|
Avropa Birliyi Qarabağ təşəbbüskarlığını gücləndirir
Türkiyə Azərbaycanın, Rusiya isə işğalçı Ermənistanın 1 nömrəli və sınanmış müttəfiqləri  olaraq qalır. Diqqət çəkən məqamlardan biri də odur ki, cəmi bir neçə günlük fasilə ilə az öncə prezident İlham Əliyev Türkiyəyə, Ermənistan başçısı isə Rusiyaya səfər elədilər. Əliyev Ərdoğanla, Sərkisyan isə Putinlə bir araya gəldilər. 
Lakin siyasi təhlilçilər İlham Əliyevin Ankara səfərini daha məzmunlu və önəmli hesab edir, nəinki Sərkisyanın Moskva səfərini. Bəs iki səfər və onlar çərçivəsində səslənən bəyanatlar Dağlıq Qarabağ problemi ətrafındakı situasiyaya hansı təsirləri göstərə bilər? Politoloqların bu yöndə fikirləri maraqlıdır.
“Moskvaya səfər edən Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyadan əliboş qayıdıb”. Bunu politoloq Rasim Musabəyov deyib. Ekspert Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının siyasi əhəmiyyətinə işıq salaraq deyib: “Bu görüş iki qardaş ölkənin sarsılmaz müttəfiqliyinin bir daha əyani nümayişi idi. Tərəflər regionda və dünyadakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıblar, eyni zamanda TANAP layihəsinin sürətləndirilməsi və Bakı-Tiflis-Qars dəmiryolunun ilin sonunadək tamamlanması barədə razılığa gəliblər. Dəyəri milyardlarla ölçülən bu layihələr regionla yanaşı, dünya üçün də əhəmiyyətlidir. İki ölkə hökuməti arasında hərbi əlaqələrin inteqrasiyası, həmçinin, iqtisadiyyatın həcminin 20 milyard dollara çatdırılması qarşıya qoyulan əsas vəzifələrdir. Prezident İlham Əliyev Ankarada çox səmimi qarşılandı. Ancaq bu yaxınlarda Moskvaya səfər edən Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyadan əliboş qayıtdı. Ermənilər bu dəfə yeni kredit, investisiya, qazın qiymətində güzəşt istəmədilər, atom stansiyasının tikintisindən danışmağa cürət belə etmədilər. Putin Sərkisyanın erməni sərgisi və tarix muzeyinin açılışına dəvətini nəinki qulaq ardına vurdu, heç ”sadiq" vassalı ilə şam yeməyinə belə ehtiyac duymadı. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur".
Bu arada Ermənistanda Rusiyanın öz milli maraqları naminə forpostunu sata biləcəyindən dolayı növbəti təlaş baş qaldırıb. “Ermənistan Rusiyanın onu Azərbaycana satacağından qorxur”. Erməni politoloq Stepan Qriqoryan yerli mediaya açıqlamasında bununla bağlı həyəcan təbili çalaraq xəbərdarlıqlar edib və Sərkisyan rejiminin öz siyasətində təcili dönüş etməsi təklifini irəli sürüb. 
“Türkiyə mümkün Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsi üçün əlindən gələn hər şeyi edir. Hazırda Rusiya da Azərbaycanı Türkiyənin yanından ayırmaq üçün hər şeyə hazır vəziyyətdədir. Yəni Moskva Bakının istədiyi güzəşti etməyə, əvəzində onun Avrasiya İqtisadi İttifaqına daxil olmasına nail olmağa çalışır. Azərbaycan əvvəl də bildirib ki, ittifaqa yalnız Qarabağ münaqişəsi həll edildikdən sonra daxil olacaq. Bu, Azərbaycanın şərtidir. İndiki məqamda Rusiya Azərbaycanı itirməmək üçün Qarabağ münaqişəsini Bakının xeyrinə həll etməyə hazır görünür”, - deyə o iddia edib.
 
Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə sıx şəkildə yaxınlaşması Rusiyanı bu istiqamətdə təcili nəsə etməyə məcbur edir: “Faktiki olaraq, Rusiya Azərbaycanı itirmək istəmir. Ümumiyyətlə, bu fikri yaxına belə buraxmır və Bakıya mesaj göndərir ki, biz sizin haqqınızda düşünürük, hətta lazım olsa, Ermənistanın maraqlarını unutmağa hazırıq. Rəsmi İrəvan indi buna qarşı ciddi reaksiyalar verməlidir. Yoxsa hər şey gec olacaq”.
Əslində erməni ekspertin sözləri İlham Əliyevin son və uğurlu Türkiyə səfəri fonunda yetərincə aktual görünür. Çünki bu səfər iki qardaş dövlət arasında hərbi-siyasi müttəfiqliyin yeni mərhələyə adlaması ilə yadda qalıb. Ermənistan Türkiyə-Azərbaycan müttəfiqliyindən, xüsusən də hərbi sahədə gündən-günə dərinləşən əməkdaşlığından həmişə ehtiyat edib. 
Bu yaxınlıq sözsüz ki, Moskvanı da qane eləmir. Demək, Rusiyanın Azərbaycanı öz orbitində saxlamaq üçün ölkəmizə dıqqəti artıracağı istisna deyil. Hər halda Ermənistan onsuz da onun ovucunun içindədir. Moskvanın Azərbaycanı öz yanında saxlaması və Avrasiya Birliyinə cəlb eləmək üçün ən güclü rıçağı isə məhz Dağlıq Qarabağ problemidir. 
 
