ortaya başqa tablo çıxarmaq imkanları tükənib.
Daha bir neçə səbəbi sadalayaq.
1.Partiyalarda iki onillik əvvəldən toplaşan adamların bir hissəsi qalıb, yeni qüvvələr gəlmir, gənclər üçün siyasi perspektivli görünmür.
2.Cəmiyyətin narazı kəsiminin etimadını itirib, daha etirazçı kütlə müxalifətə maraqlarının ifadəçisi kimi baxmır.
3. Uzun illərin nəticəsiz mübarizəsi və seçki ilə dəyişiklik ümidinə inamın tamamilə itməsi.
4.Müxalifətin əsas dəstəkçi kimi təqdim etdiyi Qərb strukturlarının hakimiyyətlə rahat işbirliyi. Avropa Məhkəməsinə, Avropa Şurasına, ABŞ-a olan ümidlərin puça çıxması.
Siyahını kifayət qədər uzatmaq da olar. Amma müxalifətin bu şəkildə sıradan çıxmasının Azərbaycana böyük zərərləri də ola bilər. Müxalif siyasətçilər bununla bağlı düşünmək istəməsələr də, radikal dini qruplar alternativ qüvvə rolunu oynamağa kifayət qədər həvəsli görünürlər. Müxtəlif dini təşkilatlarda cəmləşən, bəziləri xaricdən konkret maliyyə və təlimat alan radikallar ölkəni fəlakətə sürükləyə bilər.
Təbii, bu situasiya hakimiyyəti də düşündürməlidir, Azərbaycanın konstitusion quruluşuna qarşı çıxan klerikal qüvvələrin siyasi meydana ayaq açmasına imkan vermək olmaz. Təbii, müxalifətin alternativ qüvvə kimi sıradan çıxması iqtidarı razı sala bilər, amma onun yerinə iddia edənləri gözardı etmək odla oynamaq kimi təhlükəlidir.
“Bizim yol” qəzeti
