|
Siyasətçilərin siyasətdə olan və olmayan övladları

Onların hamısı bu yolu atalarının diktəsi olmadan, könüllü tutduqlarını deyir...
Qanunauyğunluq olmasa da, siyasətçi övladları bir qayda olaraq siyasətdə təmsil olunurlar. Onlar bəzən hətta bütün gəncliklərini öz valideynləri kimi siyasətə həsr edir, bu yolda müxtəlif təzyiqlərlə, çətinliklərlə üzləşirlər. Misal olaraq Müsavat Partiyasının hazırda həbsdə olan başqan müavini Tofiq Yaqublunun qızları Nigar və Nərgiz Yaqubluları göstərmək olar.
Ancaq partiyanın rəhbərliyində təmsil olunan elə şəxslər də var ki, onların övladları siyasətdən tamamilə uzaqdır. Öndə olan siyasətçilərin övladlarının bir neçəsindən siyasətə gəlmə və ya əksinə, siyasətdən uzaq durmalarının səbəbini öyrənməyə çalışdıq.
Müsavatın keçmiş başqanı İsa Qəmbərin böyük oğlu, minval.az saytının redaktoru İlkin Qəmbər bizimlə söhbətdə şəxsi azadlığını qorumaq üçün heç bir partiyanın üzvü olmadığını bildirdi: “Mənim üçün şəxsi azadlığım çox önəmlidir. Ona görə də hansısa bir partiyanın və təşkilatın üzvü deyiləm. Nəticə etibarı ilə də hərəkətlərimdə və dediklərimdə daha rahatam. Gələcəkdə də siyasətlə məşğul olacağımı düşünmürəm. Məni maraqlandıran digər sahələr mənə görə daha uyğundur, nəinki siyasi fəaliyyət. Düşünürəm ki, istedadım digər sahələrdə həm cəmiyyət, həm də özüm üçün daha xeyirli ola bilər”.


Tofiq Yaqublunun qızı Nigar Yaqublu isə 2009-cu ildən partiya üzvü olduğunu deyir: “Öz istəyimlə partiyaya üzv olmuşam. Atam heç vaxt bizə demirdi ki, üzv olun. Biz Nərgizlə özümüz dedik ki, Müsavata üzv olmaq istəyirik. Gələcəkdə siyasi fəaliyyətlə məşğul olacağam ya yox, bunu deyə bilmərəm. Dünyanın işini bilmək olmaz. Əsas məqsəd və niyyət gələcəkdə normal insanlar kimi yaşaya bilməkdir”.

Müsavat Partiyası Şəki rayon təşkilatının sədri Həbibulla Manaflının oğlu Rövşən Manaflı Müsavat Partiyasının üzvü olsa da, bu sətirlərin müəllifi - onun qızı olaraq mən heç bir partiyanın üzvü deyiləm. Gələcəkdə də olmağı düşünmürəm. Fikrimcə, jurnalist heç bir partiyanın üzvü olmamalı, hadisələrə gerçək nöqteyi-nəzərdən və obyektiv yanaşmalı, partiya mövqeyindən çıxış etməməlidir.

AXP sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn 1999-cu ildən hərəkatda olduğunu bildirdi: “Ümumi götürdükdə siyasi hərəkata 1996-cı ildən qoşulmuşam. Siyasi partiya siyasi fəaliyyətin qurumlaşmış, həm də yeganə legitim formasıdır. Mən Azərbaycan Xalq Partiyasının üzvüyəm, sonadək də bu partiyanın üzvü olaraq qalacağımı düşünürəm. Bizim yolumuz müsavatçılıq, Rəsulzadə və Elçibəy yoludur”.//Musavat.com