|
Prezidentin Ankara sәfәri kimlәri qıcıqlandıracaq?
Azərbaycan prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfəri hər iki ölkənin mətbuatı və ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Heç şübhəsiz, bu səfər ölkəmizə müsbətlərlə yanaşı, azacıq da olsa, mənfilər də gətirə bilər. Belə ki, səfər ilk növbədə, Türkiyə ilə münasibətlərində hələ də gərginlik yaşanan Rusiyada qıcıq yarada bilər. 
Bu mənada Azərbaycan prezidentinin qardaş ölkəyə səfəri təkcə terror faciəsində Türkiyənin yanında olmasını göstərmədi, eyni zamanda ölkəmizin Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Ekspertlərə görə, bu, Azərbaycanın təhlükəsizliyinə müəyyən problemlər yarada bilər. Ölkəmizin hətta bu səfərdən sonra Türkiyəyə düşmən kəsilən İŞİD və PKK kimi terror təşkilatlarının hədəfinə gələ biləcəyindən ehtiyatlananlar da az deyil.

Politoloq Qabil Hüseynli ölkə başçısının Ankara səfərini comərd addım kimi dəyərləndirdi: “Türkiyə özünün ağır günlərini yaşayır. Artıq son 5 ayda üçüncü terror hadisəsi törədilib. Ölkənin siyasi elitası, əhalisi böyük sarsıntı içərisindədir. Belə bir zamanda prezidentimizin Türkiyə səfəri həm Ankaranın imicini qaldırmaq, həm də Ərdoğanın nüfuzunun yüksəlməsi baxımından böyük əhəmiyyətə malik idi. Azərbaycan nümayiş etdirdi ki, təkcə xoş günlərin deyil, çətin günlərin də dostudur. İki türkdilli dövlət bir-birilərini müdafiə etdiklərini dünyanın gözü qarşısında bəyan etdilər. Bu, Azərbaycan tərəfdən göstərilən misilsiz bir əxlaq nümunəsi idi. Azərbaycan isbat etdi ki, Türkiyə ilə sözdə deyil, işdə qardaşdır».
 
Politoloq səfərlə Azərbaycanın verdiyi mesajlara da toxundu: “Bu səfər həm də Türkiyə və Azərbaycanı istəməyənlərə verilən mesaj idi. Söhbət burada Rusiyadan gedir. Ölkəmiz çox çətin riskə imza ataraq, Türkiyəyə çətin şəraitdə dəstək verdi. Bu, Rusiya daxilində müsbət ovqat yarada bilməz. Amma bu vəziyyət Azərbaycan rəhbərliyini qətiyyən narahat etmir. Çünki yaxşı bilirik ki, dar günümüzdə yanımızda olacaq yeganə dövlət Türkiyədir. Azərbaycanın hərəkəti türk dünyasına da yönəlik müsbət mesaj idi. Heç şübhəsiz ki, səfərdə verilən mesaj türkdilli dövlətlərin şüurlarında müsbətlər yaradacaq. Türkiyə açıq şəkildə deyir ki, Qarabağ təkcə Azərbaycanın deyil, eyni zamanda onların məsələsidir. Bundan sonra Qarabağ məsələsində Türkiyənin dəstəyinin daha da artacağı istisna deyil. Bir sözlə, ölkə başçısının səfəri tarixi bir səfərdir və Azərbaycan-Türkiyə dostluğunu, əməkdaşlığını daha da yüksəklərə qaldıracaq”. 

Q.Hüseynli Azərbaycan prezidentinin Türkiyə səfərinin gətirə biləcəyi mənfi istiqamətlərə də nəzər saldı:“Bu məsələni istəməyən tərəf yalnız Rusiyadır. Amma Rusiya anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir və strateji maraqlarını özü müəyyən edir. Bu səfərdən sonra İŞİD və PKK kimi terror təşkilatlarının qəzəbinə gələ bilərik. Azərbaycanın asayişi qoruyan orqanlarının bu sahədə böyük təcrübələri var. Amma bütün Azərbaycan xalqı ölkəmizə qarşı işlənə biləcək terror hadisələrinə görə ayıq-sayıq olmalıdır. Ölkənin təhlükəsizliyi üçün bütün ictimaiyyət səfərbər olmalıdır. Bu təkcə hüquq-mühafizə orqanlarının vəzifəsi olmamalıdır”.
 
