Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. Yol xəritəsinin 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini, 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini əhatə etməsi müəyyənləşdirilib.
Ölkə başçısının sərəncamını qiymətləndirən Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov bunu çox önəmli sənəd hesab edir: “Orada əsasən Azərbaycanın iqtisadi inkişafının modeli, yol xəritəsi çəkilib. 2016-cı il, sonra 2016-2020-ci il, sonra 2020-2025-ci il və ondan sonrakı illər üçün tapşırıqlar verilib. 8 prioritet sahə müəyyən edilib. Bundan birincisi neft-qazdır, sonra kənd təsərrüfatının emalı, ağır sənaye və maşınqayırma, turizm və digər sahələr müəyyən edilib və hansı işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Çox mükəmməl bir sənəddir. Lakin bu sənədin üzərində çox ciddi iş tələb olunur. Çünki bu sənədin qəbul edilməsi kifayət etmir, onun həyata keçirilməsi üçün çox ciddi işlərin görülməsi tələb olunur”.
Proqramın qəbul edilməsi üçün müddətin uzadılmasına gəlincə, Vahid Əhmədov bildirdi ki, bu proqramı tez də qəbul etmək olmaz: “Amma 2016-cı il üçün qısa müddətdə qəbul etmək lazımdır. Bu da sərəncamda göstərilib. Növbəti illər üçün proqramı sonra da qəbul etmək olar. Bu ilin proqramı indi təsdiq olunmalıdır ki, biz iqtisadiyyatı ağır vəziyyətdən çıxara bilək. Bu məqamı mən də vurğulayıram ki, 2016-cı il üçün ayrıca proqram qəbul edilsin”.
İqtisadçı ekspert Azər Mehtiyev isə bu proqramın həyata keçirilməsi üçün qoyulan tarixin gecikdirilməsinə diqqət çəkdi: “Bizim də gözləntimiz bundan ibarət idi ki, indiki halda ölkə başçısı bir islahatlar proqramı qəbul edəcək. Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı artıq hazırlanmış sənəd təqdim olunacaq. Ancaq reallıq onu göstərir ki, hazırda hökumətdə belə bir işlənmiş, hazırlanmış sənəd yoxdur. Hələ bundan sonra bu istiqamətdə işlərə başlanılacaq. Diqqət yetirirsinizsə, sərəncamda göstərilir ki, işçi qrupu 6 ay müddətində diaqnostika aparmalı, müəyyən strategiya işləməli, 2020-ci ilə qədərki dövr üçün proqram, ondan sonrakı dövr üçün hədəfləri işləməlidir. Bu isə onu göstərir ki, bütün hazırlıq işləri hələ bundan sonra görüləcək. Təbii ki, ölkə iqtisadiyyatının böhranlı vəziyyətdə olduğu bir dövrdə itirilmiş bir zamandır. Ona görə ki, 2014-cü ildən başlayaraq dünya bazarında neftin qiyməti düşməkdə idi. 2015-ci il tam bir böhran ili oldu, hər kəs də bu vəziyyəti görürdü. Artıq çoxdan bir islahat proqramı ortada olmalı idi. Ancaq hökumət yalnız indi belə bir strategiyanın hazırlanmasına başlayıbsa, bunun hazırlanması, təqdim olunması, təsdiq olunması hamısı zaman tələb edir. 6 ay o deməkdir ki, bu sənəd ən yaxşı halda bu ilin sonuna təqdim olunacaq və gələn ilindən bunun icrasına başlanılacaq. Bu isə iqtisadiyyat üçün böyük bir zaman itkisidir”.
Ekspert bildirdi ki, bu xəritədə nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün bir sıra islahatların aparılmasına ehtiyac var: “Bu dəfə ölkədə idarəetmə aparatlarından, institutsional islahatlardan tutmuş, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən və qanunçuluğu bərpa edən məsələlər də olmalıdır. Bu dəqiqə ölkədə ən vacib məsələlərdən biri qanunların işləməməsi məsələsidir. Ən vacib məqam qanun qarşısında hər kəsin bərabərliyinin təmin olunmasıdır. İkinci bir məsələ kimi, azad məhkəmələrin olması təmin edilməlidir. Nə qədər ki, müstəqil məhkəmələr olmayacaq, o zamanadək biz sahibkarlığın inkişafından danışa bilməyəcəyik. Bunun davamı ki, ən vacib məsələ məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yol verilməməlidir.
Bu inhisarçılığın aradan qaldırılması istiqamətində addımların atılmasını tələb edir. Məmurların sahinkarlıqla məşğul olmasının qarşısını almaq üçün gəlir bəyannaməsi haqqında qanun qəbul edilməlidir".
Azər Mehtiyevin fikrincə, rəqabət mühitinin formalaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin olması, ölkədə investisiya mühitinin yaxşılaşdırılması da vacibdir: “O cümlədən xarici investorlar üçün ölkənin cəlbedici olması, dünyanın tanınmış brendlərinin ölkəyə cəlb olunması və emal sənayesində iştirakının təmin edilməsi üçün şərait yaradılmalıdır. Əks mərkəzləşmə islahatlarının keçirilməsinə ehtiyac var. Ölkədə yerli özünüidarəetmənin gücləndirilməsi və mərkəzləşmiş icra strukturlarının ləğv edilərək, səlahiyyətlərinin onlara verilməsinə ehtiyac var. Bu problemlər həll olunmadan, yalnız bir sahənin inkişafına dəstək verilməsi ölkə iqtisadiyyatının inkişafına gətirib çıxara bilməyəcək”.
Cia.az
