ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES, Mərkəzi Bankın analoqu) nəhayət, iki günlük iclasına yekun vurub. Martın 16-da keçirilən son iclasda uçot dərəcəsini 0,25-0,50faiz səviyyəsində sabit saxlamaqla bu il üçün planlaşdırılan faizlərin artım sayını 4 dəfədən 2 dəfəyə kimi azaldıb. FES iclasının nəticələrinə görə, dekabr iclasında 2016-cı ildə faizlərin 4 dəfə artımı planlaşdırılsa da, bunun sayı artıq 2-yə salınıb. FES 2016-cı il üzrə orta uçot dərəcəsi proqnozunu 1,4 faizdən 0,9 faizə, 2017-ci il üçün- 2,4 faizdən 1,9 faizə, 2018-ci il üçün isə 3,3 faizdən 3 faizə endirib.
Qurumun başçısı Canet Yellen açıqlamasında qeyd edib ki, faiz dərəcələrini artırmaq imkanının olması hələ bunu həyata keçirmək mənası daşımır: “Daha bir müddət faiz həddi uzunmüddətli orta səviyyədən aşağı qalacaq. İnflyasiya gözləntilərini isə reallıq kimi qəbul etmək üçün hələ tezdir. Baza inflyasiya göstəricisinin dayanıqlı artımına əmin olmalıyıq”. C.Yellenin sözlərinə görə, FES 2-3 il ərzində inflyasiyanın hədəf olaraq 2 faizə çatacağını proqnozlaşdırıb. O, qlobal maliyyə bazarlarının və dünya iqtisadi aktivliyinin risk təşkil etdiyini vurğulayaraq, ehtiyatlı davranacaqlarını bir daha xatırladıb. Qlobal iqtisadi artımın gözləniləndən yavaş olması uçot dərəcəsini artırılmamasının əsas səbəblərindən biridir. ABŞ əmək bazarının tam yaxşılaşması üçün hələ bir qədər müşahidə aparılmalıdır. FES bundan sonra da qərarlarını iqtisadi göstəricilərə əsaslanaraq verəcək. Uçot dərəcəsinin artım sayının azaldılması kreditləşmənin sərtləşdirilməsi nəzərə alınaraq verilib.
“Report”un analitik qrupu isə hesab edir ki, FES-in qərarı və açıqlamaları qlobal iqtisadi vəziyyətin sabit inkişafı və ABŞ iqtisadiyyatından gələn məlumatların müsbət olması halında aprel ayında uçot dərəcəsinin artırılması ilə nəticələnə bilər. Aprelin 26-27-də keçiriləcək növbəti iclasa qədər qlobal maliyyə bazarlarının bir qədər müsbət inkişafı proqnozlaşdırılır. Bu tarixə qədər fond birjalarının 5 faizə yaxın artması, neft qiymətlərinin 50 dollar/barelə qədər yüksəlməsi, qızılın 1 150 dollar/unsiyaya qədər ucuzlaşması ehtimal edilir. Digər bir variantda isə FES-in uçot dərəcəsini iyunun 14-15-də keçiriləcək iclasda artırılması ehtimal edilir. Hər iki halda bu tarixlərə qədər qlobal maliyyə bazarlarının kəskin neqativ dəyişiklik göstərməyəcəyi ehtimal olunur. “Məhz yay aylarında yenidən qlobal maliyyə bazarlarının azalmaya keçəcəyi, qızılın bahalaşacağı gözlənilir. Bu proses oktyabr-noyabr aylarına qədər davam edəcək. Lakin ilin sonuna doğru maliyyə bazarlarının sabitləşməsi proqnozlaşdırılır” deyə, analitiklər qeyd ediblər.
