|
Nazirlik Dünya Bankının hesabatını müzakirə etdi

Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2016" hesabatında Azərbaycan dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

Bunu İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə keçirdiyi tədbirdə bildiriblər.

Nazir müavini Sahib Məmmədov deyib ki, ötənilki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Belə ki, "Doing Business 2016" hesabatında ölkəmizin ötən illə müqayisədə mövqeyi 17 pillə yaxşılaşaraq, 189 ölkə arasında 80-ci yerdən 63-cü yerədək yüksəlib. “Hesabatın əsas göstəricisi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 67.8-ə yüksəlib ki, bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsini bir daha təsdiq edir”, -deyə S.Məmmədov qeyd edib.

Tədbirdə "Doing Business" hesabatının müvafiq göstəricilərinin qiymətləndirilməsi üzrə metodologiyaya edilmiş dəyişikliklərlə bağlı məlumatlar verilib.

Dünya Bankı Qrupunun özəl sektorun inkişafı üzrə ekspertləri Valentina Saltane və Volha Hritskeviç hesabatın metodologiyasına edilmiş və nəzərdə tutulan yeni dəyişikliklər barədə danışıblar.

Ötən ilki hesabatla müqayisədə "Doing Business 2016" hesabatına "Tikinti üçün icazələrin alınması", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Müqavilələrin icrası" və "Əmlakın qeydiyyatı" göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilməklə qiymətləndirmə metodologiyasında dəyişikliklər olunub.

Cia.az