|
Səhnəmizin “alma” və “armud”ları

Artıq çəkisi olan xanımları ilk növbədə tez bir zamanda arıqlamaq tələşlandırır. Elə bu təlaş nəticəsində arıqlamağı qarşısına məqsəd qoyan zərif cinsin nümayəndələri kor-koranə pəhrizə başlayırlar. Çoxları internetdən, bəziləri radio-televiziya, əksəriyyəti rəfiqəsi, qonşusu və ətrafında olan digər insanların pəhrizlərindən yararlanır. Lakin onlar unudurlar ki, hər kəsin bədən quruluşu, bədən tipi fərqlidir. Barmaq izləri fərqli olduğu kimi, hətta əkizlərin belə, bədən və çəkiləri fərqli olur. Beləliklə də, qulaqdan-qulağa eşidilən və tətbiq edilən pəhriz nümunələri qadınları bəzən arzularına çatdırmır, əksinə, daha çox xəyal qırıqlığına uğradır. Qarnı əriyənin çiyinləri əvvəlki formasında qalır, çiyinləri yığışanların ombası çəki itirmir, qolları arıqlayanın qılçaları daha çox çəki alır və s. Məhz buna görə də dietoloq-uzman Leyla Zülfüqarlı qadınları bədən tiplərinə görə arıqlamağı və arzuladıqları çəkiyə düşmələrini məsləhət görür. Aile.lent.az mütəxəssisin qadın bədən tipləri təfsilatını təqdim edir.

Qadınların bədən tipi 3 yerə bölünür: qum saatı (ektomorfi), alma (android) və armud (ginoid).

1. Qum saatı (ektomorfi) bədən tipi

Bu bədən tipi əsasən yağı bədənə gec yığır, gec kökəlib, tez arıqlayanlardır. Qum saatı bədən tipinə Azərbaycan səhnəsinin bir neçə xanımını misal çəkmək olar. Onların daimi formada olmasına səbəb də məhz düzgün konfiqurasiyalarının olmasıdır: “Bu bədən tipinə malik olan xanımlar pəhriz saxlamasalar, idman etməsələr belə, Tanrıdan bəxş edilən gözəl bədən quruluşu onlarda stabil qalır. Məsələn, aparıcılar Vüsalə Əlizadə, Afaq Gəncəli, Xoşqədəm Baxşəliyeva, rəqqasə Oksana, müğənnilər Nura Suri, Gülyaz, Gülyanaq bacıları, Sevda Yəhyayeva, Natəvan Həbibi, Röya, Elnarə Xəlilova. Elnarə xanım 3 uşaq anasıdır, hətta 4-cü övladına hamilədir, lakin yenə də nadir analardandır ki, bədən quruluşunu itirməyib. Xoşqədəm xanımın hamiləliyinin 8-ci ayında olmasına baxmayaraq, artıq çəki almamasına səbəb də məhz “Qum saatı” bədən tipinə uyğun gəlməsidir”.

2. Alma (android) bədən tipi

 

Böyük qarın, dolğun sinə və qarın bərabərinə qədər genişlənən çiyinlə aşağı ətrafın nisbətən nazikləşərək “V” şəklinə bənzəməsi “alma” bədən tipi adlanır. Azərbaycan qadınlarında daha çox bu vücud tipinə rast gəlinir: “Alma” bədənli xanımlarda çəki daha çox qarın çərçivəsində yoğunlaşır. Bu vücud tipinə sahib olan xanımlar qidalanmalarına çox diqqət etməlidirlər. Çünki onların bədənləri kilo almağa çox meylli olurlar və bədənin konturlarını erkən pozaraq yaşlanmanı daha tez yaxalayırlar. Bu cür bədən tipinə misal səhnəmizin “Toppuş bacı”sı adlandırılan sevimli aktrisamız Tünzalə Əliyeva, digər aktrisa Xuraman Əlizadə və bir çox müğənniləri misal çəkmək olar”.

3. Armud (ginoid) bədən tipi

 

Ən çox yayılan bədən tiplərindən biri də “armud” bədən tipidir. Az qarın və daha çox aşağı ətraf, ayaqlarda kilolara və yuxarı ətrafın aşağı ətrafa nisbətdə daha kiçik olması bu bədən tipinin xüsusiyyətidir. Əsasən "A" hərfi quruluşu aldığına görə “Armud” bədən tipi adını alıb: “Bu tipə sahib olan qadınlar fit və gözəl vücuda malik olmaları üçün qidalanma qaydaları daim düzgün olmalı, fiziki aktivlikləri nizamlı bir ritm içərisində olmalıdır. Yemək payları kiçik, yeməkləri yağsız, tərəvəz və protein ağırlıqlı olmalıdır. Qeyd edim ki, əks cinsin nümayəndələri olan kişilər tərəfindən ən çox bəyənilən bədən tipi məhz “Armud” və “Qum saatı”dır. Bu tipə səhnəmizdən bir çox nümunələr çəkə bilərik: Aygün Kazımova, Təranə Mahmudova, Günay İbrahimli, İlhamə Qasımova, aparıcı Nanə Ağamalıyeva, Xədicə Sənanqızı və s.”.

Dietoloq-uzman L. Zülfüqarlı qadınlara məsləhət verməyi də unutmadı: “Yeganə və ən vacib məsələ budur ki, xanımlarımız dəb üçün arıqlamasınlar. Məhz bədən tipinə görə pəhriz saxlamaq və qidalanmaq daha vacib və doğrudur”.

Cia.az