Rəşad Həsənov isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, FES-in qərarı Azərbaycana da təsir göstərəcək: “FED-in toplantısında uçot dərəcəsi artırılmadı. Amma bununla yanaşı, FES başqanının çıxışından da məlum oldu ki, növbəti dövrlərdə uçot dərəcəsinin artırılması gündəmdə qalır. Amma ümumiyyətlə, götürəndə FES öz növbəsində həm ABŞ iqtisadiyyatında baş verənləri, həm dünya iqtisadiyyatında baş verənləri paralel olaraq izləyəcək və qərarlar dəyişik ola bilər. Yəni FES rəhbərinin çıxışı növbəti toplantılar üçün yeni suallar ortaya çıxarır. Daimi olaraq bu istiqamətdə risklərin olduğunu göstərir. Amma buna baxmayaraq, bir neçə gün ərzində dünya valyutalarının ABŞ dollarına qarşı müəyyən dəyər itirməsi prosesi gedirdi. Xüsusilə inkişaf etməkdə olan ölkələrin valyutaları ABŞ dollarına qarşı iri rəqəmlərlə ifadə olunan dəyər itirirdi. Amma dünənki toplantıdan, FES-in uçot dərəcəsini artırmamasından sonra dolların mövqeyi zəifləməyə başlayıb. Birjalarda sürətlə ucuzlaşma gedir. Bu, təbii ki, milli valyutaların möhkəmlənməsinə müəyyən qədər dəstək göstərdi. Amma düşünürəm ki, bu proses uzun çəkməyəcək. Bu günə qədər qalxmış, bahalaşmış dolların bahalaşma faizi qədər ucuzlaşması ehtimalı var.
Bir neçə gündən sonra isə yenidən birjalarda sabitlik yaranacaq və dollar müəyyən qədər itirilmiş mövqeyini bərpa edəcək. Təbii ki, proses növbəti toplantıya yenidən dolların möhkəmlənməsi ilə davam edəcək. Bu baxımdan götürəndə FES-in qərarının Azərbaycan üçün də müəyyən əhəmiyyəti var. Milli valyuta olan manatın məzənnəsi avronun birlikdə təmsil olunduğu səbətin nəticəsində formalaşır. Hazırda dolların avroya qarşı məzənnəsini itirməsi nəticəsində növbəti günlərdə biz müşahidə edəcəyik ki, Mərkəzi Bankın məzənnələrində dolların mövqeyi zəifləyəcək manata qarşı. Lakin uzunmüddətli proses deyil və hər hansı bir ajiotaj yaranmasına da səbəb yoxdur”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, FES-in bu qərarı gözlənilən idi: “Dollar dünyada az da olsa ucuzlaşdı, bu, neftə də təsir etdi, qiymət 1 dollar qalxdı. FES-in açıqlaması onu göstərdi ki, bu il 4 yox, amma 2 dəfə faiz artacaq. Yəni dolların dünyada ucuzlaşması müvəqqətidir”.
Qeyd edək ki, son günlər Azərbaycan bankları xeyli dollar alıblar. Məsələn, martın 11-də Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 68,4 milyon dollar məbləğində vəsait 25 banka satılıb. Bəzi ekspertlər bankların dollar almasını FES-in toplantısına hazırlıq kimi qiymətləndirirlər. Yəni banklar dolların bahalaşmasına hazırlaşaraq bu addımı atıb. Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankların son vaxtlar kütləvi olaraq dollar alması FES-dən gözlənti ilə bağlı deyil: “Banklar onu gözləmirdilər. Çünki gözlənilirdi ki, uçot dərəcəsində artım olmayacaq, əksəriyyət bu fikirdə idi. Bankların daxildə də gözləntiləri var, məsələn, devalvasiya. Yəni banklar devalvasiyanın davam etməsini gözləyirlər. Buna görə dollar yığırlar. Milli valyutamıza etibar etmirlər. Bu proses bitməyib. Ona görə də dollar yığmaqda da davam edəcəklər”.
Xatırladaq ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz rekord aşağı səviyyə ilə 0,25 faiz artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375 faiz təşkil edir.
Cia.az