Sabiq MTN zabiti İlham İsmayıl hesab edir ki, terror təşkilatları İlham Əliyevin Ankara səfərini başqa cür qiymətləndirəcəklər: “Terror təşkilatları deyəcəklər ki, istədiyimizə qismən çatdıq, çünki Ərdoğanın səfərlərinə mane olduq. Məsələnin mənfi tərəfi odur ki, terrorçunun tələbləri yerinə yetirilərsə, daha irəli gedir. Prezident Ankaraya getməmişdən əvvəl demişdim ki, Ərdoğan gəlməsə, İlham Əliyev ora getsə, bu, terrorçunun tələblərinin həyata keçməsi deməkdir. Bu baxımdan mümkündür ki, Azərbaycan hədəfə gəlsin. Amma bunun reallığı çox azdır. Çünki hədəf Türkiyədir. Türkiyə terror təşkilatlarından başqa Rusiya kimi də dövlətin hədəfidir. Azərbaycanın bu məqamda Türkiyənin yanında olması təbii ki, Rusiyada qısqanclıq yaradacaq. Putinin aqressivliyi Azərbaycana da sıçraya bilər. Terror təşkilatlarından daha çox Rusiyanın hədəfinə gələ bilərik. Ehtiyatımızı əldən verməməliyik. Bəlkə də Azərbaycanın növbəti diplomatik gedişləri Rusiya ilə bağlı olacaq. Buna çalışmaq da lazımdır. Onun hədəfinə gəlmək bizə lazım deyil. Rusiyadan zaman-zaman təhdid, təzyiqlər görmüşük. Onların terror törətmək imkanları daha çoxdur. Çünki terror təşkilatları ilə əlaqələri genişdir. Azərbaycan rəhbərliyi atmalı olduğu addımları daha yaxşı bilir”.
 
İqtidaryönlü deputat Fəzail Ağamalı Əliyevin riskə söykənən səfərinin Türkiyə ilə münasibətlərdə müsbətə doğru atılan daha bir addım olduğunu qeyd etdi: “Ərdoğanın iki dəfə Bakıya səfərinə əngəl yaradılması düşünülmüş addım idi. Düşmənçilik mövqeyi ortada açıq şəkildə görünür. Ərdoğan Bakıya gəlməsinin üzərində son ana qədər qətiyyətlə dayanırdı. Amma ölkə prezidentinin özünün Türkiyəyə səfəri qardaş ölkəyə, onun rəhbərinə dostluğunun nümayişi oldu. Bu addım kifayət qədər riskli idi. Cənab prezidentin ən müsbət cəhətlərindən biri qətiyyətli və cəsarətli olmasıdır. Bunu bir daha ortaya qoydu. Dünyaya açıq mesaj verildi. Azərbaycan, şükürlər olsun ki, terror təhlükəsindən uzaqdadır. Amma istənilən an bu təhlükə bizə də sıçraya bilər. Ölkə başçısı bunları göz önünə gətirərək, müstəqil dövlət olduğumuzu bir daha nümayiş etdirdi. Səmimi şəkildə bildirirəm ki, prezidentimlə fəxr edirəm. Prezidentimiz Türkiyəni, türk xalqını sevən bir şəxs kimi gözümüzdə bir daha ucaldı. Bütün Azərbaycan xalqı bu düşüncəni özündə daşıyır. Bu səfər yeni səhifənin açılması deməkdir. Türk xalqının bizə münasibətini bu səfər bir daha özündə ehtiva edəcək”.
Cia.az