Azərbaycan hökuməti strateji əhəmiyyətli müəssisələrin özəlləşdirilməsi ilə bağlı qərar verib.
Hazırda məsləhətçi şirkətlər və ekspertlər cəlb edilməklə ölkədə dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni proqram hazırlanır. Bir müddət öncə bu haqda məlumat verən Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirmişdi ki, özəlləşdirmədə məqsəd sadəcə bir obyekti özəlləşdirib, dövlət gəlirlərini artırmaq deyil:
“Azərbaycanın kifayət qədər strateji valyuta ehtiyatları var. Özəlləşdirmə ilə bağlı prezident İlham Əliyev hökumət qarşısında bir neçə məqsəd qoyub. Birincisi, bəlli şərtlər və investisiya təklifləri olarsa, bir sıra dövlət müəssisələrinin müəyyən faizini özəlləşdirməkdir. Burada məqsəd həmin şirkətlərin həm idarə edilməsini, həm də fəaliyyətində şəffaflığı artırmaqla, şirkətlərin sağlamlaşdırılmasını həyata keçirməkdir. İkinci kateqoriya müəssisələr isə daha yüksək hissə ilə özəlləşdiriləcək. Burada məqsəd həmin sektorda rəqabət qabiliyyətliyini artırmaqdır”.
Lakin bu prosesin xeyli müddət öncə başlamasına baxmayaraq, bu günə qədər heç bir dövlət əmlakı, heç bir müəssisə özəlləşdirilməyə çıxarılmayıb. Hökumət çətin bu məsələyə əməli olaraq nə zaman qayıdacağı məchuldur. Məlum oldu kimi, ölkə üzrə 9 günlük bayram tətili başlayır. Bu məsələnin Novruz bayramından sonra gündəmə gəlib-gəlməyəcəyi sual doğurur.
İqtisadçı ekspert Vüqar Bayramov “”Yeni Müsavat"a açıqlamasında bildirdi ki, əsas problem strateji əhəmiyyətli müəssisələrin özəlləşdirilməyə çıxarılması ilə bağlıdır: “Özəlləşdirmə prosesi ilə bağlı açıqlamalar yoxdur. Lakin belə görünür ki, yaxın vaxtlarda özəlləşdirmə prosesinə başlanıla bilər. Bu məsələdə əsas problem hansı müəssisələrin özəlləşdirilməyə çıxarılması ilə bağlıdır. Əgər biz özəlləşdirmə yolu ilə xarici investisiyanı cəlb etmək istəyiriksə, o zaman özəlləşməyə çıxarılan müəssisələr strateji müəssisələri olmalıdır ki, xarici investisiyanı cəlb etmək mümkün olsun. Əgər sıradan müəssisələr özəlləşdirilməyə çıxarılacaqsa, o zaman bu proses effektiv olmayacaq. Özəlləşdirmə prosesində nəzərdə tutulan hədəflərə nail olunması üçün özəlləşməyə çıxarılan müəssisələrin strateji əhəmiyyət daşıması olduqca vacibdir. Görünür bu məsələdə razılıq əldə etmək tam mümkün olmayıb”.
İqtisadçının vurğuladığı digər vacib məqam isə, bu prosesdən öncə, investisiya mühitinin yaxşılaşdırılmasıdır: “Bu istiqamətdə tədbirlərin davam etdirilməsi də vacibdir. Çünki biz xarici investisiyanı genişləndirmək, cəlb etmək istəyiriksə, o zaman investisiya mühitinin yaxşılaşdırılmasına da ehtiyac var. Özəlləşdirmə prosesi islahatların önündə olmamalıdır. Bu prosesi iqtisadi mühitin formalaşdırılmasının davamı olaraq həyata keçirilməlidir. Ona görə də, özəlləşdirmə prosesinin yubadılması mümkündür”.
İqtisadçı ekspert Qadir İbrahimli isə “Yeni Müsavat”a bildirdi ki, özəlləşdirmə proqramının həyata keçirilməsi üçün bir neçə il vaxt tələb olunur: “Elan olunan özəlləşdirmənin əsasları hazırlanmalıdır, yəni özəlləşdirməyə çıxarılacaq müəssisələr elan edilməlidir. Yalnız bundan sonra özəlləşdirmə prosesinə start verilir. Bu proses də ən azı bir neçə ay davam edəcək. Özəlləşdirilməyə çıxarılacaq müəssisələrin müəyyənləşdirilməsi, elan edilməsi prosesi bir müddət çəkə bilər.
Çox güman ki, iri dövlət şirkətlərinə daxil olan infrastruktur müəssisələr özəlləşdirilməyə çıxarıla bilər. Rabitə Nazirliyinin bəzi müəssisələri, neft şirkətinin hasilatla məşğul olmayan bəzi idarələri, nəqliyyat sahəsindəki bəzi müəssisələr və sair özəlləşdirilə bilər. Prinsipcə Azərbaycanda emal sektoruna və xidmət sektoruna aid bir çox müəssisələrin özəlləşdirilməsinin vaxtı çatıb artıq. Burada söhbət növbəti mərhələdə dövlət mülkiyyətində olan və təbii inhisarçı şirkətlərin özəlləşdirilməsindən söhbət gedir".
Ekspertin sözlərinə görə, özəlləşdirmənin dövlət üçün bir çox faydaları var: “Əgər müəssisə rentabelli deyilsə və dövlət də həmin müəssisələrə sərmayə qoymaq gücündə deyilsə, o zaman özəlləşdirməyə çıxarılır ki, yeni investor, yeni mülkiyyətçi həmin müəssisəyə yenidən sərmayə qoysun, dövlətin yükü azalsın. Burada həm dövlətin yükü azalır, həm də özəlləşdirmədən dövlətə müəyyən gəlirlər gəlir, həm də gələcəkdə müəssisə normal işləyəcəksə, dövlət yeni vergi mənbələri qazanır. Bu baxımdan özəlləşdirmənin dövlətə ziyanı yox, faydası var. Bir şərtlə ki, özəlləşdirmə şəffaf aparılsın və müəssisələrin profili dəyişmədən investor ona yatırımlar qoysun. Bu zaman özəlləşdirmə effektiv nəticə verə bilər”.
Cia.az
