Deputat Fazil Mustafa REAL sədri İlqar Məmmədovla bağlı mübahisə doğuracaq fikirlər səsləndirib. Jurnalist Əvəz Zeynallının “Qaynar qazan” layihəsi çərçivəsində sualları cavablandıran F.Mustafa İ.Məmmədovu vaxtilə Milli Məclisi zoopark adlandırdığına görə yenidən tənqid edib və “artıq bu tərbiyə ilə bir adamı prezidentliyə buraxmaq olmaz”,- deyə bir neçə il əvvəlki söhbətə yenidən diqqət çəkib.
“İlqar Məmmədov məsələsinə də mənim sərt reaksiya verməyim, İlqar Məmmədovun şəxsiyyətilə bağlı deyildi ki... İlqar Məmmədov deyir ki, ”Milli Məclis zooparkdır, orada oturanlar da heyvanlardır". Artıq bu tərbiyə ilə bir adamı prezidentliyə buraxmaq olmaz. Mənim imkanım olsa, bu adamı buraxmaq olmaz. Çünki adam demokrat ola bilər, amma bu gün hakimiyyətdə də olmadığı üçün ona ən azı insanların rəğbəti lazımdır. Təkcə müxalifətin rəğbəti əsas deyil ki, həm də hakimiyyətdəkilərin rəğbətini qazanmaq lazımdır. Əgər siyasətdəsənsə... Hakimiyyət təkcə 5-10 nəfərdən ibarət deyil ki...
Bu gün hakimiyyəti dəstəkləyən, ən azı o sistemin içində olan yüz minlərlə insan var. Bu insanlar bilsələr ki, sən onları heyvan yerinə qoyacaqsan, səni hakimiyyətə buraxar? Sənin xeyrinə səs verər? Əbülfəz Elçibəyin bunların hamısından böyüklüyü nə idi? Əbülfəz Elçibəyin hətta fikirləri, düşüncələri bəzilərinə tərs də olsa, hamı bilirdi ki, onun bir ziyalılıq əmsalı, humanizm modeli var. Bu humanizm modeli də kiminsə nahaqdan başını bıçağın altına qoyub kəsməyəcək. Amma bu adamlar, bu obrazlar özlərinin hikkələrinə görə istənilən başı kəsə bilərlər. Bu demokratiya həm də görüntü olaraq demokratiya görüntüsüdür... Ziyalılıq əmsalı bu adamlarda çox aşağıdır",- deyə F.Mustafa köhnə məsələyə yenidən rəy bildirib.
Məsələ ilə bağlı REAL-ın icra katibi Natiq Cəfərli musavat.com-a açıqlama verib. O bildirib ki, bir cümlə ilə bir liderin bütün fəaliyyətini qiymətləndirmək, həmçinin kölgə salmaq olmaz: “Nə REAL Hərəkatında, nə İlqar Məmmədovda heç vaxt qisasçılıq hissi olmayıb. Ölkədə normal şəkildə seçkinin təmin olunması üçün əlimizdən gələni bu günə qədər etmişik. Ona görə də, obrazlı desək, bu yöndə tonlarla təkliflər də vermişik. Həmin bir cümlədən çıxış edərək İlqar Məmmədova qiymət vermək doğru deyil. Onun həmin anda olduğu vəziyyəti də başa düşmək lazımdır. Həmin deputat da yəqin İlqar Məmmədovun yazdığı onlarla, yüzlərlə məqalələrdən xəbərdardır. İlqar Məmmədovun onlarla, yüzlərlə məqalələri, araşdırmaları olub. Sistem dəyişiklikləri ilə bağlı, problemlərlə bağlı çox sayda məqaləsi olub. O, artıq üç ildən çoxdur ki, heç bir günahı olmadan həbsdədir, orada da fəaliyyətini dayandırmayıb. Bloqunda da, mətbuatda da onlarla yazıları çıxıb. Müxtəlif problemlərlə bağlı təkliflər verib. Dağlıq Qarabağ problemindən tutmuş iqtisadi problemlərə qədər, bir çox məsələlərə münasibətini bildirib. Həm də Azərbaycanda azad və demokratik seçkilər olacaqsa, o zaman xalq qərar verəcək ki, kim prezident olmağa layiqdir.
Onu bir nəfərin fikri müəyyən etməyəcək. Ona görə hamımızın ən böyük istəyi, arzusu odur ki, Azərbaycanda sivil qaydalarda keçid dövrü olsun, normal demokratik, azad seçkilər olsun. O zaman xalq kimə səs verəcəksə, o da prezident olacaq. Ölkənin gələcək taleyini, gələcək inkişafını o və onun komandası müəyyən edəcək. Əgər lap dərinə getsək, REAL Hərəkatı ümumiyyətlə Azərbaycanda parlament respublikasının tərəfdarıdır. Biz bunun üçün çalışacağıq. Bu günə qədər də bu fikri cəmiyyətdə geniş yaymağa çalışmışıq. REAL-ın seçkilər yolu ilə hakimiyyətə gəlmə şansı olan kimi addım-addım Azərbaycanda parlament respublikasının qurulmasına çalışacağıq. Bu yolda da qanunvercilikdə və konstitusiyada dəyişikliklər təklifi olacaq. Yəni buna görə də bizim hədəfimiz demokratik, azad seçkilərin keçirilməsidir. Bunun üçün çalışırıq. Bu zaman xalq öz sözünü deyəcək, kim layiqdirsə, iqtidarda təmsil olunacaq”.
Cia.az
