|
“Azərbaycan Türkiyədən heç vaxt imtina etməyəcək”
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri və onun yekunları siyasi şərhçilərin diqqət mərkəzindədir. Səfərə təsadüf edən regional şərtlər, ələlxüsus da Əliyevin qardaş ölkə üçün yetərincə mürəkkəb bir durumda Ankara gedərək Türkiyə xalqı ilə yerindəcə həmrəylik nümayiş etdirməsi, orada imzalanan  mühüm sənədlər və keçirilən toplantı, nəhayət verilən ortaq mesajlar gözlənildiyi kimi, dərindən təhlil edilməkdədir.
Onu da qeyd eləmək zərurəti var ki, Azərbaycanın dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə son məlum telefon danışıqları və İran səfərindən sonra türkiyəli həmkarı ilə tet-a-tet danışmamışdı. Bakı bu ərəfədə həmçinin, Rusiya və Avropa Birliyindən yüksək çinli emissarları qəbul eləmişdi. İstisna deyil ki, prezident Əliyev həm də bu mövzulardan dolayı Ankaraya, türkiyəli həmkarına müəyyən vacib çatdırışlar edib.
“Avropa Birliyi və Rusiyadan Bakıya ”emissar axını"nın güclənməsi ondan xəbər verir ki, Azərbaycanın mövqeyi dünyanın bu hissəsində hadisələrin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir - üstəlik, elə bir vaxtda ki, bu mövqe dünya güc mərkəzlərinin energetika, nəqliyyat və infrastruktur sahələri üzrə strategiyası ilə birbaşa əlaqəlidir. Qərbin Azərbaycanın resurslarından istifadə edərək, Avropanın ehtiyaclarını Rusiyadan yan keçməklə ödəmək və Rusiyanın blokadası üçün yararlanmaq istəyi də unudulmamalıdır".
Bu sözləri rusiyalı tanınmış ekspert Qriqori Trofimçuk rusdilli vesti.az saytına müsahibəsində deyib: “Rusiya tərəfindən bütün bu aktivliyin pərdəarxasında Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı problem də dayanmaya bilməz - hansı əlaqələr ki, Cənubi Qafqaz və Xəzər-Qara dəniz zonasında situasiyaya təsir edir və xüsusən də yaxın perspektiv üçün təsir edəcək. Ancaq buradaca vurğulamaq lazımdır ki, ikitərəfli Rusiya-Azərbaycan danışıqları çərçivəsində nə deyilməsindən asılı olmayaraq, Bakı Türkiyə qarşısında öhdəliklərindən heç vaxt imtina etməyəcək. Türkiyə ilə Azərbaycan arasında davam edən hərbi təlimlər öz-özlüyündə hər şeyi deyir. Odur ki, Rusiya ilə Azərbaycan hökumətləri arasında cari danışıqlarda heç bir xüsusi gizlin yoxdur. Bakının özünün əsas hədəfi bütün bu incə (həm də artıq olduqca təhlükəli) xətlər üzərində bacardıqca, nə qədər mümkünsə, uzun müddət balans yaratmaqdır”.
 

“Qriqori Trofimçuk: “Kreml də gec-tez “Bakı, yoxsa İrəvan” seçimini etməli olacaq”

 
Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiyaya ünvanlandığı və Ermənistana silah-sursat verilməsi ilə bağlı etiraz notası təkcə ilk yox, həm də belə bir format üçün test addımıdır.

“Bakı təbii ki, bu addıma böyük praktik ümidlər bəsləmirdi - xüsusən də Ermənistanın geriyə ”silahsızlaşdırılması" ilə bağlı. Ancaq bu, notanın hədəfinə də daxil deyildi. Silahlanma yetərincə bərabər həyata keçirilib və indi ikitərəfli münasibətlərdə istənilən böhran tam məntiqli olaraq yeni və xaraktercə daha sərt tələblərlə müşayiət oluna bilər" - qeyd edib ekspert.
 
Rusiyalı analitik hesab edir ki, Bakının Moskvaya birinci etiraz notasının “qradusu” daha sərt də ola bilərdi. “Ancaq iş ondadır ki, Rusiya hər iki ölkəyə - həm Ermənistana, həm də Azərbaycana silah təklif edir, verir. Onu da nəzərə almaq lazımdır ki, regional və qlobal konfliktlərin bundan sonrakı inkişafı Rusiyanın özünü də məcbur edəcək ki, Bakı və İrəvana kömək edilməsi formatında öz mövqeyini dəqiqləşdisrin - onlardan hansısa birini kənara qoymaqla. Təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də çoxvektorlu siyasət spektri sürətlə daralmaqdadır” - əlavə edib politoloq.
Cia.az