Ancaq Kremlin məsələnin həllində real irəliləyişə yardımçı olmaq istəyi hələ ki, görünmür. O üzdən Azərbaycan üçüncü on ildir davam edən münaqişənin həllində başqa formatlar tapmağa və status-kvonun dəyişməsinə çalışır.
Bu barədə son olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşdə bir daha danışıb. Azərbaycanla təşkilat arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldığı görüşdə nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib, konfliktin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu diqqətə çatdırıb. 
 
Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu söyləyən Məmmədyarov əlavə edib ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini də nəzərə çatdırıb.
 
***
“Trend”ə müsahibəsində isə Herbert Salber Avropa Birliyi və Azərbaycan arasında strateji saziş üzrə danışıqların əsas mərhələsinin cari ilin yayında başa çatacağını deyib. Onun sözlərinə görə, ikitərəfli tərəfdaşlıq üzrə yeni saziş AB-Azərbaycan əməkdaşlığının bütün aspektlərini əhatə edəcək, bundan başqa, sənəddə Dağlıq Qarabağ münaqişəsi də əksini tapacaq: “Yeni ikitərəfli saziş üzrə formal danışıqları başlamaq üçün Avropa İttifaqı iştirakçı ölkələrin icazəsini almalıdır ki, bu da mütləq ilkin şərtdir”.

Xüsusi nümayəndə Azərbaycana başa çatmış səfərini müsbət qiymətləndirərək bildirib: “Biz ikitərəfli əməkdaşlığın tam spektrini, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etdik, AB nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların detallarını dəqiqləşdirdik”. Selber qeyd edib ki, AB və Azərbaycan arasında münasibətlərin yaxşı inkişaf perspektivləri var: “Bu yaxınlarda Moqerininin Azərbaycana səfəri tərəflərin ikitərəfli əməkdaşlığa sadiqliyini təsdiq etdi”.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, xüsusi nümayəndəsi vurğulayıb ki, münaqişənin nizamlanmasına yalnız bu prosesdə hər iki tərəfin iştirakı ilə nail olmaq mümkündür: “Beynəlxalq ictimaiyyət münaqişənin tənzimlənməsi üzrə təkliflər irəli sürə bilər, lakin seçimi münaqişə tərəfləri etməlidir. Münaqişənin həlli üzrə danışıqlar 20 ildən artıqdır davam edir, onun nizamlanması ilə bağlı bir çox yollar təklif edilib və məsələ tərəflərin seçimindədir”.
AB-nin xüsusi nümayəndəsinin sözlərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycanla imzalanacaq yeni əməkdaşlıq sənədində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı birmənalı şəkildə vurğulanacaq. Əslində Azərbaycanın əsas şərtlərindən biri elə budur və ən önəmlisi, bu şərt beynəlxalq hüquq normalarına, ATƏT prinsiplərinə əsaslanır. 
 
Başqa yandan, AB-nin qanunverici orqanı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü təsbit edən, Ermənistanı isə işğalçı kimi tanıyan, ondan işğal elədiyi ərazilərdən çıxmağı tələb edən qətnaməsi var. Bu mənada ikitərəfli əməkdaşlıq haqda yeni sənədin hazırlanmasına başlanmasını təşkilatın Qarabağ təşəbbüskarlığını gücləndirmək istəyi kimi də qəbul eləmək mümkündür. 
 
Maraqlıdır ki, bu təşəbbüskarlıq zaman etibarilə Ermənistanda Rusiya ilə bağlı baş qaldıran narahatlıqla üst-üstə düşür. Məsələ də ondadır ki, Azərbaycanın Türkiyə ilə yanaşı, AB ilə əməkdaşlığı Moskvanı məmnun eləmir. Rusiya çox istərdi ki, Azərbaycan məhz onun dominant olduğu qurumlarda - Avrasiya Birliyi və KTMTD-də təmsil olunsun. Ancaq nəyin qarşılığında? Bakının Qarabağ şərti təmin ediləcəkmi? Doğrudanml Azərbaycanı itirməmək naminə o, Dağlıq Qarabağı Bakıya qaytaracaq?  
Hər necə olmasa, önümüzdəki dövrdə AB ilə Rusiya arasında virtual da olsa Qarabağ təşəbbüskarlığı uğrunda mübarizənin güclənəcəyini güman eləmək olar.
Cia.az